Xəbər verdiyimiz kimi, ABŞ vətəndaşları ölkəni 4 il idarə edəcək 60-cı Prezidentini və vitse-prezidentini seçəcək.

Artıq seçkilərə start verilib. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə başlayıb. Erkən seçimlərə isə oktyabr 26-dan start verilmişdi. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib. Seçkilərdə həm də ABŞ-də qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatası və Senatın üçdə ikisi yenilənəcək. Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları seçkilərin nəticələrini müəyyən edəcək.

***

Beləliklə, ABŞ polisi gücləndirilmiş iş rejminə keçib, təhlükəsizlik tədbirləri artırılıb. gücləndirilib. Bəs kim bu seçkidə qalib gələ bilər, yaxud kimin seçilmə şansı daha çoxdur? Bu və ya digər suallara tanınmış politoloq-hüquqşünas, həmişə doğru siyasi proqnozları ilə diqqətdə olan Adil Minbaşıya müraciət etdik.

adil-min-1

Xatırladırıq ki, Adil Minbaşının həm Türkiyədə, həm də ABŞ-da keçirilən sonuncu prezident seçkilərinə dair proqnozları da özünü tamamilə doğrultmuşdu… Məsələn, 2020- ci ildə ABŞ-da keçirilən prezident seckilərində hakimiyyətdə olan D.Trampın, yoxsa C.Baydenin seçiləcəyi barədə proqnozlarında Adil Minbaşı birmənalı şəkildə  Donald Trampın deyil, Co Baydenin seçiləcəyini bildirmişdi. Məsələ onda idi ki, dünyanı sarsıdan koronovirus pandemiyası səbəbindən bütün dövlətlərdə iqtisadi təlatümlərin yaşanmasına baxmayaraq Trampın prezidentliyi müddətində ABŞ-da iqtisadi inkişaf tempi yüksəlmiş, işsizliyin sayı minimuma çatdırılmış və digər göstəricələrə görə də Tramp Baydendən üstün mövqedə idi. Ən əsası, prezident olaraq vəzifədə idi və əlində böyük inzibati resurslar vardı. Co Baydenin isə nisbətən yaşlı, yaşından da daha artıq, xəstə olması, çətin hərəkət etməsi, psixi cəhətdən poblemli olması- demensiya yaşaması, faktları, adları unutması və s. açıq-aşkar görünürdü. Digər tərəfdən, onun oğlu Xanterin Ukraynadakı bir korrupsiya faktı ilə bağlı cinayət əməlləri barədə bəlli faktlar aktual ictimai müzakirə predmeti idi. Belə bir adamın dünyanı idarə edən Amerika kimi bir dövlətdə prezident seçiləcəyi absurd görünürdü… Amma maraqlıdır ki, Adil Minbaşı «Təzadlar»a müsahibəsində Trampın üstün, Baydenin isə zəif cəhətləri barədə bizimlə eyni fikirdə olduğunu inkar etmirdi, hətta Amerikanı gücləndirmək istiqamətində Trampın köklü islahatlar aparmaq fəaliyyətində onu Franklin Ruzveltlə müqayisə də etmişdi (eyni fikirləri bu dəfəki prezident  seçkilərində Trampı dəstəkləyən məşhur milyarder İlon Mask da olduğu kimi ifadə etmişdir). Bununla belə, A.Minbaşı Trampın Amerkanı gücləndirməyə yönəlik fəaliyyətinin onun əleyhinə işləyəcəyini, özünün şəxsi vəkilinə qədər bütün komandasının İngiltərə mərkəzli ”Dərin Dövlət” tərəfindən ələ alındığını, bu səbəbdən inzibati imkanlarının da ona qarşı işləyəcəyini, Baydenin isə məhz zəif cəhətlərinə baxmayaraq, onun Amerika üçün daha faydalı ola bilməyəcəyinə görə zorla da olsa, prezident seçdiriləcəyini bildirmişdi(yəqin ki, həmin müsahibəni oxuyan oxucular detalları xatırlayırlar).

Yeri gəlmişkən, xatırladığımız həmin müsahibə ilə bağlı seçki günü maraqlı bir hadisə oldu. Günün birinci hissəsində Tramp böyük səs çoxluğu ilə irəlidə idi. O, seçicilərlə görüşə çıxaraq seçkidə qalib gəldiyini və bu münasibətlə seçicilərə minnətərlığını bildirməklə artıq inaqurasiya tədbirinə də hazırlıqla məşğul olacaqlarını elan etdi. Adil Minbaşının proqnozunun əvvəlcədən yanlış və qeyri-real olduğunu düşünən və gedişatı izləyən bir çox tanınmış simalar, o cümlədən ilk olaraq məşhur hüquqşünas İkram Kərimov, həmçinin ardınca biz zəng vuraraq dedik ki, Adil müəllim, sizin proqnozunuz doğru çıxmadı. Təbii ki, o, da seçkinin gedişini izləyirdi və vəziyyətdən xəbərdar idi. Buna baxmayaraq, soruşdu: «Siz nəyə əsasən deyirsiniz ki, Tramp seçildi?” Təbii ki, biz Trampın məlumatını təkrarladıq. O, da  gülərək zarafatla belə dedi: “Mən sizləri belə etibarsız bilməzdim. Necə olur ki, illərdir tanıdığınız, dostluq elədiyiniz adamın sözünə inanmırsınız, amma okeanın o tayındakı tanımadığınız Trampın sözünə inanırsınız…”.

 Bildiyimiz kimi, həmin günün ikinci yarısında vəziyyət sürətlə dəyişdi və Bayden Amerikanın prezidenti seçildi.

***

Qayıdırıq bu günümüzə: beləliklə, Adil Minbaşı «Sizcə, bu dəfə kimin qalib gəlmək şansı daha çoxdur və bu şansı gücləndirən hansı səbəblər vardır», -sualımıza belə cavab verdi:

-Bu gün Amerikada növbəti prezident seçkiləridir. Bu söhbəti xatırladım və gec də olsa Adil müəllimlə telefon əlaqəsi yaratdım. Təbii ki, ilk sualım da bu oldu, Adil müəllim sabahkı(artıq bugünki) seçkilərdən nə gözlənilir, Tramp bu dəfə prezident seçiləcəkmi?

 -Asif bəy, cavab verməzdən əvvəl bu mövzuda  bizim dostumuz Mark Qorinlə (İsraildə yaşayan, yazıçı-dramaturq, “Sputnik” qəzetinin baş redaktoru, “AVİV” televiziyasının baş redaktoru) 4-5 ay bundan əvvəl apardığımız polemikadan mənim ona yasdığım cavabların bir-neçəsini sənə göndərirəm… Mən bu suala çoxdan cavab vermişəm, oxuyanda sualının cavabını almış olacaqsan... Həmin cavablara onu əlavə edə bilərəm ki, faktiki olaraq Tramp 2020-ci ildə də səs çoxluğu qazanmışdı, bu dəfə də faktiki olaraq daha  seçilmək şansı 2020-ci ildəkindən təxminən 10 faiz çoxdur, Kamala Harrisdən daha çox səs toplayacaq. Ancaq “Deep State” adlandırılan   dərin güclər bu dəfə də onun seçilməyinə imkan verməyəcəklər. 10 faiz dediyim şans da o zaman  baş verə bilər ki, Trampın səslərinin saxtalaşdırılması Amerikada vətəndaş müharibəsinə apara biləcək real qarşıdurma  təhlükəsi yaradarsa, “Deep State” güzəştə gedə bilər. Rusiyanın da bütün gizli imkanlarını ABŞ-da qarşıdurmanın yaradılmasına səfərbər etdiyini  nəzərə alsaq, bu təhlükə gözləniləndir.  Baxmayaraq ki, namizədlərdən hər birinin seçilməsinin dünya siyasətini dəyişəcək fərqli nəticələri olacaq, ABŞ-ın özü üçün həyati məsələ kimin prezident seçilməsindən daha çox seckidən sonrakı proseslərin necə cərəyan edəcəyi olaraq daha həlledicidir. Amerikadakı sosial-siyasi durum elə bir həddədir ki, 2025-ci ilin yanvarında baş verən qarşıdurmalar təkrarlansa, bu Amerkanın parçalanmasının başlanğıcı olacaqdır…

-Bəs təkrar seçki imkanları necə, mümkündürmü?

- Onu da deyim ki, Amerikamərkəzli və ingiltərəmərkəzli dərin güclərin qarşıdurması fonunda tərəflərin əlavə vaxt qazanması üçün seckinin nəticələrinin ikinci tura keçirilməsi baş verərsə, bu da Trampın seçilməsi üçün müstəsna hal hesab olunmalıdır. Təbii ki, əgər bu müddətdə Kennedinin həyatını “yaşamasa”!

***

Beləliklə, günün sonunu gözləyək… ABŞ vətəndaşları seçki məntəqələrində təkcə özlərinin  deyil, həm də ABŞ-ın gələcəyinə seçim edirlər…

Asif Mərzili

P.S.Adil Minbaşı 2024-cü ilin iyul ayında Mark Qorinə yazdığı mesajlarında seçkilərlə bağlı olduqca maraqlı proqnoz verərək deyirdi: "Əzizim Mark, mənim hesablamalarıma görə, qarşıdan gələn seçkilərdə nə Tramp, nə də Bayden prezident seçiləcək. Bu dəfə ABŞ-ın prezidenti qadın olacaq...". 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN