AAYDA-nın məramı: yol təkcə mədəniyyət deyil, həm də iqsisadiyyat və siyasətdir!
...Ötən həftə Azərbaycanın yol təsərrüfatında daha bir əlamətdar hadisə baş verdi: Bakı-Quba və Rusiyaı ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətindəki deformasiyaya uğramış hissəsinin yenidən qurulması işlərinin əsas hissəsinin açılışı oldu. Belə ki, beynəlxalq əhəmiyyətli yolun bu hissəsinin istifadəyə verilməsi mərasimi bölgə sakinləri və adı çəkilən yoldan istifadə edənlər üçün əsl Yeni il sürprizi oldu. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Agentliyin Aparat rəhbəri İlqar Əhmədov və digərləri iştirak etdilər.
Xatırladaq ki, qeyd olunan yolun bir hissəsi artıq uzun illər idi beton yol kimi istismar edilməkdə idi. Beynəlxalq əhəmiyyətli yükdaşımalar həyata keçirildiyindən, təbii ki, ağır yük maşınlarının hərəkəti yolun bəzi hissələrində deformasiyasına, eləcə də dağılmasına səbəb olmuşdu. Həmin hissələr isə yenidənqurma sayəsində monolit-beton hissələri və yolun bünövrəsi tamamilə qazılaraq çıxarılmışdır. Ən maraqlısı, qazıntı işləri bəzi yerlərdə relyefdən asılı 2.5 metrə qədər dərinlikdə icra edilib... Nəhayət, normativlərə uyğun olaraq yenidən asfalt-beton örtüyün döşənməsi işləri aparılıb, qısa zamanda yenidənqurma işləri həyata keçirilib.
Bu günlərdə isə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində yuxarıda qeyd etdiyimiz hissəsinin yenidən qurmadan sonra açılışı oldu. Bu açılış mərasimi həmin yoldan istifadə edənlər üçün əsl Yeni il hədiyyəsi və rahat və təhlükəsiz hərəkət etmə demək idi...
Mediada bu məlumat da qeyd olundu ki, yaxın zamanlarda yolun bəzi hissələri pullu xidmətə keçiriləcək. Artıq bəzi tamamlama və texniki işlər görülüb. Yoldan pullu istifadə əsasən Quba-Rusiya istiqamətinə aiddir. Çünki əvvəl qeyd etdiyimiz kimi, beynəlxalq yükdaşımalar zamanı yolda ağır yük avtomobillərindən istifadə edildiyindən yolun istismarında bir sıra izafi xərclər ortaya çıxır ki, bunları qarşılamaq üçün beynəlxalq təcrübədə olduğu kimi, pullu xidmət tariflərindən bəhrələnmək lazım gələcək...
AAYDA-nın Qarabağlı yolları və körpüləri...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin əsas hissəsi hazırda Qarabağ iqtisadi rayonlarının payına düşür. Qarabağda erməni işğalından azad edilmiş ərazilərdəki çətin relyefli ərazilərə qısa müddətdə çəkilən müasir standartlı yollar və körpülər, tunellər və s. yol təsərrüfatına aid infrastrukturlar görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Elə bu yaxınlarda "Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları" üzrə elmi-praktik konfrans bu niyyətə xidmət məqsədli idi. Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə baş tutan konfransda bu məsələlər araşdırıldı, müzakirə mövzusu oldu: "Tunellərdə və avtodayanacaqlarda havalandırma", "Aşağıya doğru yamac boyunca mərhələli enmə üsulu ilə 55 metr uzunluğunda körpü aşrımının həyata keçirilməsi, Qarabağ üçün zəlzələyə davaml bina modeli", "Avtomobil və dəmiryolu körpülərində yastıq və inşaat tikiş birləşmələri", "Geoarme divarlar və onların Qarabağın yenidən qurulmasında nümunələri, yol tikintisində innovativ məhsullar".
Konfransda o da qeyd edildi ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası istiqamətində aparılan genişmiqyaslı işlər, layihəyələr davamlıdır. Bütün bu işlər Prezident İlham Əliyevin tapşırıqları və nəzarəti əsasında həyata keçirilməkdədir.
AAYDA-nın üz ağardan “Ağ şəhər” tikinti layihəsi…
Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təkcə yol tikintisi üzrə deyil, həm də Bakıda və digər bölgələrdə social tikinti layihələrin icrası ilə də ixtisaslaşıb. Elə bu günlərdə Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında AAYDA tərəfindən həyata keçirilən bir sıra infrastruktur obyektlərinin inşasının tamamlanmasından sonra açılışı oldu. Açılışda Prezident İlham Əliyev iştirak edirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına Kvartalda görülən işlər barədə məlumat verdilər. Ölkə başçısının diqqətinə çatdırıldı ki, Bakı Ağ Şəhərdə tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. AAYDA-nın rəsmi saytında da elə bu barədə müfəssəl məlumat verilib. Sitat: “…Yeraltı və yerüstü avtodayanacaqların, müasir havalandırma sisteminin, sürətli liftlərin nəzərdə tutulduğu binanın qarşısında gəzinti və istirahət üçün geniş yaşıl meydan salınacaq. Ətraf mühit və ekologiyanı tikintidə əsas amil kimi nəzərə alaraq binanın BREEAM ekoloji sertifikatlaşma təşkilatı tərəfindən layihələndirmə mərhələsindən dəyərləndirilməsinə başlanılıb. Bu, artıq Bakı Ağ Şəhərdə BREEAM sertifikatlı ikinci ofis binası olacaq. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Parkda gözoxşayan landşaft və incəsənət nümunələri yer alacaq. Bu park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ Atları Meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı olacaq…”.
Xatırlatmaq yerinə düşər ki, Bakı Ağ Şəhər layihəsi Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara, Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb. Ağ Şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir.
Daha bir Yeni il sürprizi: “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif uzunluqlara malik 2 və 4 hərəkət zolaqlı 12 küçə inşa edilib. Ərazidə mazutlu və çirkləndirilmiş torpaq və qruntlar 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materialından yol geyiminin əsası inşa olunub. İndiyədək isə Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 15 130 metr olan 43 küçə inşa edilərək təhvil verilib. Bu unikal layihə çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22.4 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən küçələr inşa edilməlidir. Küçələr hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.
***
Bəli, hamı indiyədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini əsasən yol tikintisi ilə əlaqəli Dövlət qurumu kimi tanıyırdı. Çünki adındakı “Azərbaycan Avtomobil Yolları...” sözləri bunu ehtiva edir. Lakin göründüyü kimi, Dövlət Agentliyi artıq sosial layihələrinin icrası ilə yeni bir möhtəşəm, çoxsahəli fəaliyyətini də ortaya qoymaqdadır. Bu isə o deməkdir ki, yol təkcə mədəniyyət deyil, həm də iqtisadiyyatdır, tikintidir, yenidənqurmadır, siyasətdir!!! Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzarlıq, fəaliyyət fəlsəfəsi də elə bunu deyir...
A.Məmmədli