Göyçay şəhərində "Aqroturizm və Məşğulluq” festivalı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı təşkil edib.
TEZADLAR.AZ xəbər verir ki, festival çərçivəsində 10 rayon və şəhərdən 40-a yaxın kənd turizmi və aqroturizmlə məşğul olan şəxsin təsərrüfatlarının və əl işlərinin təqdimatı keçirilib. Açılışda Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, “AzNar” şirkətinin təsisçisi, iş adamı Fərhad Əhmədov, Dövlət Turizm Agentliyi, Turizm Könüllülərinin direktoru Niyaz Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vahid Əliyev, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev çıxış ediblər.
Festivalın açılışında çıxışı zamanı "Aznar" şirkətinin təsisçisi Fərhad Əhmədov Göyçay rayonunda, Kənd Təsərüaftı Nazirliyinin tabeliyində Meyvəçilik və Çayçılıq Elmi Tətqiqat İnstitutu və Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil edilən "Aqroturizm və Məşğulluq" festivalının təşkilini yüksək dəyərləndirmiş və bildirmişdir ki, Aznar şirkəti dünyada qabaqcıl, öz məhsulları ilə tanınan şirkət olmaqla bərabər, eyni zamanda regionda əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına və regionda turizmin inkişaf etdirilməsinə xüsusi önəm verir.
Qeyd edək ki, festivalın əsas məqsədi regionda bu sahənin inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, və turizm növlərinin inkişafına dəstək göstərməkdir.