Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Oqtay Hüseynov: "...Əsərin rus dilinə tərcüməsi barədə düşünürük..."
Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanı Rusiyanın Mari El Respublikasında yaşayan soydaşlarımızın da böyük marağına səbəb olub. Belə ki, Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Oqtay Hüseynovun "Sonuncu əmr" romanı ilə bağlı təəssüratlarını oxucularımıza təqdim etdik.
O.Hüseynov əsər haqqında "Təzadlar"a göndərdiyi məktubunda yazır:
- Dünyanın harasında olursaq olaq, Azərbaycanımızla qürur duyur, onu bir an belə unutmuruq. Çünki doğma vətənimizin havası, suyu ilə böyümüşük, biz orada təhsil almışıq, sənət, peşə sahibi olmuşuq, bu gün qazandığımız uğurların hamısı onun ünvanına yazılır. Hər dəfə vətənə dönəndə inanılmaz inkişafın şahidi oluruq. Bu inkişaf bizi qürurlandırır və vətəndən uzaqda olsaq da, çox sevindirir. Vətənin hər daşı, hər qayası insana müqəddəs görünür, çünki onlar vətən torpağının bir parçasıdır. Məlum olduğu kimi, Qarabağ münaqişəsi Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. 30 il həsrətində olduğumuz Böyük Qələbə xəbərini eşitməkdən qürur duyduq. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və göstərişilə rəşadətli Azərbaycan Ordusu anti-terror əməliyyatı apararaq Ermənistan üzərində şanlı qələbə qazandı. Prezident İlham Əliyev öz iradəsi və diplomatik məharətilə xalqımıza və dünya azərbaycanlılarına böyük zəfər və fəxarət hissi yaşatdı. Bu şanlı qələbəyə dünya azərbaycanlıları ürəkdən sevindi. Xaricdəki soydaşlarımız da böyük sevinc və coşğu ilə bu qələbəni qeyd etdilər. Bu bir daha göstərdi ki, cismən vətəndən uzaqda olsaq da, qəlbən doğma yurdumuzla nəfəs alırıq.
Rusiya Federasiyasının Mari El Respublikasında yaşayan biz azərbaycanlılar doğma vətənimizdəki yenilikləri diqqətlə izləyirik. İnternet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr vasitəsilə mütəmadi şəkildə ölkəmizlə bağlı əldə etdiyimiz həqiqətləri respublika ictimaiyyətinə çatdırılması fəaliyyətimizin mühüm istiqamətlərindən biridir. Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri olaraq dövlətimizin tarixinin, zəngin ədəbi və mədəni irsinin yaşadığımız ölkədə geniş tanıdılmasının zəruriliyini dərk edərək bu istiqamətdə işimizi daha da gücləndirməyə çalışırıq.
Bu günlərdə uzun müddətdir çox sıx əməkdaşlıq etdiyimiz “Təzadlar” qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən “Sonuncu əmr” romanını PDF formatda əldə edərək oxudum.
"Rəhbəri olduğum Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin baş ofisində "Sonuncu əmr" romanının ictimai müzakirəsini etdik, sanki Qarabağ hadisələrini yenidən yaşadıq..."
Öncədən qeyd etmək istəyirəm ki, düşmən üzərində parlaq qələbəmizi əks etdirən bu əsər şərəf tariximizi yazanların adını əbədiləşdirməyə xidmət etməklə bərabər, qəlbimizdə fəxarət, sevinc, hüzn kimi müxtəlif hisslər doğurur. Eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti vardır.
Bu günlərdə isə rəhbəri olduğum Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin baş ofisində soydaşlarımızın iştirakı ilə adı çəkilən əsərin ictimai müzakirəsini etdik. Sanki Qarabağ hadisələrini yenidən yaşadıq.
Romanda şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun real faktlara əsaslanan bir sıra uğurlu kəşfiyyat əməliyyatları bədii təsvir və ifadə vasitələrinin imkanlarından istifadə edilməklə, peşəkar səviyyədə qələmə alınmışdır. Müəllif oxucunu bir anlığa Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyinin bütün beynəlxalq və bəşəri normaları kobudcasına pozaraq, tarixən Azərbaycan torpağı olmuş Qarabağda törətdiyi soyqırım və dəhşətlərin necə cərəyan etdiyi 1990-cı illərə aparır. Hansı ki, o illərdə mənim də yurd yerim olan Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsindəki 2 nömrəli şöbə qəsəbəsi və qohumlarımın yaşadığı qonşu kəndlər işğal edilmişdir.
Əsəri oxuduqca, orada baş verən hadisələr gözümün önündə canlanır, igid oğullarımızın timsalında Orxan Əkbərovun qəhrəmanlığı, ailəsi ermənilər tərəfindən girov götürülərək vəhşicəsinə öldürülmüş Rəşadın ermənilərdən qisas almaq üçün necə qovrulduğu kino lenti kimi gözümün önündən keçir. Oxucu özünün xəbəri olmadan həmin hadisələrin içərisinə daxil olur və əsər boyu müəlliflə birgə, sanki qəhrəmanın taleyini yaşayır. Belə ki, əsərdə tanış olduğumuz Ağdamdan olan Rəşad kiçik yaşlarında valideynləri ilə birlikdə Xocavənd rayonundakı əmisigilə qonaq gedir. Gecə saatlarında əmisi və bibisi ilə birlikdə atası, anası və kiçik qardaşıyla Ağdama qayıdarkən dumana düşüb yolu azırlar.
Bu vaxt ermənilər onları girov götürür, Hadrutdakı mobil hərbi hissələrdən birinə aparırlar. Ruben adlı erməni hərbçi Rəşadın atasını, əmisini, eləcə də anasını və bibisini kamera qarşısında Ermənistanın “haqq işini” dəstəkləməyə məcbur edirlər. Rəşadın kiçik qardaşı soyuqdan və aclıqdan ölür. Rubenin tələblərinə əməl etmədiyinə görə Rəşadın valideynləri və əmisigil ermənilər tərəfindən güllələnir, sonra da odda yandırılırlar. Ailədən yeganə sağ qalan Rəşad olur. O, iki dəfə qaçmağa müyəssər olsa da, ermənilər onu meşədə tutub yenidən Rubenin qarşısına gətirirlər. Ruben onu ağır xəstə olan qardaşı oğlunun böyrək əməliyyatı üçün Ermənistana göndərmək qərarına gəlir. Təsadüfən Beynəlxalq Qırmızı Xaçın nümayəndələri Rəşadı xilas edərək Azərbaycan tərəfinə təhvil verir.
İnanın, əsəri oxuduqca başımdan tüstü çıxırdı... Düşmənin əzazilliyi, bəşəri cinayətləri məni dəhşətə gətirirdi... Təsəvvür edin, ailəsini itirən Rəşadın Ağdamda yaxın kimsəsi qalmadığından, onu Sankt-Peterburqdakı dayısının yanına göndərirlər. Dayısı ailənin başına gətirilənlərdən sarsılır. Rəşad ona anasının son vəsiyyətini çatdırır. Anası qaniçən Rubenin göstərişi ilə üstünə benzin töküb yandırılanda Rəşada qışqıraraq deyir ki, əgər sağ qalsa, bu alçaqlardan qisasını alsın! Beləcə, dayısı Rəşadı Özbəkistandakı dostlarının yanına aparır, orada onu guya mina partlayışında ölmüş erməni dostunun uşağı kimi təqdim edərək ona erməni adı ilə doğum şəhadətnaməsi düzəldir. Sonra Sankt-Peterburqda pasport qeydiyyatında olan bir erməninin vasitəsilə Rəşada Rusiya vətəndaşlığını təsdiqləyən pasport düzəlməklə, onun təhsil alması üçün erməni məktəbinə qoyur. Rəşad paralel olaraq erməni dil hazırlıq kursuna gedir, bu dili mükəmməl öyrənir. Eyni zamanda, rus dilini öyrənir. Sonra Rusiyada orta məktəbi bitirir, hərbi xidmətə yola salınır. Hərbi xidmətə gedərkən kəşfiyyatçıları yetişdirən hərbi hissəyə düşür. Təsadüfən həmin hərbi hissənin komandiri erməni polkovnik olur. O, sənəddə adı Roman olan Rəşadı erməni bilib ona kəşfiyyatın bütün sirlərini öyrədir. Rəşad hərbi xidmətdən sonra universitetə daxil olur... Dayısı ona öz qızı ilə ailə qurmağı təklif edir. Lakin Rəşad anasının vəsiyyətini yerinə yetirməyənədək evlənməyəcəyini bildirir... O, qisas gününə hazırlaşır...
***
Əsərdə diqqət çəkən məqamlar olduqca çoxdur. Belə ki, Rəşad Rusiya vətəndaşı olan erməni kimi iki dəfə Ermənistana gedir, oradan Qarabağa keçmək istəyir, lakin Laçın ərazisində bu cəhdi baş tutmur. Nəhayət, Azərbaycana qayıdır. Qarabağa necə keçməyin yollarını öyrənməyə çalışır. Ona “Qartal” ləqəbli polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərovla görüşməyi tövsiyə edirlər. Rəşad Biləsuvara - “Qartal”ın yaşadığı ünvana gedir. Onunla görüşür. Başına gələnləri ona danışır və Hadruta - Rubenlə görüşə getmək arzusunu ona çatdırır. “Qartal” bu barədə 2-ci korpusun komandanı, general-mayor Mais Bərxudarova məlumat verir. Rəşadın sənədləri xüsusi xidmət rəisi tərəfindən tam yoxlanılır. Eyni zamanda Rəşadın ətrafında məxfi araşdırma aparılır, o, sınaqdan uğurla çıxır. Məqam yetişəndə “Qartal” onunla birlikdə kəşfiyyata getməyə qərar verir. Onlar 2020-ci ilin yaz aylarında Hadrut istiqamətində kəşfiyyata yollanırlar. Hər ikisi Hadruta çatır, Rəşad erməni dilini mükəmməl bildiyindən bütün söhbətləri özü aparır, sonra da bir erməni qarının evini kirayələyirlər. Bu arada Rubenin yerini də öyrənirlər. Kəşfiyyata getməzdən əvvəl Rəşadın dayısı Hadrutdan olan bir erməni vasitəsi ilə Rubenin hələ də sağ olduğunu dəqiqləşdirir. Bu arada Rəşad ona meylini salmış, əri bir neçə ay əvvəl Azərbaycan hərbçiləri ilə atışmada öldürülmüş Sara adlı qadınla tanış olur. Rəşad onunla evlənəcəyini bildirərək ermənilərin ərazidəki hərbi bazalarının, dayaq məntəqələrinin və s. yerini öyrənir.
Beləliklə, kəşfiyyatın sonuncu günü həmin obyektləri minalayırlar və Rəşad Rubenlə sonuncu görüşə - onunla haqq-hesab çəkməyə gedir. O, Rubenin evində vaxtilə anasının boynunda olmuş qızıl klonu divardan asılan görür. Rəşad Rubeni dilə tutur, erməni qaniçən azərbaycanlı əsir və girovlara necə işgəncə verdiyini həvəslə danışır. O, bir azərbavycanlı ailəsini necə güllələyib tonqalda yandırdığını, sağ qalan bir uşağı isə Ermənistana göndərmək istədiyini, bunun təsadüfən baş tutmadığını, hətta həmin girov düşmüş uşağın əlinin üstünə ocaqda qızarmış şişlə damğa vurduğunu və s. böyük həvəslə Rəşada danışır. Bu məqamda Rəşad ondan soruşur ki, həmin uşaq qarşısına çıxsa, onu tanıya bilərmi? Qoca Ruben “Çətin ki, o uşaq sağ qalsın, onu o qədər ac saxlayıb döymüşəm ki...” deyəndə, Rəşad əllərini ona göstərir və “Həmin uşaq qarşındadır, qoca Ruben!” deyərək anasının vəsiyyətini yerinə yetirir... Rəşad daha sonra Rubenin evini yandıraraq “Qartal”la vədələşdikləri yerə gəlir və hər ikisi sağ-salamat hərbi hissəyə qayıdırlar.
***
İgid kəşfiyyatçılarımız sonrakı kəşfiyyat əməliyyatında da ermənilərə ağır zərbələr vurub geri qayıdırlar. Nəhayət, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu düşmən üzərinə hərəkət edir və ağır döyüşlər başlayır. Rəşad və “Qartal” da, yəni polkovnik-leytenant Orxan Əkbərov həmin döyüşlərə atılırlar. Və oktyabrın 2-də hər ikisi qəhrəmancasına şəhid olur.
***
Yeri gəlmişkən, burada çox maraqlı bir məqamı qeyd etmək istəyirəm. Əsəri oxuyarkən kitabın adında da qəribə bir məna yatdığını öyrəndim: sən demə, həmin gün, yəni əfsanəvi kəşfiyyatçının şəhid olduğu gün 2-ci Korpusun Komandanı, general-mayor Mais Bərxudarov Orxan Əkbərova son dəfə əmr verərək, hücuma keçib Füzuli istiqamətində əsas strateji yüksəkliyi ələ keçirməyi tapşırır... Əsərdə bu məqam olduqca ibrətamiz formada təsvir olunur: ağır döyüşlər zamanı Orxan Əkbərov döyüşçüləri ilə birlikdə mühasirəyə düşür. O, döyüşçülərinə əmr edir ki, ailəlilər dərhal ərazini tərk edib geri çəkilsin. Lakin heç kim komandiri tək qoymaq istəmir. Nəhayət, o, sonuncu dəfə əmr edir ki, əgər getməsəniz, düşmən snayperləri hamınızı öldürəcək, elə isə mən sizi əmrimə tabe olmadığınız üçün burada güllələyəcəyəm ki, heç olmasa, düşmən gülləsindən ölməyəsiniz, düşmən sevinməsin. Bunu görən ailəli döyüşçülərin hamısı ərazini məcburən tərk edir, onların hamısı mühasirədən çıxırlar. Lakin Orxan Əkbərov Rəşad da daxil, 6 nəfərlə birlikdə düşmənin yüzə yaxın döyüşçüsünü, hərbi texnikalarını məhv edir və sonda özləri də həmin döyüşdə qəhrəmancasına şəhid olurlar.
Onu da diqqətə çatdırım ki, əsərdə Azərbaycanın 30 ildən çox müddətdə işğal altında qalmış torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xüsusi qəhrəmanlıqla cəmi 44 günə düşməndən azad edilməsi, qəhrəman oğullarımızın necə qorxmaz və torpaq uğrunda özünü ölümə belə verərək igidlik göstərməsi ilə yanaşı, həm də Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlığı, Rəşadın timsalında düşməndən qisas almayana kimi yaşamaq haqqının olmadığı və s. oxucuya bədii təsvir və ifadə vasitələri ilə çatdırılır.
Əsərin bir çox müsbət xüsusiyyətləri var. Onlardan ən vacib məqamlardan biri də odur ki, igid kəşfiyyatçılarımız olan “Qartal” və Rəşadın nümunəsində Azərbaycan döyüşçüləri ermənilərdən qisası da ləyaqətlə almağı bacarır, qeyri-insani hərəkətlərə yol vermirlər, qadın və qocalara, uşaqlara rəhm etməyi bacarırlar. Məsələn, əsərdə belə bir məqam var: İrandan gələn yük maşınları ermənilərin işğalı altında olan Qarabağ ərazilərində “metallom” yığmaqla məşğul olur. İki İran sürücüsü erməni Saraya yaxınlaşıb ona intim münasibət təklifləri edirlər. Bu zaman orada məcbur çalışdırılan əsir və girovluqda olan azərbaycanlılardan biri iranlı sürücünün nalayiq hərəkətinə dözmür və onu döyür... Ermənilər həmin azərbaycanlı əsiri alqışlayıb “Sən kişi adamsan, afərin!” deyərək ona minnətdarlıq edirlər.
Əsərdə, eləcə də dünyanın rəsmi mətbuatında yayılmış və Zori Balayanın yazdığı, azərbaycanlılara Xocalıda, digər ərazilərdə necə işgəncələr verdikləri, insanlığa yaraşmayan vəhşiliklər törədikləri ermənilərin öz dilindən səsləndirilir.
"Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin baş ofisində soydaşlarımızın iştirakı ilə apardığımız ictimai müzakirələrdə də dedim ki, "Sonuncu əmr" romanı təkcə bu gün üçün deyil, gələcək üçün yazılmış əsərdir..."
Kitab bir məqamla da diqqəti cəlb edir ki, “Sonuncu əmr”də Azərbaycan Ordusunun dünyaya səs salan, düşməni kapitulyasiyaya məcbur edən qələbəsi bədii təsvir və ifadə vasitələrindən peşəkarlıqla istifadə olunmaqla müəllifin intellekti, yüksək yaradıcılıq potensialı, bədii imkanları ortaya qoyulub. Həmçinin sonda “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun məhz onu yaratmış və uydurmuş separatçıların özləri tərəfindən buraxılması, hamısının həbs edilərək Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi, ən nəhayət, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, eləcə də Xocalıda Azərbaycan bayrağının ucaldılması, 8 noyabr Qələbə Paradının isə Xankəndidə qəbul edilməsi rəsmi xroniki ardıcıllıqla verilib. Belə hesab edirəm və rəhbəri olduğum Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin baş ofisində soydaşlarımızın iştirakı ilə apardığımız ictimai müzakirələrdə də dedim ki, “Sonuncu əmr” təkcə bu gün üçün deyil, gələcək üçün yazılmış əsərdir...
***
Hesab edirəm ki, “Sonuncu əmr” romanı Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən ilk bədii əsər kimi gələcək nəsillərə bu günümüzdən ötürülən bir tarixi dərs və ən qiymətli mirasdır. Hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün böyük töhfə olan “Sonuncu əmr” romanı inanırıq ki, ürəklərdə və kitab rəflərində layiqli yerini tutacaq.
Sonda bir məqamı da qeyd etmək istəyirəm: Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni Muxtariyyətinin sədri olaraq çox ümidvaram ki, bu ilin may ayının sonunadək müəllifin və bu kitabda əziyyəti, zəhməti olan yaradıcı qrupu dəvət edərək Mari Eldə “Sonuncu əmr” kitabının təqdimatını keçirəcəyik.
Azərbaycanımıza alovlu salamlar olsun! Qarabağ Azərbaycandır!
Təqdim etdi: Elbar ŞİRİNOV