...2024-cü ilin oktyabr ayı, bu boz payızın ilıq bir günü. Ürəklərə “Son bahar”ın hərarəti olan dost məclisi...

Müvəqqəti köçkün kimi məskunlaşdığı Ağcabədi rayonu ərazisində halal zəhməti ilə qurub-yaratdığı evində “Qabaqçıl təhsil işçisi” Ərşad Bəhmən oğlu Bayramovun 70 illik yubileyində iştirak etmək qismətini yaşayan dostlarından biri də mən oldum. O insanın ki, 48 illik pedaqoji fəaliyyətinin 20 ili Ağdam rayonu Xudu Məmmədov adına Mərzili kənd orta məktəbinin, 20 ili isə Ağcabədi Pedaqoji Kollecinin adı ilə bağlıdır. Ona görə də həmin gün Ərşad müəllimin işığına toplaşanların demək olardı ki, hamısı onunla illərlə çiyin-çiyinə çalışmış müəllim həmkarları idi...

Təbii ki, hər hansı bir insan haqqında söz demək istəyərkən fikirləşirsən ki, elə söz deməlisən ki, kimsə “bu nə danışır...” deməsin. Həmçinin deyirlər ki, Allahın tərifli yaradılmışlarına tərif lazım deyil. Əməlləri, keçdiyi şərəfli həyat yolu olan insanları, özü də müəllim olan insanı yeri gələndə necə tərifləməyəsən? Yaddaşımda olan bir fikri də xatırlamaq istəyirəm. Orada deyilir ki, nökəri, qulu iş görəndən sonra, oğulu dostlarının yanında, arvadı öləndən sonra, müəllimi isə üzünə təriflə. Həqiqətən də Ərşad müəllim həmişə, eləcə də üzünə təriflənməli müəllimdir, xeyirxah əməlləri ilə sevilən insandır. Ona hansı “prizmadan” yanaşsam, “yaxşı insan”, “yaxşı müəllim”, “yaxşı valideyn”, “yaxşı, sadiq dost”... alınır. Əlbəttə ki, “yaxşı insan” sözü bütün müsbət insani dəyərləri özündə birləşdirir. O da var ki, dahi Xudu Məmmədov “İdeal insan yoxdur, ideallaşdırmağa layiq insan var” demişdir.

ershad-m-3

Ərşad Bayramov 1954-cü il oktyabr ayının 15-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Ailədə 4 uşaq olublar - bir oğlan, üç qız. Kiçik yaşlarından o zamanın kənd uşaqları kimi, milli idman növlərinin hər gün təkrarlanan oyunlarının ab-havasında böyüyən Ərşad sonradan bütün həyatını idmana bağlamalı olmuşdu. Belə ki, orta məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Onun bu peşəni seçməsində ustadı, sevimli müəllimi Qələndər Məmmədovun da rolu danılmazdır...

Ərşad müəllimi tanıyanlar bilir ki, o, böyüdüyü ailənin tərbiyəsinə uyğun olaraq olduqca zəhmətsevərdir, halallıqsevərdir. Atası ilə bağlı çox ibratamiz əhvalat da var. Ərşad müəllim peşə fəaliyyətinə başladığı vaxt halal çörəyi ilə tanınan atası Bəhmən kişi ona deyir ki, oğul, elə işləməlisən ki, bizim evə haram pul gəlməməlidir, elə olarsa, halallıqla qazandıqlarımızın da bərəkəti qaçar... Atasının bu fikri bu yaşına qədər Ərşad müəllim üçün həyat devizi olub. İndiki bu ziddiyyətli, qarışıq, halalla haramın qarışdığı dövrdə bəlkə də bu yazdıqlarım pafoslu fikirlər təsiri bağışlaya bilər. O, bu gün övladları - Rövşəni də, Elşəni də, Gülşəni də, bütün nəvələrini də eyni prinsiplərlə böyüdüb, tərbiyə edib. Cəmiyyətimizə  Rövşən müəllim kimi dəyərli bir oğul verib...

Ərşad müəllim hər adamın bacara bilmədiyi halda o, olduğu kimi görünməyə, göründüyü kimi olmağa çalışan, həmişə hər yerdə özünü ruhən azad hiss edən insandır. Yüksək səlahiyyət sahibləri ilə ya təsadüfən, ya da işi ilə əlaqədar olaraq rastlaşdığı zaman həmişə savadına, dünyagörüşünə, xarakterinə uyğun olaraq eyni tonta sözünü deyib. Belə hallarda heç zaman dəyişməyib, çəkinməyib, yarınmayıb. Əsl idmançı qüruru, əsl insan ləyaqətinin təzahürüdür onun bu dəyişməzliyi. Düşünürəm ki, onun ən çox oturub-durduğu, dost və qardaş kimi bağlı olduğu ustadı Qələndər Məmmədov da belədir, mərhum Qələndər Xıdırov da belə idi. Bu məqamda “Dostun kimdir söylə, deyim ki, kimsən” misalı yada düşməyə bilməz. Yubiley tədbirindəki çıxışı zamanı Ərşad müəllim vacib  bir məqama diqqət çəkərək dedi ki, həyatımda olan uğurlarımda ətrafımda olmuş yaxşı insanların rolu və payı var. O sıradan Ağcabədi Pedaqoji Kollecinin direktoru olmuş mərhum Vaqif Şahlaroğlu və onun ailə üzvlərinin...

Bir müdrikin dediyi kimi, dünyada bütün gözəlliklər Günəşə, bütün yaxşılıqlar insana görədir. Təbii ki, söhbət Ərşad müəllim kimi yaxşı insanlardan gedir.

ershad-m-1

Mən Ərşad müəllimi 70-ci illərdən tanıyıram. O, həyatın hər dürlü çətinliyini ləyaqətlə dəf etdiyini, üzləşdiyi sınaqlardan alnı açıq-üzü ağ çıxdığını, 48 illik pedaqoji fəaliyyəti dövründə peşəsinə, müəllimliyinə ancaq hörmət və nüfuz gətirdiyinin şahidiyəm. Hər bir işdə ədalətli mövqe tutması onun əsas keyfiyyətlərindən biridir. Məlumdur ki, bütün müsbət insani dəyərlərin təməlində mərhəmət hissi və ədalətli mövqe durur. Bu keyfiyyətlərə malik olmayan insan hansı səlahiyyət sahibi olmasından asılı olmayaraq sevilməz, hörmət və nüfuz sahibi ola bilməz. “İnsanın dəyəri onun əməlləri ilə ölçülür” fikri adi söz deyildir. Açığı, bu gün orta səviyyəli dolanışacağı olan Ərşad müəllim kimilər cəmiyyətdə nadir  insanlarlardır - bütün zərərli adətlərdən uzaq, ehtiyacı olanlara əl tutan, səxavəti ilə tanınan, namaz qılan, oruc tutan, el arasında deyildiyi kimi, “Allah adamı olan”. O, gənclik illərindən özünü belə tanıdıb. Yadımdadır, hələ 70-80-ci illərdə kəndimizdə gənc ailələrə Ərşad müəllim zəhməti ilə becərdiyi, həyətlərdə bərəkət rəmzi olan tut ağacı və qızıl gül kolu hədiyyə edərdi. 1986-cı ildə həmin hədiyyəni almaq qismətini mən də yaşamışam.

Ərşad müəllim olduqca ünsiyyətçil, yaxın və uzaqlığından asılı olmayaraq el-obanın xeyrindən-şərindən qalmayan insandır. Ona görə də məskunlaşdığı yerlərin əhalisinin də sevgisini qazanmağı bacarmışdır. Vəsiqəsində olan Ağdam, Mərzili adına ancaq həmişə hörmət gətirməyi bacarıb Ərşad müəllim.

Ərşad müəllim sözü bütöv, vəd verdisə, onu canı bahasına olsa da yerinə yetirməyi bacaran insandır. Yəni onun özü sözü boyda, sözü də özü boyda olan kişidir. Belə olmasaydı, ağır, hər günü sınaq olan köçkünlük illərində uğursuzluqla üzləşərdi...

Sonda Ərşad müəllimin yubileyində çıxış edənlərin hər biri, o sıradan  Xudu Məmmədov adına Mərzili kənd orta məktəbinin bu tədbirdə iştirak edən təmsilçiləri - Qələndər Məmmədovun, Qərib İsmayılın, Fazil Abbasoğlunun, Allahverdi Nəsiboğlunun “növbəti yubileyin doğma Mərzilidə olsun” fikir və dualarını Tanrı eşitsin, Ərşad müəllim, əziz dost! - deyirəm.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN