Toyları 15-20 min manata oxuyan Xalq artistinə hər ay 200, Əməkdar artistinə 150 manat, amma canını Vətən yolunda əsirgəməyərək, qələbə qazanan və diri şəhidlər olan Müharibə Veteranına isə 80 manat təqaüd verilməsindəki təzadı kimsə izah edə bilərmi?
Milli Məclisdə dünən 2025-ci ilin dövlət büdcəsi qəbul edildi. Bu büdcənin müzakirələri gedən müddətdə mətbuatda, saytlarda və sosial şəbəkələrdə də ciddi fikirlər səslənib. Pensiyaların, müavinətlərin və təqaüdlərin nə qədər artacağı sual doğuran mövzudur. Hərçənd o artımın pulları gəlməmiş ərzaq və sənaye mallarının qiyməti çoxdan bahalaşıb. Bütün cəmiyyəti bu gün narahat edən, demək olar Müharibə Veteranlarına verilən 80 manat təqaüqddür. Bu təqaüd Müharibə Veteranlarına kommunal və nəqliyyat xərcləri üçün 2019-cu ildə təyin edilib. 2019-cu ildən bəri isə nəqliyyat və kommunal xərclərinin ən azından iki dəfə artdığını hamımız yaxşı bilirik. Amma 80 manat təqaüd isə yerində sayır. Görəsən, Milli Məclisdə, ya da Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyində Müharibə Veteranlarına belə qənim kəsilənlər kim(lər)dir? Onsuz da Sahil Babayev nazir təyin olunandan bəri nəinki Müharibə Veteranları, hətta bütün əlillik, pensiya və təqaüdlər alanlar qan ağlayırlar. Hamısının pensiyaları bu və ya başqa şəkildə, ya kəsilib, ya da azaldılıb. Nə isə... Bu artıq başqa mövzudur.
Əvvəlcə istəyirəm Müharibə Veteranının kim olduğunu bir daha diqqətə çatdırım. Necə deyərlər, təkrar biliyin anasıdır. Belə bir mənzərəni təsəvvür edin. Müəyyən yüksəklikdə yerləşmiş ermənilər, aşağıdan hücuma keçmək istəyən ordumuzun müəyyən bölməsinə göz açmağa imkan vermirlər. Birbaşa hücum isə itkilərin sayını çox edə bilər. Belə olan surətdə qərara gəlinir ki, üç nəfər diversiya-kəşfiyyat qrupu ayrılsın və onlar həmin yüksəkliyi ələ keçirsinlər. Ayrılan bu üç nəfər əməliyyata başlayırlar. Əməliyyatın gedişi zamanı bir nəfər şəhid olur. Bir az da irəliləyəndən sonra ikincisi ağır yaralanır. Üçüncü isə, Allahın möcüzəsi sayəsində sağ qalaraq, erməniləri qırır, yüksəkliyi ələ keçirir və bayrağımızı həmin posta sancır. Deməli, bu üçüncü sağ qalan şəxs, döyüş tapşırığını axıra qədər yerinə yetirdi və bölmələrimiz hücuma keçərək, böyük bir ərazini işğaldan azad etdilər. Geri qayıdanda isə, şəhid və yaralı qardaşını da döyüş meydanından sağ qalan çıxarır.
Belə təkbaşına edilən qəhrəmanlıqlara görə, İkinci Dünya Müharibəsində, həmin adamlara, Sovet İttifaqı Qəhrəmanı adı verirdilər. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov məhz təkbaşına Dnepr çayını, gecə ikən, soyuq havada üzüb keçərək, əks sahildə mövqe tutmuş almanları öz silahları ilə atəşə tutaraq qırmış və eyni zamanda onları vahiməyə salaraq, qaçmağa məcbur etmişdi. Bundan istifadə edən sovet qoşunları qayıqlarla Dnepri keçərək, həmin gün onlarla kilometr ərazini işğaldan azad etmişdilər. Xəbər təcili Moskvaya çatdırılır və bu qəhrəmanlığına görə Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür və bu igid eloğlumuz son illərə qədər Müharibə Veteranı kimi yaşayırdı. 2004- cü il 16 iyul tarixində, 83 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin!
Bəli, Allahın möcüzəsi sayəsində sağ qalmış həmin üçüncü şəxs, indiki qanunlarla Müharibə Veteranı sayılır. Ancaq bu adamlar adi veteran deyil. Ölümün gözünə dik baxmış diri şəhidlərdir. Əlbəttə, şəhidlərimizə, əzalarını itirmiş qazilərimizə dövlət və ayrı-ayrı insanlar tərəfindən nə qədər diqqət, qayğı, maddi və mənəvi dəstək göstərilsə də, yenə azdır. Amma onlarla birlikdə bu vetetan da eyni funksiyanı yerinə yetirib axı. Məlum səbəbdən şəhidlərin, qazilərin yarımçıq qalmış döyüş tapşırıqlarını məhz bu veteranlar tam yerinə yetiriblər və 44 günlük döyüşdə qələbəmizin əsas memarı olublar.
İndi mən demirəm ki, bu veteranlara Azərbaycanın Milli Qəhrəmanı adı verilsin. Deyirəm ki, ölümün gözünə dik baxan, Vətən üçün canından, qanından keçməyə hazır olmuş, diri şəhidlər olan bu veteranlara, ən azından şou-əhli qədər diqqət və qayğı göstərilsin.
Hamımızın bildiyi kimi Xalq artisti adı olanlara hər ay 200 manat, Əməkdar artistlərə isə, 150 manat təqaüd verilir. Görəsən, Xalq artisti Röya Ayxana, Aygün Kazımovaya, Faiq Ağayevə, Teymur Əmraha, Əməkdar artist Elza Seyidcahana və digər bu kimi ad daşıyan şou-əhli olan müğənnilərə o 150-200 manat lazımdırmı? Hələ onlara bağışlanan evləri demirəm. Villalarının ucu-bucağı görünmür. Bahalı maşınların birindən düşüb, o birinə minirlər. Veteranlara isə, 80 manat verirlər. Canını Vətən yolunda fəda eləmiş bu veteranların da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacları olduğu heç kimi maraqlandırmır. Hələ bu müğənnilərin, toyları kasıb, varlı demədən 15-20 min manata oxuyurlar. Hələ eşitmədim ki, bu şou-əhlinin biri hansısa bir şəhidin, qazinin və veteranın toyunu pulsuz oxuyub. Onlara bağışlanan evlərin isə sayı-hesabı yoxdur. Hələ görün nə qədər harınlayıblar ki, Aygün Kazımova Prezident tərəfindən ona bağışlanan evi “qarderob” edəcəyini deyir. Ehtiyacın yoxdursa, niyə o evi hansı ehtiyacı olan şəhid ailəsinə, qaziyə və ya veterana bağışlamırsan?. Şou-əhli müğənnilər bu gün azad, sərbəst şəkildə gedib, dediyimiz o baha qiymətə toylarda oxumalarına görə, məhz o şəhidlərə, qazilərə və veteranlara borcludurlar.
Doğrudan da bütün bunlara baxanda veteranlara verilən 80 manata görə adam xəcalət hissi keçirir. Budurmu, Vətən yolunda ölümə gedən, lakin Allahın iltifatı sayəsində sağ qalan veteranlara göstərilən qayğı və diqqət? Axı, bu veteranların da hamısı şəhid və qazilər kimi kasıb balalarıdsır. Onların da evlərə, torpaq sahələrinə, maşınlara ehtiyacları var. Niyə şəhid və qazilər kimi veteranlara da ev, torpaq və maşın verilməsin? Məgər o ağır döyüşlərdən sağ-salamat gəlməsi onların günahıdır? Əgəd onlar da şəhid və ya qazi olsaydılar, bəs bu torpaqları kim işğaldan azad edəcəkdi? Kim döyüş tapşırığını axıra qədər yerinə yetirib, azad olunan kəndlərimizə, qəsəbələrimizə, şəhərlərimizə bayrağımızı sancardı? Axı döyüşdə hamı şəhid və ya qazi ola bilməz. Ona görə də Vətən üçün canından keçən bu üç qardaşı bir-birindən ayırmaq birincisi günahdır, ikincisi ayıbdır, üçüncüsü isə biabırçılıqdır.
Mən inanmaq istərdim ki, 2025-ci ilin dövlət büdcəsi qəbul edilərkən veteranların da haqqı nəzərə alınacaq və onlar da yüksək təqaüdlə təmin olunacaqlar. Heç olmasa 15-20 min manata toy oxuyub, hələ üstəlik də Xalq artisti və Əməkdar artisti kimi 150-200 manat təqaüd alan, lakin bu Vətən, bu torpaq üçün sınıq dırnaq qədər xeyiri dəyməyən şou-əhli qədər, Vətən üçün canından keçməyə hazır olmuş, diri şəhidlər sayılan veteranlara da hörmət qoyulsun. Onların təqaüdü ən azından Xalq artistininki qədər, 200 manat olsun. Bundan əlavə, yaxşı olar ki, veteranlar 1993-2000-ci illərə qədər olduğu kimi şəhər nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə etsinlər. Məgər bunun üçün büdcədə pul tapılmır? İnanıram ki, Milli Məclisdə oturan millət vəkilləri, həm də onların seçiciləri olan müharibə veteranlarına yüksək təqaüdün verilməsini dəstəkləyəcəklər. Veteranlara verilən 80 manat həm də bu deputatlara üzqaralığı gətirir. Elə edin ki, 2025-ci ilin dövlət büdcəsi qəbul ediləndən sonra veteranlar qarşısında üzünüz ağ olsun.
Elçin MƏMMƏDLİ,
Birinci Qarabağ Müharisinin veteranı, ikinci Qarabağ Müharibəsi veteranının atası