Milli Məclisin deputatı Elman Nəsirov oktyabrın 4-də 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İnilli, Məmmədcanlı, Novruzallı və Bayxanlı kəndlərində seçiləri ilə görüşüb.
Bu barədə deputat E.Nəsirov öz feyzbuk səhifəsində məlumat verib.
Millət vəkili bildirib ki, görüş çərçivəsində İnilli və Məmmədcanlı kəndlərinə mavi yanacağın çəkilişi ilə bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Kənd sakinləri üzləşdikləri sosial problemlərin həlli istiqamətində, xüsusilə də mavi yanacağa olan tələbatın ödənilməsi istiqamətində göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.
Millət vəkili E.Nəsirov oktyabrın 5-də isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonunun Dələli kəndindən şəhid Rahid Cəfərovun və Uzuntəpə kəndindən şəhid Rəşad Quliyevin şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak edib. Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub, onların döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin valideynlərinə dərin hüznlə başsağlığı verilib.
E.Nəsirov oktyabrın 5-də, həmçinin, Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının inzibati binasında Məşədilər kənd sakini Təyyar Səfərovu, Üçtəpə kənd sakinləri Laçın Əhmədovu və Arif Əhmədovu, Ləkin kənd sakini Həsrət Quliyevi, Məlikqasımlı kənd sakinləri Məcid Mehtiyevi və Faiq İskəndərovu, Təklə kənd sakinləri Davaxan Mahmudovu, Oqtay Babayevi və Famil İsmayılovu, Ocaqlı kənd sakini İlqar Həsənovu, Alar kənd sakinləri Famil Səlimovu, Rauf Bayramovu və Ədalət Məmmədovu, Mikayıllı kənd sakinləri Nurəddin Əliyevi, Fəxrəli Abdullayevi və Gülməmməd Ağaşovu, Abazallı kənd sakini Sidqiəli Yadullayevi, Uzuntəpə kənd sakini Marif Bayramovu, Əliqasımlı kənd sakini Nurəddin Abıyevi, Cəlilabad rayon sakini İlqar İsmayılovu və Babalı kənd sakini Namiq Ağayevi qəbul edib.
Görüş zamanı vətəndaşlar onları narahat edən məşğulluq, şəhid adının əbədiləşdirilməsi, elektrik xətlərinin yenisi ilə əvəz olunması, fermerlərə subsidiyanın verilməsi, qaz çəkilişi və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətiriblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Digər məsələlərlə bağlı isə deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atılacağına söz verib.
E.ŞİRİNOV