...1992-ci ildən jurnalistikadayam. 5 kitabın, minlərlə yazıların müəllifiyəm. Amma ilk dəfədir ki, demək istədiyim sözləri qələmə almaqda çətinlik çəkirəm. Çünki haqqında yazmaq, anlatmaq istədiyim elə bir möhtərəm şəxsiyyət olub ki, (bu gün belə onu sevənlərin qəlbində şəxsiyyət olaraq qalmaqdadır) haqqında nə qədər xoş söz desəm, yazsam belə az olar. Həqiqətən kəlmələr belə o şəxsiyyətin bədii ictimai-siyasi obrazını tam şəkildə canlandırmaqda yetərsizdir! O qədər xoş xatirələr var ki, onları tam şəkildə oxucuya çatdırmağa qəzet, sayt səhifələri yetərsiz olar. Nəticədə, yenə də tam şəkildə nəyi isə deməmiş, yazmamış olaram. Çünki bizlərin ölüm olan ağır itkimiz var. Heç bitməyən ağrımız, acımız, darıxmaqlarımız var... 

Bəli, haqqında söhbət açaraq barəsində qələmə aldığım, daima hörmət etdiyim şəxsiyyət Fəttah Səməd oğlu Heydərovdur. O şəxsiyyət ki, 4 ildir artıq onu sevənlərin həyatında yoxdur. Yeri Cənnət-məkan olsun! Hələ də yoxluğu ilə barışa bilmirik. Hələ də gözlərimiz onu axtarır. Hələ də acımız dinmir...

***

Bir jurnalist olaraq bu yazını tam başqa motivdə yaza bilərdim. Məsələn, tanınmış dövlət məmurlarının, ictimai-siyasi xadimlərinin, onun vaxtı ilə üzv olduğu şura və partiya nümayəndələrinin Fəttah Heydərov haqqında düşüncələri əsasında yaza bilərdim. Amma yox, mən bu şəxsiyyət ilə əlaqəli yazıma başqa bir prizmadan baxmağı, yazmağı seçdim. Onu özümün necə xatırladığımdan, tanıdığımdan, bildiyim xatirələrdən yazmağı üstün və məqsədəuyğun hesab etdim. Amma o xatirələrə keçmədən öncə Fəttah Heydərovun kimliyi haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırıram: 

- Vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,  Azərbaycan Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvü olan mərhum Fəttah Səməd oğlu Heydərov  23 fevral  1938-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan  olmuşdur. 

1955-ci ildə  Nehrəm  kənd orta məktəbini, 1959–1964-cü illərdə  Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.

1990-1995-ci illərdə  Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur.  Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuş Azərbaycan Ağsaqqallar Şurasının sədri işləmişdir.

SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir.

20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir.

21 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilmişdir.

22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal" ordeni ilə təltif edilmişdir.

Fəttah müəllimlə ilk tanışlığım illərə dayanır. O vaxt 25 yaşım var idi. İlk dəfə onu Milli Məclisə jurnalist kimi getdiyim zaman görmüşdüm. İndiki kimi xatırlayıram. Qış ayları idi. Mənim əynimdə qara şalvar, ağ köynək, başımda norka papaq, üzərimdə isə papağın şubası var idi. İclasın başlamasına 5-10 dəqiqə qalmışdı. Lojada bir neçə deputatla dayanıb söhbət edən Fəttah Heydərovla üz-üzə gəldik. Onun əzəmətli qaməti, şux duruşu, kəskin və dərin mənalı baxışları ilə göz-gözə gəldim. Sanki yerimdə donub qaldım, boğazım belə necə düyünləndisə salam belə verə bilmədim. Mənə baxdıqdan sonra çönüb yanındakı Miri Qənbərova və digər deputalara - məni qınamayın, bu norka papaq bəzi kişilərdən çox bu uşağa yaraşır dedi. Sonra zala daxil oldular...

İkinci görüşümüz aylar sonra bir dövlət məmurunun iqamətgahında orucluq ayı ilə əlaqədar iftar süfrəsi verildiyi zaman oldu. Bu dəfə artıq salam vermək cəsarətini göstərdim. O da öz növbəsində başını həfif tərpədərək ətrafındakılardan mənim kimliyimi xəbər aldı. Onlar mənim jurnalist olduğumu, həmçinin Məşhəd ziyarətindən yeni gəldiyimi vurğuladılar.

Fəttah müəllim, - Hə, deməli, sən qarabağlısan, - deyib üzümə baxdı: - Bu dik və qürurlu duruş, gözəl simanın haradan gəldiyi aydın oldu. Day denən Şuşanın və Ağdamın havasın almısan ki...

Sonra sözünə belə davam etdi: – Narahat olma, o torpaqlara yenə gedəcəyik, bir az zaman var sadəcə...

Daha sonra məni məşhədi xanım olduğum üçün təbrik etdi. Qarabağa gedənədək, hələ səni Kərbəla ziyarətinə göndərək deyərək, yanındakılara lazımi tapşırıqları verdi. Məqamında qeyd edim ki, Fəttah Heydərovun özü də Kərbəla ziyarətində olmuşdur. Bəli, mən 15-20 gün sonra sentyabr ayında öz ad günümü, 26 yaşımı Kərbəlada qeyd etdim. Bundan böyük xoşbəxlik yox idi mənim üçün.  Hətta Bakıya qayıdanda, dekabr ayında Qafqaz  Müsəlmanları İdarəsi məni jurnalist kimi Həcc ziyarətinə göndərdi. Və beləliklə, mən 26 yaşımda hacı xanım da olmuşdum.   

Fəttah Heydərov Azərbaycan dövlətinə və dövlətçiliyinə bağlı bir şəxsiyyət idi. Bunu bugün daxil heç bir kəs inkar edə bilməz. Onun Ulu öndər Heydər Əliyevlə olan dostluq münasibəti, İlham Əliyevə olan inamı bütün bunların bariz nümunəsidir. Hətta indiki kimi yadımdadır. Prezident İlham Əliyev hakimiyyətə təzə gəlmişdi. Bir çox deputatdan, Fəzail Ağamalıdan, o cümlədən mərhum Hadı Rəcəblidən, Miri Qəmbərovdan və Fəttah Heydərovdan gənc prezidentimiz İlham Əliyevin haqqında onların fikirlərini öyrənmişdim. O zaman Fəttah Heydərovun İlham Əliyev haqqında  dediklərini oxuculara xatırladım. “İlham Əliyevin xüsusi bir təbliğata ehtiyacı yoxdur. Biz ölkə başçımıza özümüz qədər inanırıq. O həm gənc, savadlı, tərbiyəli, uzaqgörən bir dövlət başçısıdır, eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin oğlu, onun davamçısı və layiqli bayraqdarıdır. İlham Əliyev Azərbaycan xalqının oğludur, övladıdır. Gələcəyimizin zəmanətidir! Son günlərdə Azərbaycanda görülən işlərə baxanda bu qənaətə gəlirəm ki, tezliklə ölkə başçımız Bakını elə gözəlləşdirib, elə tanıdacaq ki, Azərbaycan Qafqazın İsveçrəsi olacaqdır. Çünki gündəmi artıq Azərbaycan müəyyənləşdirir. Azərbaycan öz sözünü dünya arenasında deyir. İlham Əliyev dövlətin və dövlətçiliyin hüquqlarını layiqincə qoruyur, müdafiə edir və artq Azərbaycan kimlərinsə sözləri ilə oturub-durmur, əmirləri icra etmir. Əksinə, öz sözünü onların öz dillərində faktlarla, sübutlarla deyir. Beləliklə, Azərbaycan özü daha itaət etmir. İtaət etdirir. Bax bu, əsil Azərbaycanın qələbəsidir. Azərbaycanı artıq bütün dünya tanıyır. Ölkəyə gələn istər iş adamları, istər turistlər dediklərimin bariz nümunələrindən biridir. İnanıram ki, ikinci böyük qələbə Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Qarabağ torpaqlarının işğaldan azad olunması ilə qazanılacaqdır. Sökülmüş, dağılıb-talan edilmiş abidələrimiz, məscidlərimiz, evlərimiz, təhsil ocaqlarımız, iaşə obyektlərimiz, aeraopoertlarımız yenidən daha gözəl tikilib öz sakinlərinin ixtiyarına veriləcək. Beləliklə, Qarabağı tək qarabağlılar deyil, Avropa, Asiya ölklələri də tam şəkildə tanıyacaqdır. Hətta istirahətə belə turistlər Qarabağa gəlməyə can atacaqlar. İş adamları isə Qarabağda işləmək üçün bir-birləri ilə rəqabətə girəcəklər. Bütün bunların baş verəcəyindən tam əminəm. Çünki İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısıdır. O, bunları artıqlaması ilə həyata keçirəcəkdir”.

Allah sizə rəhmət eləsin Fəttah müəllim. Siz həqiqətən böyük adam, dahi şəxsiyyət, el ağsaqqalı idiniz. Hər şeyi əvvəlcədən bütün incəliyinədək söyləmişdiniz. Bu gün dediklərinizin hər birini dövlət başçımız etmiş və etməkdə də davam edir.

Peşəmlə əlaqəli dəfələrlə dövlət tədbirlərində Fəttah müəllimlə görüşlərimiz olurdu. 5-10 dəqiqəlik  ayaq üstü danışıqlarımız bu şəxsiyyətə olan hörmətimin artmasına səbəb olurdu. O, çoxlarının mənəvi atası olmuşdur. Saysız-hesabsız nə qədər gəncə qol-qanad olmuş, çoxlarına çörək vermişdir. Həmişə də etdiklərini gizlədərək deyirdi: - Kişi etdiyi yaxşılıqları deməz.

Bütün bunları görüb eşitdikcə mən onu özlüyümdə Xan Çinar adlandırırdım. Düzdür, o cəsarəti tapıb Fəttah müəllimə bunu heç vaxt deyə bilmədim. Amma o, gerçəkdən sanki Xan Çinarı idi. Kölgəsinə yüzlərlə insan sığınırdı. Qapısına gedən, ona sığınan heç vaxt naümid geri qayıtmırdı. Hər kəsin köməyinə yetişirdi.

İllər sonra bir məmurun ad günü və təqdimat mərasimi ilə əlaqəli tədbirdə görüşdük. Tədbirdə bir tanınmış şəxs: - Ay Fəttah (yaşıdı idi), ay ağsaqqal, sənin ad günün ayın neçəsi idi? - deyə xəbər aldı. Fəttah müəllim xəfif gülümsəyərək zarafatyana "nədi, hədiyyə alacaqsan?" – dedi. Qarşı tərəf cavab olaraq "Hə, niyə almıram? Nərd alaram", - deyə vurğuladı. Fəttah müəllim də "çox sağ ol, elə bil aldın, həm də var evdə",  - deyə bildirdi. Lakin qarşı tərəf yenə israr etdi: - Yox ey, demədin nə vaxtdır. Qaçma sualdan. 

Fəttah Heydərov sərt baxışla "mən nə vaxt nədənsə qaçmışam? Kişilər günündə", - deyə cavabını verdi.

Qarşı tərəf isə sakit tonla "Hə, 23 fevral, yadıma düşdü", - dedi.

Fəttah Heydərovla bağlı o qədər xatirəm var ki. Amma indi özümlə bağlı digər bir xatirəmi də sizlərlə bölüşüm. Sözügedən yığıncaqda cəsarətimi toplayıb Fəttah müəllimə yaxınlaşıb mənə həyat və insanlar haqqında bir neçə məsləhət verməsini rica etdim. Etiraf edim ki, məndən bu sualı gözləmirdi. Bir anlıq susdu. Görünür, məni qırmamaq ya da  öz böyüklüyündən yanındakı boş masanı göstərərək, otur və yadında saxla dedi:

- Bəzən həyat insanı elə bir nöqtəyə gətirirki o zaman kimsənin sənin yanında olmasına gərək qalmır. Çalış tək başına bir “iqtidar ol”.

- Unutma, yaltaq insanların qibləsi olmaz, çünki onlar güclü gördüyü hər yerə səcdə edərlər.

- Təksən deyə pis olma. Çünki kürəyini söykəyə biləcəyin ən sağlam yer Allahdır.

- Heç kimin evinin işığı sənin evinin içinə düşməyəcək.

- Qaranlıqdakı kölgən belə səni zaman-zaman tərk edir.

- Arxanda dağ kimi dura bilməyəcək insanlarla nə dost, nə də yar ol. Çünki onlar ilk çətinlikdə səni qoyub qaçacaqlar.

- Bildiyim qədərilə sən çox güclü, mərd və qürurlu qadınsan. Hər zaman belə qal. Ağlaya bilərsən, gecə yuxusuz da qala bilərsən. Amma səhəri dik durmağı bacar.

- Sevən insan əngəl tanımır. Nəticəsi ölüm daxil olsa belə.

- Getdiyin yolda əminsənsə və vicdanın rahatdırsa, deməli, sən haqlısan. Bu zaman sənin yolunu tozlu görənlər öz pəncərələrinin tozunu silsin.

- Hər süfrədə oturma. Oturası olsan onda yalnız “qurdlar” süfrəsində otur.

- Hər kəslə dostluq etmə. Dost ikinci sən olmalıdır. Başqa cür mümkün deyildir.

- Həyatını elə dəyərli yaşa ki, insanların çox şansı olmasın. Bir dəfə edilən səhvi bağışlama. Çünki ikincisi, üçüncü də olacaq.

- Bir kişinin keyfiyyəti pulu və ya görünüşilə deyil, ağzından çıxan sözün arxasında durması ilə ölçülür.

- Qürurlu qadının sözü bəzi qüvvətli kişilərin yumruğundan sərtdir.

Son olaraq bildirimki, gözəl ailə başçısı, əsl Azərbaycan kişisi, oğlu, övladı, atası, babası, el – obanın ağsaqqalı və ən əsası Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik  Kəmaləddin Heydərovun  atası, "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti  Taleh Heydərovun babası Fəttah Heydərov 4 avqust 2020-ci ildə vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

Bu gün Fəttah  müəllim  cismən yanımızda deyil, amma ruhən bizimlədir. Nə qədər ki, Azərbaycan adlı bir dövlət var, nə qədər ki, biz qələm sahibləri varıq, əsla Fəttah Heydərov kimi insanlar unudulmayacaq. Onun əziz xatirəsi hər zaman hörmətlə və izzətlə xatırlanacaq. Çünki o, şərəfli yolun ən layiqli təmsilçisi, bizlər üçün örnək bir şəxsiyyət idi.

Rövşanə NAĞIYEVA

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN