…Ramazan ayı İslam dininin əsaslarından biri olan və haqqında Allahın "Onun mükafatını mən verəcəyəm" - buyurduğunu ehtiva edir.

Allahu Təala buyurub: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir. Sizdən kim bu aya yetişərsə, qoy o, oruc tutsun"- Bəqərə 185.
Allahın Rəsulu (s.a.s) Ramazana yetişmək üçün Rəcəb və Şaban aylarında dua edərdi: "Allahım, Rəcəb və Şaban aylarını bizlər üçün bərəkətli et və bizləri Ramazana qovuşdur" (Təbərani Mücəmül Əfsad 489, Beyhəqi Şübabül İmam 3/375)
Başqa bir ayədə buyurub: "Ey İman edənlər! Sizdən öncəkilərə olduğu kimi sizə də Oruc vacib qılındı ki bəlkə təqvalı olasınız" (Bəqərə 183)
Oruc tuturuq deyə müqəddəs Ramazan ayını təkcə ailəmizlə keçirməməliyik. Çünki Peyğəmbərimizin həyatına nəzər saldıqda Ramazan ayında bir çox mühüm hadisələrin gerçəkləşməsinə şahid oluruq. Qəlblərin Allaha yönəlməsi naminə xüsusən, ürəyi cənnətlə döyünən gənclərin, özünü gənc hiss edənlərin gəncliyin fiziki keyfiyyətlərində deyil, fikirdə, davranışda olduğunu bilən, bunu vicdanən duyanların diqqət yetirməli olduğu bu vəsilə ilə Ramazan ayını tamam fərqli keçirə bilərik. Oruc şərəfli bir ibadətdir. Allah onu özünə nisbət edərək şərəfləndirmişdir: "Oruc mənim üçündür, onun mükafatını da mən verirəm!"
Artıq biz Ramazan ayının içindəyik. Şanlı günləri qarşılayırıq. Böyük İslam dünyası, ümməti Allahın əziz qonağını qarşıladığı kimi mübarək Ramazan ayını da qarşılamalıdır. Xeyir və bərəkətin artdığı, nəfslərin zəncirləndiyi bu ayda ruhlar dünyası təzələnir, təmizlənir.
Dinimiz hər bir müsəlmandan tələb olunan ehtiramla, hazırlıqla, oruc tutmaqla, xeyirxah işlər görməklə, bu işlərdə yarışmaqla Ramazan ayını keçirməyimizi istəyir.
" Oruc qalxandır" hədisi (Buxari Tövhid 35) "Oruc insanla masiva, yəni insanla Allahdan qeyri hər şey arasında pərdə (sədd, mane) olmalıdır, şəklində şərh olunur. Peyğəmbərimizin səhabələri Ramazan ayı gələndə deyirdilər: "Təmizləyici ay xoş gəldin". Çünki bu ay günahları yumaq, nöqsanlardan uzaqlaşmaq və uca Allaha yaxınlaşmaq üçün bir fürsətdir.

 ramazan

 Peyğəmbər (s.a.s) buyurmuşdur: "Kim Ramazan ayını imanla və mükafatını yalnız Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar."
Ramazan ayında cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytan zəncirlənir. Belə bir məqamda görün necə bir fürsət yaradıb Allah bizim üçün. Allahu Təala Rəyyan adlanan xüsusi cənnət qapısı yaradıb ki, o qapıdan yalnız imanla oruc tutanlar keçəcəklər. Onlardan başqa bir kimsə bu qapıdan keçə bilməyəcək.

 Hər il İslam ümməti mübarək Ramazan ayını böyük sevinc hissi ilə qarşılayır, onun pak çeşməsindən içir, ruhunu qidalandırır, nəfs və əzalarını pak edir, ibadətini gücləndirir, təqva ilə yaşayır. Bir ildə topladığı günahlardan təmizlənərək, ayağa qalxıb zəfərə hazırlıq üçün qüvvə toplayır. Çox təəssüflər olsun ki, bu il bir neçə müsəlman ölkələri - Liviya, Suriya, İraqda yaşayan müsəlman bacı və qardaşlarımız dağılma və parçalanma vəziyyətində, qardaş Türkiyədə isə böyük zəlzələ içərisində Ramazanı qarşılayırlar. Əlbəttə, bu fəlakətlər nə qədər ağır olsa da Ramazan sevgisi müsəlman qardaşlarımıza, onların həyatına xeyir-bərəkət gətirəcək, onların həyatına bir günəş şəfəqi kimi saçacaq inşallah. Tarixdə müsəlmanlar çox qaranlıqlardan keçiblər. Sonda isə bu müqəddəs ayda edilən duaların hörməti xatirinə Uca Allah bu xalqlara həmişə olduğu kimi liderlik, öndərlik, firavanlıq məqamını verib. Çünki Allahın istədiyi kimi onun izni ilə hər şey olur. O eşidən və duaları qəbul edəndir. Allahu Təala İnşirah surəsində buyurub: "Şübhəsiz ki, hər çətinlikdən sonra asanlıq gələr"
(Asanlıq yalnız çətinliklə hasil olar).
Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr! Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır.

***
Ramazan ayı mübarək aydır. Bu ayın gəlişi münasibəti ilə İslam dünyasını, eyni zamanda müsəlman bacı və qardaşlarımızla birlikdə yaşayan digər xalqlara da ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Uca Allahdan bizdən və onlardan xeyirli işlərin qəbul olunmasını və bu müqəddəs ayda bizlərə xeyir- dua verməsini diləyərək İslam ümmətində Allaha yaxınlaşdıran ümmətin məqamını yüksəldən, müsəlmanlar arasında mərhəmət və əməkdaşlıq mənalarına çatan hər bir işdə təşəbbüs göstərməyə çağırıram. Bu müqəddəs ayda hər birinizə xeyirxah əməlləri artırmağı, ibadətləri, zikir şükürləri çoxaltmağı, yoxsullara kömək etməkdə bir- birinizlə rəqabətə girməyi, qohumluq əlaqələrini Ramazan ruhuna kökləməyi, yetimləri də unutmamağa çağırıram. Uca Yaradandan diləyirəm ki, bu ayda tutduğumuz orucları, etdiyimiz ibadətləri hidayət yolunda çıraq etsin. Eyni zamanda bu ayı salehlik, rəhmət, məzlumlar üçün qüvvət, tövbə edənlər, itaət edənlər üçün qəbul olunan ay etsin! Xüsusi olaraq tövsiyə edirəm: Hər iki məzhəbdən olan elm əhlindən olan qardaşlarıma dinimizin dəyərlərinə hörmət əlamət olaraq, məscidlərimizin müqəddəsliyini və nüfuzunu qoruyub saxlasınlar.
Ehtiyacı olanlara, yoxsullara, xəstələrə yardımı çoxaltsınlar. Fədakarlığa can atanların yanında olmağa çağırıram. Bir daha Ramazan ayınız mübarək olsun!

Hacı Ceyhun Rüstəmov,

Yasamal İlahiyyət Məscidinin axundu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN