Astara sakini Rizvan Talıbov redaksiyamıza göndərdiyi şikayət məktubunda rayonda hökm sürən acınacaqlı vəziyyətdən və məmur özbaşınalığından bəhs edir. O, şikayətinin təkcə özünün deyil, çoxsaylı rayon sakinlərinin etirazı, harayı olduğunu bildirir.

R.Talıbov yazır ki, bu yaxınlarda sosial şəbəkədə bir polis işçisinin müsahibə videosunu görüb və dəhşətə gəlib: "Səbəb isə həmin şəxsi tanımağım və onun əməllərini bilməyim idi. Amma yenə də dəqiqləşdirməyə çalışdım, dedim, bəlkə səhv edirəm, ad-soyad oxşarlığı var?!

Xeyr, yanılmırdım, elə özüdür ki, var: Nəcəf Aydınoğlu! Vaxtilə rayonumuzda sahə müvəkkili işləyib və çalışdığı qısa müddətdə yol verdiyi özbaşınalıqlara görə nəinki işdən çıxarıldı, əksinə, vəzifəsi daha da yüksəldildi...

Əvvəlcə ondan başlayım ki, ümumiyyətlə, Astarada cənab Prezidentin yürütdüyü siyasəti, dövlət-hakimiyyət-xalq birliyini zəiflədən məmurlar çoxdur və demək olar ki, Astarada aşkar dərəbəylik hökm sürür. Bir çox hallarda bu halın səbəbi vətəndaşların səssiz qalmasından, aidiyyəti orqanlara şikayət etməməsindən qaynaqlanır. Nəticədə, məmurlar etdikləri əməllərin cəzasız qaldığını görüb daha da cəsarətlənirlər.

Məsələn, elə götürək rayonda təhsilin, orta məktəblərin vəziyyətini. Yaşadığımız ərazidə yerləşən F.Əliyarov adına 6 saylı şəhər orta məktəbindəki acınacaqlı durumdan bezar olmuşuq.

Xatırladım ki, 3 il öncə məktəbdəki durum son dərəcə xaotik bir vəziyyətə çatmışdı və iş hətta polislik olmuşdu.

İcazənizlə, bir qədər detallı izah edim və başda adını çəkdiyim polisin hekayəsini danışım.

Belə ki, o zamanlar direktor, rayonda mənfi imicə sahib olan Elçin Mirzəzadə məktəbi demək olar ki, "karvansaraya" çevirmişdi. Gələn-gedən məktəbə daxil olub, istədiyi hər şeyi edə bilirdi. Bəzi müəllimlər şagirdləri istədiyi şəkildə təhqir edir, döyürdü. Məktəb, demək olar ki, məktəbliyini itirmişdi...

Məktəbdəki bu dözülməz durum demək olar ki, yalnız bir işçini narahat edirdi. Belə ki, o zamanlar (2018-ci ildə) yeni gələn psixoloq Daşqın Əliyev mövcud vəziyyətlə barışmadı, direktora qarşı şagirdlərin, valideynlərin mənafeyini müdafiə etdi. Nəticədə, direktor tərəfindən təhqirlərə, hədələrə məruz qaldı, sonda da qanunsuz şəkildə işdən çıxarıldı.

Həmin vədələrdə iş gedib polisə də çıxdı.

Psixoloq Daşqın Əliyev direktor Elçin Mirzəzadə tərəfindən təhqir və hədələrə məruz qalmasının səs yazısını polisə təqdim edib, qanuni tədbirlər görülməsini tələb edib. Səs yazısında aşkar şəkildə "eşşək" ifadəsi keçir, fiziki hücum barədə təhdidlər də yer alırdı. Hüquşünasların dediyinə görə, ən azı bu xırda xuliqanlığa görə direktor həbs olunmalıydı. Bu, birmənalı idi.

Əslində, hər şey polisin qərarından asılı idi. Polis verməli olduğu qərarı verərək E.Mirzəzadəni bir neçə günlük həbs etsəydi, məsələlər avtomatik olaraq qaydasına düşəcəkdi. Direktor işdən çıxarılacaqdı, psixoloq işə qayıdacaqdı və məktəb rəhbərliyinin əməllərinə alət olan bəzi işçilər yerlərini biləcəkdi, vəziyyət xeyli düzələcəkdi. Bir sözlə, bu həngaməni, bu biabırçılığı bitirmək polisdən asılı idi. Sakinlər inanırdı ki, polis vəziyyəti nəzərə alıb, üzərinə düşəni edəcək.

Amma nə baş versə yaxşıdır? Bir neçə gündən sonra məlum oldu ki, direktor nəinki həbs olunub, hətta Daşqın Əliyev polis şöbəsində psixoloji və fiziki təzyiqə məruz qalıb!

Səs yazısında hər şey aydın eşidilirdi (Psixoloq, deyəsən, ayıq tərpənib, polis idarəsində də səs yazan qurğunu işə sala bilmişdi). Polis psixoloqa "Sən kimsən əə?" deyə bağırırdı...

Sözün həqiqi mənasında şoka düşmüşdük. Valideynlər olaraq "daha bu qədər də olmaz!" dedik.

Və cəmi bir neçə gündən sonra polis Nəcəf Aydınoğlunun işdən çıxması xəbəri gəldi. Biz şikayət etməyə macal tapmamış "dabanına tüpürüb" Astaradan "qaçmışdı"...

Şagirdlərə, valideynlərə, psixoloqa etdiyi qanunsuz hərəkətləri dərk etdiyi üçün aradan çıxmışdı...

…Və 3 ildən sonra qarşımıza çıxan videodan aydın olur ki, polis Nəcəf Aydınoğlu nəinki cəzalandırılıb, hətta daha yüksək vəzifəyə keçib... Sözümü sonda sualla bitirirəm: çalışdığı qısa müddətdə Astara sakinlərinin gözündə mənfi imic qazanan, yüzlərcə şagird və valideynin hədəfinə tuş gələn, haqq-ədaləti deyil, şəxsi maraqları rəhbər tutan bu polis əməkdaşı, görəsən, əlindəki daha geniş səlahiyyətlər müqabilində nələr etməyəcək?".

Məsələ ilə bağlı sözügedən polis əməkdaşının münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN