Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn medianın maliyyələşdirilməsi məqsədilə keçirdiyi müsabiqənin nəticələri qalmaqala səbəb oldu. Qaliblər siyahısında tanınmayan, fəaliyyəti qənaətbəxş olmayan, yaxud maliyyə durumu yüksək olan saytların olması narazılıq doğuran əsas məsələlərdəndir (afn.az).
MEDİA-nın Media Subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədovla müsahibəmizdə müsabiqənin nəticələri, Agentliyin fəaliyyəti, “Media haqqında” qanun layihəsi ətrafında söhbətləşdik:
- Saytların maliyyələşdirilməsi şərtləri arasında maliyyə mənbəyinin açıqlanması tələbi yox idi. Niyə?
- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektləri üçün elan etdiyi müsabiqənin şərtləri əsəsan saytların iqtisadi müstqilliyinin gücləndirilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması və redaksiyaların peşəkarlığının və məsuliyyətinin artırılması idi. Maliyyə mənbəyinin açıqlanmasına dair tələblə çıxış etmək bizim üçün yumşaq desək qeyri-etik olmaqla bərabər, həm də hər bir subyektin “Kommersiya sirri haqqında” Qanuna əsasən kommersiya sirri təşkil edən məlumatlarının qorunma hüququnun pozulması olardı. Bu səbəbdən biz maliyyə mənbəyinin açıqlanması kimi tələblər irəli sürməkdə maraqlı deyilik. Bir də bizim işimiz və əsas amalımız medianı təftiş etmək deyil, əksinə ona dəstək vermək və onu inkişaf etdirməkdir. Müsabiqələrin də əsas məqsədi dövlətin mediaya müsabiqəli formada maliyyə dəstəyi göstərməsidir.
- Ofis və İP tələbinin peşəkarlıqla nə kimi əlaqəsi vardı?
- Birbaşa əlaqəsi vardır... Biz Azərbaycan media mühitinin “qecəqondu” saytlardan təmizlənməsini istəyirik. Normal əmək şəraiti, heç olmasa ən minimal tələblərə əsasən 3 nəfər işçisi olmayan saytlar hansı məntiqlə ciddi media orqanı adına, ictimai-siyasi xəbər istehsalçısı adına iddia edə bilər? 1 nəfər olmaqla ev şəraitində gün ərzində hansı qüvvə ilə 20 xəbər istehsal etmək olar? Dünyanın hansı ölkəsində 1 nəfərdən ibarət media subyektləri var? Deməli ancaq copy-past və plagiatla, oğurluqla, başqa sözlə, media mühitini bulandırmaqla məşğuldurlar.
Bu müsabiqə bizə həm də peşəkar jurnalist, ciddi sayt adına iddialı, lakin bu prinsiplərə heç bir halda uyğun gəlməyən bir çox faktlar tanıtdırdı. Etika xatirinə bütün mənzərəni detallı açıqlamaq istəmirik... Amma bəzi yadda qalan faktlar kimi deyim ki, işçiləri ilə əmək müqaviləsi bağlayıb müsabiqəyə sənədlərini təqdim etdikdən sonra əməkdaşlarını dərhal işdən çıxaran baş redaktorları da gördük, ailə üzvləri ilə birlikdə 1 otaqlı mənzildə guya 3 işçisi ilə hər gün gecə-gündüz xəbər istehsal edəni də, sahibkarlıq subyekti olaraq fəaliyyət kodu əczaçılıq olsa da VÖİN-ini media subyekti kimi qəbul etdirməyə çalışan və bu baş verməsə MEDİA-nı biabır edəcəyi ilə bizləri təhdid edən şantajçını da...
İP məsələsinə gəldikdə... Sənin yazdığın yazını oxuyan yoxdursa, hazırladığın reportaja baxan yoxdursa, səni görmək, eşitmək istəyən tapılmırsa sən nə deməyindən asılı olmayaraq deməli ilk növbədə qabiliyyətsiz media menecerisən. Təsəvvür edin siz bir məhsul istehsal edirsiniz, sizin subyektiv fikrinizcə, bu, əla məhsuldur, amma o bazarda heç kimə lazım deyil və sənin yazdığın o “xəbərin”, o “analitikanın” üzünə baxan yoxdursa, bu sənin indiyədək qazandığın amma nəticə etibarı ilə uğursuz təcrübən, menecment sahəsində savadsızlığın, bacarıqsızlığından düşdüyün çıxılmaz vəziyyətdən xəbər verir. Ağlamağa bərabər gülməli vəziyyətdir, sayt öz aləmində “analitik” yazılar yazır amma ay ərzində bu məqaləyə cəmi 3 baxış olur.
MEDİA Agentliyi müsabiqə qaydalarında İP məsələsinə nə qədər həssas yanaşılacağını əvvəlcədən bildirmişdi. Biz konkret qeyd etmişdik ki, qiymətləndirmə zamanı saytların istifadəçi sayı, sessiyaların sayı, orta sessiya müddəti, bir sessiya zamanı baxılan səhifələrin sayı, ziyarətçilərin əldə olunma göstəriciləri, auditoriyanın coğrafi mənsubluğu, veb-saytların hətta sosial şəbəkə hesablarındakı aktivliyi nəzərə alınacaq. Biz əvvəlcədən bilirdik ki, müxtəlif saytlar özlərini reklam etməklə ziyarətçilərinin sayını süni şəkildə artırmış ola bilər. Buna görə də müsabiqə qaydalarında da bəyan edirdik ki, biz təbii ziyarətçi sayını ödənişli, yəni reklam olunan ziyarətçi sayından üstün tutacağıq!
Onu da deyim ki, bu gün daha çox narazı obrazı yaratmağa cəhd edən bəzi saytların rəhbərləri özləri də nəticələrin onların xeyrinə olmayacağını əvvəlcədən bilənlərdir. Təsəvvür edin, bu gün səsi gur çıxan “qalib mən olmalıydım” deyən sayt rəhbərlərindən elələri var ki, bəzi günlərdə onlara cəmi 3 baxış olub. Məncə belə saytlar peşəkar media mühitinin ziyanvericiləridir.
- Sizin sözünüzdən elə çıxmırmı ki, siyahıdan kənarda qalan saytların hamısı "gecəqondu saytlar"dır? Söhbət 50-dən çox media subyektindən gedir...
- Qətiyyən! Mən belə demirəm və belə nəticəyə gəlmək doğru deyil. Qalib olmayan digər saytlar arasında da kifayət qədər güclü, öz sözünü deyən layiqli media subyektləri var. Lakin sadəcə mövcud qaydalar üzrə qiymətləndirməyə əsasən bəziləri tələb olunan meyarlara daha uyğun gəlib.
- Ümumiyyətlə, peşəkarlıqla bağlı hansı tələblər vardı? Qalib elan edilən saytların hər birində o tələblərə cavab verən yazılar vardımı? Vardısa toplusu yaradılıbmı o yazıların?
- Bütün materiallar məhz peşəkar jurnalistika prinsiplərinə uyğun analiz edilib. Yazıların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslüb keyfiyyətləri, Azərbaycan dilinin norma və qaydaları, saxta xəbərlərin (fake news), aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi hətta vizual tərtibat, yəni dizayn elementlərinə qədər hər bir meyar üzrə ciddi qiymətləndirmələr aparılıb.
Təbiidir ki, müsabiqə varsa narazı qalanlar da olacaq. Əsas odur ki, iştirakçılar üçün bərabər şərait yaradılmışdır və müsabiqənin nəticləri olduqca ciddi rəqabət mühitinin formalaşdırıldığını göstərir. Bu isə o deməkdir ki, MEDİA Agentliyi qarşıya qoyulan ümumi strateji məqsədə doğru düzgün istiqamətdə irəliləyir.
- AFN-in hansı materiallarını analiz etdiniz? Bununla bağlı məlumat verilə bilərmi?
- Qaydalara əsasən Agentlik yalnız qaliblər barədə məlumatları açıqlaya bilər. Müsabiqəyə müraciət etmiş 96 iştirakçı saytın son 3 aylıq dövr ərzndə hər ay üzrə ən yuxarı göstəricili 5 xəbər məzmunlu veb-səhifəsi barədə yüzlərlə məlumatı əlbəttə ki, mən yadımda saxlaya bilmərəm. Amma çox maraqlıdırsa, yazılı müraciətinizə əsasən sizə təqdim oluna bilər.
- Müraciətlərin qiymətləndirilməsində hansı ekspertlər iştirak edib?
- Müsabiqəni media sadəsində zəngin bilik və təcrübəyə malik, peşəkar və müsabiqənin nəticəsində marağı olmayan ekspertlər qiymətləndirib. Sonda nəticələr Agentlik tərəfindən ümumiləşdirilib və qaliblər müəyyən olunub. Eyni bal toplamış media subyektləri olduqda yazılı rəylər nəzərə alınıb.
- Qiymətləndirmədən kənar qalan saytların siyahısı niyə dərc edilmədi?
- Qaydaların şərtlərində qeyd olunur ki, yalnız qalib saytların adları açıqlanır və bu barədə Agentliyin rəsmi internet saytında məlumat yerləşdirilir. O da aydın yazılıb ki, müsabiqədə iştirak etmək üçün müraciət edən onlayn media subyektləri Qaydaları qəbul etmiş hesab edilir.
- Sizcə, MEDİA dövlətin media siyasətinin formalaşdırılmasında iştirak edə bilirmi?
- Media sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Agentliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Yaradılmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, MEDİA bu işin öhdəsindən layiqincə gəlir. Qısa müddətdə media sahəsində 20-dən çox əsaslı yenilik həyata keçirilb. İslahatlar davam edir. Daha böyük layihələrimiz isə hələ irəlidədir. Məsələn, yaxın gələcəkdə Azərbaycan çap mediası üçün onlayn köşk ideyasının reallaşdırılması planlaşdırılır ki, bütün qəzetlər və jurnallar artıq onlayn formada satılacaq. Eyni zamanda ilin sonuna kimi çox maraqlı innovativ layihələrimiz həyata keçiriləcək. ADA Universiteti ilə birlikdə baş redaktorlar üçün beynəlxalq seminarların təşkili, xarici ölkələrdə xüsusi hərbi reportyorların hazırlanması, televiziyaların texniki heyəti və aparıcılar üçün seminarların planlaşdırılması, “Media haqqında” yeni Qanun layihəsi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi, islahatların dərinləşdirilməsinə dair konseptual addımlar, habelə müxtəlif müsabiqələrin keçirilməsi, işğaldan azad olunmuş ərazilərə yerli və xarici jurnalistlərin səfərlərinin təşkili və s. bu kimi miqyaslı tədbirlər yeni yaradılmış MEDİA Agentliyinin müvafiq sahədə dövlət siyasətini düzgün həyata keçirməsinin bariz nümunəsidir.
- Dövlət və ictimai maraqlardan irəli gələn layihələri mailiyyələşdiririk deyirsiniz. O zaman niyə layihə müsabiqəsi elan etmədiniz? Müsabiqənin şərtlərində sanki daha çox hazırkı maddi vəziyyətin yüksək olmasına dəlalət edən meyarlar üstünlük təşkil edirdi.
- Mən belə düşünmürəm... O ki qaldı layihə müsabiqələrinə, gələcəkdə bu növ layihələr də təbii ki, olacaq. Bu gün isə biz hələlik “MEDİA - fərdi jurnalist” müsabiqəsi üzərində işləyirik. Onun da nəticələri 22 iyul-Milli Mətbuat günündə elan olunacaq.
- Bəzən belə fikirlər səslənir ki, MEDİA müstəqil deyil, özü özünü idarə edə bilmir, göstərişlə idarə edilir. Nə qədər realdır?
- İlk dəfədir publik hüquqi şəxs statuslu dövlət qurumunun idarəetməsinə dair belə bir sual eşidirəm. Bu suala cavab olaraq məsləhət bilirəm Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021 ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını və “Publik hüquqi şəxslər haqqında” Qanunla daha yaxından tanış olasınız.
- “Media haqqında qanun” layihəsinə də toxunaq. Reyestrə daxil edilməyən KİV və jurnalistlərin fövqəladə və hərbi vəziyyətlərdə hadisə yerində olmaq, yayım etmək qadağalarının olması, sizcə, olduqca mürtəce bir müddəa deyilmi?
- Bir daha qeyd edirəm ki, Medianın İnkişafı Agentliyi media subyektlərinin və KİV nümayəndələrinin peşəkarlığının artırılmasında maraqlıdır. 44 günlük Vətən Müharibəsi də göstərdi ki, bu sahədə bir çox çatışmazlıqlarımız var. Məsələn, jurnalist iddia edir ki, hərbi reportyordur amma hərbi sirrin nədən ibarət olduğu bilmir və kor-təbii məlumat paylaşmaqla öz aləmində “xəbər” çatdırır, lakin özü də bilmədən ölkənin müdafiə qabiliyyətinə zərbə vurmaqla hərbi sirri yaymış olur. Və ya fövqəladə hallar zamanı hansı ərazidə dayanmalı olduğunu, elementar davranış qaydalarını bilmir, lakin özü üçün bədbəxt sonluqla nəticələnə biləcək əraziyə daxil olmaqla emosional-psixoloji halda reportaj verməyə çalışır. Qanun isə deyir ki, belə ərazilərə soyuqqanlı peşəkar jurnalistlər daxil olmalıdır. Hansılar ki, mövcud situasiyalar üzrə ən azı normativ və davranış qaydalarını bilirlər. Digərləri isə hərbi və ya fövqəladə halların baş verdiyi əraziyə daxil olmadan öz fəaliyyətlərini kənardan adi qaydada davam etdirə bilərlər.
- Medianın dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması qarşıdakı məqsədlər sırasında varmı?
- Əgər biz medianın inkişafından danışırıqsa yəqin ki, maliyyələşdirilmənin davam etdirilməsi daha məqsədəuyğun hesab oluna bilər, nəinki prosesin dayandırılması. Agentliyin Nizamnaməsində də qeyd olunur ki, əsas məqsədlərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Lakin bu o demək deyil ki, bizə pul kisəsi kimi baxmaq lazımdır. Biz sadəcə keçid dövründə media subyektləri və jurnalistlər üçün xüsusi təşviq və stimullaşdırıcı tədbirlər, sosial yönümlü həvəsləndirici proqramlar həyata keçirməklə onların maliyyə müstəqilliyinin əldə olunması prosesinə dəstək verməyə çalışırıq. Zənnimcə, media mühitinin sağlamlaşdırılması üçün dövlət bu istiqamətdə fəaliyyətini davam etdirməlidir.