Adlarını İslam respublikası qoyan bir dövlətin başbilənləri,  sərhəddimizdən  gizli yollarla keçirmək istədikləri narkotik maddələrlə, ölkəmizdə yeniyetmələrin və gənclərin həyatını zəhərləməyi qarşılarına məqsəd qoyublar ki, bununla da İranın molla  rejimi cəhənnəmi  elə bu dünyada qazanıb

Vətən sərhəddən başlanır- deyimi həmişə aktualdır.Çünki müstəqil dövlətin sərhəddi olmalıdır və o sərhəddi də həmin dövlətin əsgərləri qorumalıdır. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qonşu dövlətlərlə sərhədlərini daha da mökhkəmləndirdi. Azərbaycan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Xəzər dənizi vasitəsilə isə Türkmənistan və Kazaxısrtanla sərhədləri var. Çox böyük bir ərazini əhatə edən bu sərhədləri Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının əsgərləri qoruyurlar. Məhz DSX rəhbərlərinin və şəxsi heyətinin işinin düzgün qurmasının və ayəq-sayıqlığının nəticəsidir ki, dövlət sərhəddimiz göz bəbəyi kimi qorunur. Eyni zamanda sərhəddimizə əyri gözlə baxanları da peşiman edirlər. Bu barədə bir az sonra danışarıq…

Əsgər və əsgərlikdən söz düşəndə  el arasında həmişə deyirlər ki, Sərhəd Qoşunlarında əsgərlərə, həm zabitlərin münasibəti çox yaxşıdır, həm də onların məişət şəraiti və yeməklə təminatı çox yüksək səviyyədədir.Bunu övladları bu qoşun növündə xidmət edən valideynlərin böyük həvəslə danışdıqlarının dəfələrlə şahidi olmuşam. Bu sözlərimlə mən Müdafiə Nazirliyinin və ya Daxili Qoşunların əsgərlərə olan diqqət və qayğısına kölgə salmaq istəmirəm. Sadəcə xalq arasında dolaşan söz-söhbətdən belə eşidirik.

6

Təbii ki, əsgərə belə qayğı və diqqət ən yuxarı səviyyədə təşkil olunur. Deməli, DSX-nın rəisi general-polkovnik Elçin Quliyev öz işinin həm vurğunu, həm də peşəkarıdır. Ona görə də ondan aşağıda olan zabitlər də, necə deyərlər, rəhbərə baxıb düzlənirlər. E.Quliyevin peşəkar və vətənpərvər olması, 2020-ci il sentyarrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində tam təsdiq olundu. Hətta E.Quliyevin 44 günlük döyüşdə dünyaya səs salan hərbi taktikası və ixtirası barədə mətbuatda və saytlarda şəxsən özüm oxumuşdum. Ona görə də dərhal telefonun yaddaşını araşdırıb, həmin yazını bir daha oxudum. 05.09.2022-ci il tarixdə Türkiyənin “anadoluyakasihaber.com”  saytında dərc olunmuş “II Qarabağ müharibəsində “kukruznik”lərin müəllifi: General-polkovnik Elçin Quliyev” başlıqlı yazını bir daha oxudum. Baxın həttə yazı Türkiyə mətbuatına belə gedib çıxıb. Mən o zaman bildim ki, 44 günlük döyüşün ilk günlərində ermənilərin hava hücumundan müdafiə sisteminin sıradan çıxarılmasının səbəbkarı məhz E.Quliyev olub. Yazıdan görünür ki, hələ 2011-ci ildə E. Quliyev Ali Baş Komandan prezident cənab İlham Əliyevə məruzə edərək bildirib ki, vaxtı ilə dərmansəpən kimi tanınan və el arasında “Kukruznik” adlanan AN-2 təyyarələrini müharibə dövründə pilotsuz uçuş aparatlarına çevirməklə, düşmənə ağır zərbələr endirmək olar. Prezident də bu ideyanı dəstəkləyib və həmin təyyarələrin alınması üçün vəsait də ayırıb.Nəticəsini isə 44 günlük döyüşdə gördük.“Kukruznik”lər havaya qaldırıldı, ermənilər onun Azərbaycan qırıcıları olduğunu zənn edib, S-300 markalı bahalı zenit-raket komplekslərini işə salıblar.Havada keşik çəkən digər dronlar isə, dərhal onların yerini müəyyən edərək, kordinatları həm zərbə PUA-larına, həm də Artilleriya birləşmələrinə ötürmüş və nəticədə ermənilərin hava hücümündan müdafiə sistemləri darmadağın edilirdi. Ona görə də, müharibə başlayan kimi, çox qısa zamanda ermənilərin hava məkanı tam zərərsizləşdirildi və Azərbaycan dronları, tam sərbəst şəkildə, erməni hərbi birləşmələrinin başlarına od ələyirdi. Yazıda o da qeyd olunmuşdu ki, Sərhəd Qoşunlarının bütün dronlarını idarə edən mərkəzin rəhbəri, E.Quliyevin müavini general-leytenant Əfqan Nağıyev olub. Məhz onun bacarığı və peşəkarlığı sayəsində dronlarımız çox qısa müddətdə ermənilərin hava səmasını tam nəzarətə götürmüşdülər.Ona görə də Ali Baş Komandan, prezident cənab İlham Əliyevin sərəncamı ilə general-leytenant Ə.Nağıyev “Qarabağ” ordeni və digər medallarla təltif olunub. Bütün bunlar barədə Azərbaycan və Türkiyə saytlarında gedən həmin yazıda oxumuşdum.. Məhz bu yazılardan bildim ki, ikinci Qarabağ müharibəsində Sərhəd Qoşunlarının 4000-ə qədər əsgər, MAXE, gizir, zabit və generalları iştirak edib.Onlardan 47 nəfəri şəhid olub, 201 nəfəri qazidir, qalanları isə Qarabağ Müharibəsi Veteranıdır. Sərhədçilərimizdən 12 nəfəri vətənin ən Ali mükafatına, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb…

1

Əlbəttə, bunları eşitmək çox xoş və qürurlu idi. Amma “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”-deyib atalar. Bu günlərdə valideyn kimi Sərhəd Qoşunlarının Cəllabadın Göytəpə kəndində yerləşən “n” saylı hərbi hissəsində oldum. Bacım nəvəsi  həmin hərbi hissədə üç aydır xidmətə başlayıb. Atası Bəhlul Qurbanov ötən ilin iyulun 22-də ürək tutmasından, qəflətən  dünyasını dəyişib. Bu səbəbdən də bacı nəvəsi Vadim Kərimzadəyə qohum-əqraba bir az həssaslıqla yanaşır. Ona görə də yeni il bayramı günlərində Vadimi görmək üçün anası Səkinə xanım,  xalası Sevda xanım, onun həyat yoldaşı Natiq, nənəsi Teybə xanım,  nəvələri  Rəşad və Muradla  birlikdə görüşə getmişdik. Valideynlərin əsgərlə görüşünə heç bir problem yaradılmadı. Hərbi hissənin yeməkxanasında hər bir valideyn əsgər oğulları ilə rahatca oturub,  söhbət edə  və gətirdikləri təamları  birlikdə nuş edə bilirdilər. Onu da qeyd edim ki, ailə kimi yaxın dostum olmuş ata və anası bir-birindən təxminən 5 il aralığı ilə rəhmətə getmiş, artıq bir ildir xidmət edən Fəqan İbrahimov da bu hərbi hissədə, özü də  təsadüfən bacım nəvəsi Vadim Kərimzadə ilə bir yerdədir. 

Əlbəttə,  taleyin qismətindən ata-anasını itirmiş  Fəqanla görüşməmək böyük günah olardı.  Başına gələnləri  bilən bizim qohumlar  Fəqana  olduqca  qayğıkeş və diqqətlə yanaşdılar.  Onu  doğmaları kimi  gedənə qədər  öz yanlarından buraxmadılar.

Hər iki əsgərin  digər dostları ilə də təmaslar qurdum və  olduqca maraqlı məlumatlar aldım.  Əvvəlcədən onu deyim ki,  “Sərhəd Qoşunlarında  zabitlər əsgərlərə çox qayğı və diqqətlə yanaşırlar”- deyiminin  burada canlı şahidi oldum.  Əvvala hərbi hissənin həyətində yaradılmış  səliqə-sahman,  yaşıllıq, hərbi hissəni yox,  gözəl və yaraşıqlı  bir parkı xatırladırdı.  Əsgərlər  yeməklərindən, yatacaqlarından çox razılıq etdilər.  Xüsusilə, onların komandirlərindən ağızdolusu danışması məni olduqca təsirləndirdi.   Bu söhbətlər bir anlıq məni  1992-93-cü illərdə  topçu komandiri kimi  könüllü olaraq getdiyim birinci Qarabağ  savaşında döyüşdüyüm  illərə qaytardı. O dövrdə mənim  45 əsgərim var idi.  Şükür ki, onların sırasından yaralanan olsa da, heç bir ağır itki olmadı.   Haramı düzündən başlayan döyüş  yolumuz,  sonralar, Zəngilan, Qubadlı, Laçın  və Füzulidən  keçdi. Bu döyüşlərdə,  mən əsgərlərimi öz övladım qədər  sevirdim və  sanki  onları qanadımın altına  alıb, qoruyurdum.  Bu gün  o dövrdə 18-19 yaşında olan, indi isə 50 yaşına haqlamış  o əsgərlər hələ də məni unutmurlar.  O dövrdə dünyada olmayan və 1999-cu il təvvəllüdlü  oğlum həm Gəncədəki “n” saylı  hərbi hissədə qulluq edərkən, həm də 2020-ci ilin sentyabrın 27-də başlayacaq  ikinci Qarabağ  savaşından 4 gün əvvəl,  sentyabrın 23-də Şəmkir poliqonunda olan oğlumun yanına şəmkirli əsgərlərim Mais, Elfaq və  Mahir  çox böyük məmuniyyətlə, özləri də əlidolu  gəlmişdilər.  Hələ  Gəncədə xidmət edərkən, bu uşaqlar  onun yanına gələndə oğlum xeyli təəccüblənmişdi və telefon danışığımızda mənə belə demişdi: “ Ata,  bu adamları mən tanımıram,  dedilər Qarabağda sənin əsgərlərin olublar. Onu da qeyd etdilər ki, sənin atan olmasaydı, Allah bilir bizim meyidimiz haralarda idi? Ata, onlar həm çoxlu yemək gətirmişdilər, həm də cibimə pul qoydular.”

2

Təbii ki, keçmiş əsgərlərimin bu addımı məni kövrəltmışdi və oğluma bunun mahiyyətini başa saldım.  Ona görə də 44 günlük döyüşə  əsgər kimi də olsa, böyük həvəslə getdi. Yüngül yaralansa da,  bu döyüşdən sağ-salamat çıxıb, yenidən hərbi hissəyə, özü də medalla qayıtdı. 1,6 illik hərbi xidməti isə, dövlətimiz lazım bildiyindən, 2 il çəkməli oldu…

Bunları niyə danışıram? Ona görə ki, Sərhəd Qoşunlarının  Göytəpədəki “n” saylı hərbi hissəsində qulluq edən  bu əsgərlərin öz komandirləri haqqında xoş sözləri  dinlədikcə, həmin dövr yadıma düşürdü. Mən bu əsgərlərə  belə dedim: “Əziz övladlarım, mən birinci Qarabağ savaşında komandir kimi iştirak edərkən, əsgərlərimə öz balalarım kimi yanaşmışam və  o dövrdə heç vaxt ağlıma gəlməzdi ki, 30 ildən sonra  mənim oğlum  əsgərlikdə, sonra isə döyüşdə olacaq və bu əsgərlərim yaşlaşan vaxtı gedib ona baş çəkəcəklər.Biz  döyüşə ona görə getmişdik ki, Qarabağ problemi gələcək nəsillərə qalmasın. Amma,  sən saydığını say deyiblər…Deməli, sizin bugünkü  komandirləriniz sizə öz balaları kimi yanaşırlarsa,  siz də mənim əsgərlərim kimi onları 30 il, 40 il, 50 il keçsə də unutmayacaqsınız.”

Əsgərlərin komandirləri haqqında söylədikləri xoş sözləri  məndə xüsusi maraq oyatdı. Ona görə də  onların  ad və soyadları ilə maraqlandım. Bilirdim ki, bu komandirlər özləri barədə heç nə danışmayacaqlar. Amma öyrəndim ki, bu hərbi hissənin komandiri polkovnik Rauf Abdullayevdir.  Bu komandir deyilənə görə, əsgərlərin necə yatıb durduqları və yeməkxanada  nə yedikləri barədə hər gün maraqlanır. Özü də bunu  komandirlərdən  yox, şəxsən əsgərlərin özləri ilə söhbətdən öyrənir.  Görünür, R. Abdullayev çox uğurlu bir kadrdır və  öz işinin peşəkarıdır.  Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini mayor Ruslan Qəhrəmanov isə,  az qala  əsgərlərlə yatıb-durur.  Elə bir əsgər tapılmadı ki, R.Qəhrəmanovla  gündə bir neçə dəfə ünsüyyətdə  olmadığını desin. Mən şəxsən şahidi oldum ki,  R.Qəhrəmanov övladları ilə görüşə gələn valideynlərin hər bir ilə yaxınlaşıb tanış olurdu, onlarla stol arxasında bir yerdə oturub çay da içirdi. Onun bu sadəliyi, əsgərlərə belə qayğı ilə yanaşması, R.Qəhrəmanovun necə gözəl bir insan və əsl komandir olmasının göstəricisi idi.  Deməli, R.Qəhrəmanov da öz peşəsini sevdiyi kimi, əsgərləri də  doğması qədər sevir.  Əsgərlər Qərargah rəisi polkovnik-leytenant Pərviz Məmmədovdan, Qərargah bölüyünün komandiri   kapitan  Nəsimi Abdurrzaqovdan da olduqca xoş sözlər söylədilər və onlardan özlərinə qarşı  həmişə diqqət və qayğı gördüklərini bildirdilər.  Komandirlər  barədə söhbətdən sonra  əsgərlərin vətənimizin  sərhəddində necə xidmət etdikləri barədə  maraqlandım.  Mənim əsgərlərlə görüşüm, sərhədçilərin  Yardımlının Perimbel və Daşkənd ərazisində yerləşən  Sərhəd zastavasının xidməti ərazisində 170 kq-dan çox narkotik maddələrin tutulamsı barədə mətbuatda gedən iformasiyanın  yayılması ilə eyni vaxta  təsadüf etmişdi. Ona görə də əsgərlərdən öz ağır və şərəfli işlərində  nə kimi  çətinliklərlə üz-üzə gəldikləri ilə maraqlandım. Hamısı bir ağızdan  bildirdilər ki, “Sərhəddəki  xidmətimizin heç bir çətinliyi yoxdur, komandirlər həmişə bizim qayğımıza qalırlar. Doğrudur, sərhəd pozucuları işimizə maneçilik törətmək istəyirlər, amma,  bizim ayıq-sayıqlığımız onların bütün planlarını pozur.”

 Doğrudan da, sərhəd pozucuları və qaçaqmalıçılar həmişə olub, bu gün də var və sabah da olacaq.  Bildiyimiz kimi, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin   bacarıqlı sərkərdərliyi, Ordumuzun rəşadəti, əsgər, MAXE, gizir, zabit və generallarımızın qəhrəmanlıqları sayəsində 30 il işğalda olan  Qarabağ torpaqları   44 günlük savaşla  işğaldan azad edildi. Biz ermənilər üzərində qələbə qazandıq. Bununla da,  30 il işğalda olmuş, 132 km.lik  İranla olan sərhədlərimiz geri qaytarıldı.  Narkotik alverçiləri Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarında 30 il nəinki sərbəst hərəkət ediblər, hətta narkotik tərkibli bitkilərin əkib-becərilməsi və satışı ilə də məşğul olublar. İndi Sərhəd Qoşunlarının  hərbiçiləri 132 kilometrlik sərhəddi  tam möhkəmləndirərək, keçilməz bir hala gətiriblər.  Ona görə də müxtəlif sərhəd pozucuları,  narkotik və heroin alverçiləri  başqa ərazilərimizdə,   çətin keçilən hündür dağ və meşə  şəraitindən  istifadə edərək Cəlilabad, İmişli, Biləsuvar, Yardımlı tərəfdən sərhədlərimizi pozmağa çalışırlar.  Özlərini İran İslam Respublikası adlandıran  ölkənin vətəndaşları sərhədi gizli keçərək,  Azərbaycan gənclərini narkotikaya, heroinə və digər narkotik, həmçinin psixitrop maddələrə öyrədərək, onların həyatını məhv etməyə çalışırlar.  Bu addım, 30 il torpaqlarımızı işğal edən xristian ermənilərə qucaq açan, onları blokada şəraitindən çıxararaq, acından ölməyə qoymayan İranın dost-qardaş dediyi Azərbaycana qarşı məkrli planının nəticəsidir. Amma, nə yaxşı ki, sərhədimizdə   canından keçməyə hazır olan qəhrəman əsgərlərimiz ayıq-sayıq dayanıblar.

3

Yuxarıda qeyd etdiyim kimi, artıq  mənim əsgərlərlə görüşümüzdən 3 gün əvvəl, yəni 2022-ci il dekabrın 29-da  170 kq-dan çox narkotik maddənin tutulması barədə   Dövlət Sərhəd Xidməti  Mətbuat Xidmətinin məlumatı artıq mətbuatda yayılmışdı. Həmin rəsmi  məlumatda oxuyuruq: “Dekabr ayının 29-da gecə saat 02:00 radələrində  Dövlət Sərhəd Xidmətinin  Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun  Perimbel  kəndi,  saat 14:30 isə və Daşkənd  kəndi  yaxınlığındakı Sərhəd Zastavasının  xidməti ərazisində  sərhəd naryadının  sayıqlığı  nəticəsində külli miqadarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.  Sərhəd keşikçilərinin qanuni  tələblərinə məhəl qoymayan sərhəd pozucuları,  hər iki halda odlu silahdan atəş açaraq, sərhədçilərin həyatına təhlükə yaratmışlar. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq, sərhəd keşikçiləri xəbərdarlıq məqsədi ilə  silahdan istifadə etmişdir. Sərhəd pozucuları  üzərindəki bağlamaları ataraq, geriyə, İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq. 158 qr.“heroin”, 142 kq.131 qr. “marixuana”, 4 kq. 792 qr. “metamfetamin”, 3 kq. 025 qr. “tiryək” və  81228 ədəd “metadom M-40” həbləri) aşkar olunaraq götürülmüşdür.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd  mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və  məlumat mübadiləsi aparılmışdır.  Hər iki fakt üzrə  əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Göründüyü kimi, sərhədçilərimizin  xidməti heç də asan deyil, sanki  hər gün müharibə şəraitində xidmət edirlər. Bu məlumatdan sonra, elə oradaca Dövlət Sərhəd Xidmətinin dsx.gov.az saytınna daxil olub, təkcə dekabr ayında sərhədçilərimizin keçirdiyi bir neçə uğurlu əməliyyatlar barədə məlumat aldım. Saytları və qəzetləri izləyən bir ziyalı kimi, bilirəm ki, DSX-nın Mətbuat Xidməti məlumatları yalnız İnformasiya Agentliklərinə göndərir. Qəzet və saytların bəziləri İnformasiya Ağentliklərindən ümumiyyətlə, çox vaxt yazı götürməkdə maraqlı deyillər. Hansısa qrumun Mətbuat Xidmətindən birbaşa sayt və qəzetlərə göndəriləndə onlarda məsuliyyət hissi yaranır və bunu həmin qrumla əməkdaşlıq kimi qəbul edərək, yaymağa maraq gəstərirlər.  Bu zaman  sərhədçilərimizin fədakarlığı barədə məlumatların daha geniş auditoriyaya yayılması təmin edilmiş olur. Bunu nəzərə alıb, demək olar ki, DSX-nın Mətbuat Xidməti işini günün tələbləri səviyyəsində qura bilmir. Mən nəyə görə sərhədçilərimizin sərhəddə keçirdikləri uğurlu əməliyyatlar barədə məlumatları DSX-nın saytından oxumalıyam? Yaxşı olar ki, həmin məlumatlar bütün sayt və qəzetlərdə dərc olunsun ki, hər bir insan üçün əlçatanlığı təmin edilsin. Əlbəttə, bu DSX rəhbərliyinin səlahiyyətində olan məsələdir. Mən sadəcə bu işlərə bələd olan bir oxucu kimi öz fikrimi bildirdim.

DSX-nın saytından  aldığım məlumatlardan aydın oldu ki, sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində ötən ilin təkcə dekabr ayında xeyli  uğurlu əməliyyatlar keçirilib. İstəyirəm bu əməliyyatların bir neçəsi barədə əlavə məlumat verim ki, sərhədçilərimizin vətənimizin sərhədlərində necə qəhrəmanlıqlar göstərdiyini hamı bilsin.  

4

Deməli, dsx.gov.az saytında oxuyuruq:

dekabrın 24-də  Yardımlı rayonun Avaş kəndi yaxınlığında yerləşən sərhəd  zastavasının xidməti ərazisində sərhəd keşikçilərinin sayıqlığı nəticəsində bir nəfər saxlanılmışdır. Saxlanılan Avaş kənd sakini Taryel Babayevdən 2 kq. 300 qr qızıl-zinnət əşyaları  aşkar edələrək götürülmüşdür.

Dekabrın 24-də daha bir məlumat var. Məlum olur ki, həmin gün gecə saat 01:40-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan tərəfindən Rusiya və oradan da Avropa ölkələrinin birinə miqrasiya etmək məqsədi ilə   dövlət sərhəddimizi qanunsuz keçməyə cəhd edən 5 nəfər Pakistan vətəndaşı saxlanılmışdır.

Dekabrın 20-də “Şahtaxtı” dövlət sərhəddinin buraxılış məntəqəsində İran dövləti istiqamətindən Azərbaycan tərəfə rəsmi qaydada keçən İran vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlu saxlanılmışdır. A. Mahmouda məxsus “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük maşınına gömrük əməkdaşları ilə birgə baxış keçirilərkən,  atomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş 37,4 kq. marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Dekabrın 7-də Yardımlı rayonun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd keşikçilərinin ayıq-sayıqlığı nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır.Keçirilən uğurlu əməliyyat nəticəsində

sərhəd pozucuları olan iki İran vətəndaşından  39 kq.785qram narkotik tərkibli marixuana, metadon M-40  psixatrop həblər aşakar edilərək götürülmüşdür.

Dekabrın 4-də Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran tərəfindən qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alınmışdır.Astara rayon sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğluna məxsus 07-BF-653 “Ford tranzit” markalı maşın şübhə doğurduğundan saxlanılmış və keçirilən baxış zamanı 3 ədəd bağlamada 42 kq. 75 qram narkotik vasitəyə bənzər maddələr ( 19 kq. 70 qram “heroin”, 11 kq. 620 qram “həşiş”, 4 kq. 40 qram “tiryək” 2 kq. 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülmüşdür.   

5

Əlbəttə, İran İslam Respublikasında molla rejiminin məramı, məqsədi aydındır. Adlarını İslam respublikası qoyan bir dövlətin başbilənləri,  sərhəddimizdən  gizli yollarla keçirmək istədikləri nakotik maddələrlə ölkəmizdə yeniyetmələrin və gənclərin həyatını zəhərləməyi qarşılarına məqsəd qoyublar ki, bununla da İranın molla  rejimi cəhənnəmi  elə bu dünyada qazanıb. Təbii ki, sərhədçilərimizin ayıq-sayıqlığı, bütün bu cəhdlərin qarşısını alır. Amma, İslam dininə qulluq etdiyini bəyan edən, əslində isə şeytana və erməniyə qulluq edən  molla rejimi dördüncü aydır  üsyana qalxan xalqın sayəsində  gec-tez cəhənnəmə yola salınacadır.

Yuxarıda təkcə dekabr ayında olan çoxsaylı uğurlu əməliyyatların bir qismi ilə sizləri də tanış etdim. Elə qeyd etdiyim bu bir neçə məlumatlar, DSX-nın Sərhəd Qoşunlarının şəxsi heyətinin, həyatlarını riskə ataraq vətənimizin sərhədlərini necə qəhrəmanlıqla qoruduqlarının bariz nümunəsidir.       

Yenə əsgərlərlə olan söhbətimizə qayıdıram. Sərhədçi əsgərlərlə söhbətdən doğrudan da doymaq olmurdu. Amma, biz həmin günü geri qayıtmalı idik.Ona görə də Maştağadan, Suraxanıdan, Gəncədən, Goranboydan və digər bölgələrdən olan, tanıyıb, tanımadığımız hər bir əsgərlə görüşüb hərbi hissəni tərk edirik.Amma, özümüzlə böyük bir sevinc yükü aparırdıq. Çünki, Göytəpədəki “n” saylı hərbi hissənin  komandiri polkovnik Rauf Abdullayev, şəxsi heyət üzrə müavin mayor Ruslan Qəhrəmanov, qərargah rəisi polkovnik-leytenant Pərviz Məmmədov, qərargah bölüyünün  komandiri  kapitan Nəsimi Abdurrzaqov və digər əsgərləri sevən, onların öz övladları qədər qayğısına qalan komandirlər  var. Necə deyərlər, öladlarımız etibarlı əllərdədir.  Peşəsini belə ürəkdən sevən,  bacarıqlı, vətənpərvər komandirlərlə, əlbəttə, vətən  sərhədi də yüksək  səviyyədə qorunacaq və sərhədimizə xor baxanların da gözləri ovulacaq.

Elçin MƏMMƏDLİ

Bakı-Cəlilabad-Göytəpə-Bakı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN