Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından söz açarkən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətindəki bu sözləri bir daha xatırlamaq yerinə düşür.

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Bəli, Prezident bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi qələbə qazanmaqla milli ləyaqətimizi bərpa etdik. Bu gün xalqımız müzəffər xalq kimi yaşayır. Bu tarixi qələbənin qazanılması təbii ki, birbaşa olaraq Müzəffər Ali Baş Komandanın düzgün siyasəti nəticəsində oldu. Prezident bu siyasətlə beynəlxalq aləmdə öz nüfuzunu bir daha sübut etdi. Elə təkcə müharibə dövründə dövlət başçısı 44 gün ərzində xarici KİV-lərə 30-dan çox müsahibə verdi. Bu, müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün vacib amillərdən biri idi ki, Prezident təkbaşına bu işin öhtəsindən gəldi.

Mövzu ətrafında həmsöhbətimiz olan Biləsuvar Şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin təşkilatçısı Cəmşid Mürsəlov Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun keçdiyi həyat və döyüş yolundan bəhs edərkən bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Müzəffər Ordumuz  44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qələbə qazandı və bu qələbə Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri oldu: "İgid oğullarımız dəmir yumruq kimi birləşib illərin səbrini, intiqamını əldə silah edib yağıların, ölümün üstünə mərdanəliklə, qorxmazcasına atıldılar. İllərdir işğal altında inləyən torpaqlarımızın  qisasını aldılar. 30 ildir gözüyaşlı qalan ana-bacıların, qız-gəlinlərin, yetim qalmış uşaqların, bir milyondan çox qaçqın və məcburi köçkünün hayıfını aldılar 44 günlük Vətən müharibəsində. Hər bir əsgərimiz sinəsini sipər etdi ana vətən uğrunda. Şəhid, qazi oldular, amma düşmənə baş əymədilər, qəlblərində yurd sevgisi, gözlərində intiqam alovu, fikirlərində ata-analarının öyüd -nəsihəti ölümün gözünə dik baxdılar. Hər bir qəhrəman tarix yazdı öz igidliyi, fədakarlığı, şərəfli ölümü ilə. Onlar öz ölümləri ilə ölümsüzlük qazandılar, ən ali mərtəbə olan şəhidlik zirvəsinə  yüksəldilər. Vətən sevgisi ilə ürəkləri döyünən qəhrəmanlarımızın bir amalı vardı: vətən sağ olsun, Qarabağ azad olsun, Şəhidlərin ruhu rahatlıq tapsın.

Qarabağda qəhrəmanlıq dastanı yazan belə igidlərimizdən biri də məktəbimizin məzunu şəhid  polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovdur. O, 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Orxan Əkbərov orta məktəbi bitirdikdən sonra - 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini Qoşun kəşfiyyatı ixtisası üzrə bitirib, 2004-2005-ci illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsil alıb. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri, 2007-ci ildən kəşfiyyat bölük komandiri, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından şəhid olduğu günədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

Hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yuibley medalı ilə təltif edilib.

2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda uğrunda canını verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə imzaladığı qərara əsasən, Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilib”.

C.Mürsəlov qeyd edib ki, Orxan Əkbərovun əziz xatirəsi onun vaxtilə təhsil aldığı Biləsuvar Şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə hər zaman ehtiramla yad olunur: "Onu da bildirmək istəyirəm ki, təhsil müəssisəmizin Vətən müharibəsində şəhid olan 5 məzunu var. Həmin şəhid məzunlarımız - Orxan Nadir oğlu Əkbərov, Namiq Abış oğlu Mayılov, Babək Süleyman oğlu Mahmudlunu, İqbal İlqar oğlu Astanlı və İsmayıl Elçin oğlu Qədirlinin məktəbimizdə xatirə lövhəsi var, qəhrəmanlarımızın şəkillərindən ibarət xüsusi stend qoyulub. Bundan başqa, 1-ci siniflərə 5 şəhid igidimizin adı verilərək, onların keçdiyi şərəfli həyat yolunu əks etdirən lövhələr tərtib edilib, divardan fotoşəkilləri asılıb. Biz şagirdlərimizə şəhid məzunlarımızdan fəxr hissi ilə bəhs edirik. Qəhrəmanlarımıza həsr olunan anım tədbirlərində onların şücaətindən, göstərdikləri igidliklərdən danışılır.

Şagirdlərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsində qəhrəmanlıq salnaməmizi öz qanları ilə yazan şəhid məzunlarımızın əziz xatirəsinin anılmasının böyük əhəmiyyəti var. Bunu diqqətdə saxlayan müəllim və şagird kollektivimiz şəhidlərimizin məzarlarını ziyarət edir, məktəbdə keçirilən tədbirlərə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun, eləcə də digər şəhidlərimizin ailəsini və yaxınlarını, döyüş yoldaşlarını dəvət edərək onlarla görüşürlər.

Görüşlər zamanı qəhrəmanımızın Orxan Əkbərova və digər şəhid məzunlarımıza vaxtilə dərs demiş müəllimləri onların hələ məktəb illərindən necə vətənpərvər, mübariz, qorxmaz olduqlarını qeyd edərək, belə qəhrəmanlarımızla daim qürur duyduqlarını bildirirlər. Çıxış edənlər Orxan Əkbərovla bağlı xatirələrindən danışaraq məhz bu cür qəhrəmanların şəxsi nümunəsinin böyüməkdə olan gənc nəslin əsl vətənpərvər  kimi yetişdirilməsində böyük rol oynadığını  xüsusi vurğulayırlar.

Elə bu yaxınlarda məktəbimizin şəhid məzunu, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun xatirəsinə həsr olunan idman yarışı keçirildi.

Yeri gəlmişkən bir məqamıda qeyd edim ki, bu yaxınlarda məktəbimizin direktoru Xanımgül Abıyeva Şuşa şəhərinə getmişdi. O, Şuşadan torpaq gətirərək bizə verdi və məsləhət gördü ki, ruhları şad olsun deyə onu rayonumuzun bütün şəhidlərinin məzarına səpək. Bilsinlər ki, torpaqlarımız işğaldan azad olunub, onların qisası alınıb.

Fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də vətənə sədaqətdir. Ona görə də şəhidlərimizdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırıq. Bu xatırlamalar mənəvi borc ödəmədir. Müharibə tariximizin bir səhifəsi də 44 günlük İkinci Qarabağ müharibəsidir, bu döyüşlərin qəhrəmanlarıdır, qalibləridir, şəhidləridir. Şəhidlərimiz unudulmayacaq. Şəhid polkovnik-leytenant Orxan Əkbərov da heç zaman unudulmayacaq.

Fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, ermənilər heç vaxt sülh və insanlıq əleyhinə törətikləri cinayətləri ört-basdır edə bilməyəcəklər. Çünki bütün dünya bilir ki, ermənilər Qarabağda tarix boyu hansı cinayətlərə əl atıblar. Ermənistan da artıq anlamaldır ki, öz varlığı üçün Azərbaycana qarşı təxribat əli yox, sülh əli uzatmalıdır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, "Dəmir yumruq” hər zaman yerindədir: "Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!””

Elbar ŞİRİNOV

Bakı-Biləsuvar-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.5.)

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN