Nazirin keçmiş müavini və büdcə müəssisəsinin iki direktor müavini də saxlanılıb
Rusiya Energetika Nazirliyinin rəis müavini Sergey Moçalnikov külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsindən məlumat verilib.
Moçalnikovdan başqa, əvvəllər energetika nazirinin keçmiş müavini Anatoli Yanovski və büdcə müəssisəsinin iki direktor müavini saxlanılıb.
“Bundan əlavə, hazırkı nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir, Rusiya Energetika Nazirliyinin Yanacaq-energetika kompleksində Rosfinmonitorinq və İqtisadi Təhlükəsizlik Departamentinin mütəxəssislərinin iştirakı ilə qanunsuz fəaliyyətlər müəyyən edilib”, – məlumatda deyilir.
Müstəntiqlərin fikrincə, 2014-cü ildən 2023-cü ilə qədər Energetika Nazirliyinin vəzifəli şəxsləri rentabelsiz və perspektivsiz kömür şaxtalarının və açıq mədənlərin ləğvi üzrə işlərin aparılması üçün nəzarət edilən təşkilatlarla bir sıra müqavilələr bağlayıblar. İşlər tam başa çatdırılmamış, qəbul aktları və ekspert rəyləri idarənin və səlahiyyətli büdcə dövlət qurumunun nümayəndələri tərəfindən razılaşdırılaraq imzalanmışdır.
İyunun sonunda cinayət sxeminin iki iştirakçısına qarşı ittiham irəli sürülüb, daha sonra onlar nəzarətə götürülüb, əməliyyatçılar Energetika Nazirliyinin vəzifəli şəxslərinin büdcə vəsaitlərinin oğurlanmasında mümkün iştirakını qeydə alıblar. Cinayət işi üzrə təqsirləndirilən 4 nəfər saxlanılıb. Nazir müavininə qarşı da vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıldığı dəqiqləşir.
Moçalnikov rentabelli olmayan mədənlərin ləğvində dələduzluqla bağlı cinayət işi üzrə dindirilir. Bu işin istintaqı çərçivəsində energetika nazirinin keçmiş müavini Anatoli Yanovski saxlanılıb.
Bundan əlavə, Energetika Nazirliyinin tabeliyində olan qurumun əvvəllər həbs edilmiş baş direktoru Andrey Moiseenkov, eləcə də bu qurumdan dövlət müqavilələri almış Robert Şaqinyan da cinayət məsuliyyətinə cəlb olunurlar.
E.ŞİRİNOV