İnsanlar dara düşəndə FHN-nin 101-nə zəng edir, indi FHN-nin özünün zəng etməyə ünvanı varmı???
…Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Fizuli Əsədovun koməkcisi, polkovnik Zaur Mirzəyevin məlum biabırçı kabinet «qəhrəmanlığı» hələ də geniş müzakirə mövzusudur. Hərə öz düşüncə və maraq çərçivəsində müzakirələrə qoşulub, rəylər bildirilir. Artıq Baş Prokurorluq da məsələyə dair bəyanat yayıb…
***
Bəli, rəsmi iş yerində, ən azı rəisinin burnunun ucunda öz iş yoldaşı xanımla çirkin seksual tətbiqlərin adı yoxdur. Ən vacibi, bunun səbəbkarın özü tərəfindən çəkilib paylaşılmasının, ictimailəşdirilməsinə şərait yaradılmasının isə, ümumiyyətlə, adı-familyası yoxdur.
Bildiyimiz qədər bu məsələ ölkə rəhbərliyi səviyyəsində müzakirə edilib və müvafiq, özü də sərt qərarlar gözlənilir… Amma bu hərəkət nəinki o boyda dövlət strukturunun olan-qalan imicini zədələdi, həm də cəmiyyətə ailə qısqanclığı, etibarsızlıq və etimadsızlıq şübhələrinin toxumunu səpdi. Bəla bundadır… Dövlət Statistika Komitəsinin məlumatına baxıram: 2021-ci ilin yanvarın 1-nə olan məlumata görə, ümumilikdə ölkə üzrə 2 milyon 351 min qadın bu və ya digər sahələrdə rəsmi məşğul işçi olub. Onlardan 7339 qadın isə dövlət qulluğunda çalışıb. 72 qadın RİH başçısının müavini olub və s.
2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə ümumən muzdlu işçilərin sayına gəldikdə isə, 670477 qadın müxtəlif sahələrdə muzdlu işçi olub. Eləcə də 1 milyon 28 min 267 kişi eyni ilə muzdlu iş sahələrində çalışıb. Qısası, bu o deməkdir ki, qadınlarımız və ya kişilərimiz sənaye, ticarət, təhsil, kənd təsərrüfatı, nəqliyaat, mədəniyyət, maliyyə və sığorta, inzibati və s. sahələrdə vəzifə tutublar, işləyiblər (Rəsmi statistik cədvəli təqdim edirəm).
İndi özünüz nəticə çıxarın: bu qədər qadın və o qədər də kişi indi Fövqəladə Hallar Nazirliyindəki «kabinet əməliyyatı»nı sosial şəbəkələrdəki videolarla canlı izləyəndən sonra nə düşünməlidir??? Bu qədər insanın- qadınların kişilərini, kişilərin də qadınlarını qıcqanclıqla, psixoloji şübhələrlə işə yola salıb- qarşılaması kimi şübhə toxumunun cəmiyyətə səpilməsinə nə ehtiyac var idi? Məqsəd nə idi?
İndi bəzi üzdə olan kimi tanıdıqlarımızın «Əşşi, iki nəfər qucaqlaşıb də, dünya dağılmayıb ki?!» kimi məntiqsiz, mənasız şərhi o mənada olduqca ikrah hissi doğurur.
Bəli, bu hansısa bir yaramaz tərəfindən gizli çəkilib yayılsaydı, bunun adı bəlkə də fərqli də olardı. Amma o boyda nazirliyin xidmət rəisi olan generalın gözünün qabağında-burnunun ucunda köməkçisi tərəfindən bu əməl törədilirsə və özü tərəfindən də gizli çəkilib yaılmasına səbəbkar olursa, bu artıq başqa bir məsələdir. Bu özbaşınalığın və məsuliyyətsizliyin anatomiyasıdır! İndi görün o strukturda vəziyyət nə yerdə olub! Köməkçisinin əməllərindən xəbərsiz olan generalın rütbəsinə niyə də şübhə ilə yanaşmayaq?!
Sonda: biz bəzən əməli törədib düşünürük, amma düşünüb sonra buə məli törətmək lazımdır! Ki, düşünək: bu əməl cəmiyyətə nə verəcək, ətrafımıza nəyi təlqin edəcək! Atalar «Keçənə güzəşt!» deyib. Amma bu əməl fərdi olsaydı, onda bəlkə də polkovnikin günahından keçməyə dəyərdi. Bu dəfəki əməl isə dövlətin vacib strukturuna, cəmiyyətə sayğısızlıq və təhqirdir! İnsanlar dara düşəndə FHN-nin 101-nə zəng edir, indi FHN-nin özünün zəng etməyə ünvanı varmı???
Asif MƏRZİLİ
4.3. 2020-ci ildə iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin sayı | ||||||
(Yekuna və cinsə görə, faizlə) | ||||||
Fəaliyyət növləri | Qadınlar | Kişilər | Cins üzrə bölgü | |||
nəfər | faiz | nəfər | faiz | qadınlar | kişilər | |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 14604 | 2,2 | 46609 | 4,5 | 23,9 | 76,1 |
Mədənçıxarma sənayesi | 4334 | 0,6 | 29793 | 2,9 | 12,7 | 87,3 |
Emal sənayesi | 32161 | 4,8 | 94971 | 9,2 | 25,3 | 74,7 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 3177 | 0,5 | 25161 | 2,5 | 11,2 | 88,8 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 10428 | 1,6 | 19510 | 1,9 | 34,8 | 65,2 |
Tikinti | 9707 | 1,4 | 124264 | 12,1 | 7,2 | 92,8 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 78920 | 11,8 | 233827 | 22,7 | 25,2 | 74,8 |
Nəqliyyat və anbar təsərrüfatı | 12379 | 1,8 | 63943 | 6,2 | 16,2 | 83,8 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 7103 | 1,1 | 18133 | 1,8 | 28,1 | 71,9 |
İnformasiya və rabitə | 8578 | 1,3 | 21190 | 2,1 | 28,8 | 71,2 |
Maliyyə və sığorta fəaliyyəti | 10226 | 1,5 | 18705 | 1,8 | 35,3 | 64,7 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 5515 | 0,8 | 12433 | 1,2 | 30,7 | 69,3 |
Peşə, elmi və texniki fəaliyyət | 25503 | 3,8 | 32863 | 3,2 | 43,7 | 56,3 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 25332 | 3,8 | 50855 | 5,0 | 33,2 | 66,8 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 29374 | 4,4 | 82646 | 8,0 | 26,2 | 73,8 |
Təhsil | 244119 | 36,4 | 88812 | 8,6 | 73,3 | 26,7 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 108761 | 16,2 | 31454 | 3,1 | 77,6 | 22,4 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 33756 | 5,0 | 20696 | 2,0 | 62,0 | 38,0 |
Digər sahələrdə xidmətlərin göstərilməsi | 6500 | 1,0 | 12402 | 1,2 | 34,4 | 65,6 |
Cəmi | 670477 | 100,0 | 1028267 | 100,0 | 39,5 | 60,5 |