Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür.
Bununla əlaqədar olaraq dünən Qaradağ rayonundakı Qobu park yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon 32 nömrəli tam orta məktəbin 10 a sinif şagirdləri Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş silsilə layihələr çərçivəsində Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidovun ailəsini ziyarət ediblər.
Ağdam rayon 32 nömrəli tam orta məktəbin təşkilatçısı Cavahir Şıxıyevanın təşkilatçılığı ilə şagirdlər Milli Qəhrəmanın ailəsinin Sumqayıtdakı evinə baş çəkərək valideynləri - Nəriman Həmidov və Şərqiyyə Həmidova ilə həmsöhbət olublar.
Görüş əsnasında Milli Qəhrəman Şükür Həmidovun adını daşıyan 10 a sinfi üçün hazırlanmış lövhə qəhrəmanın atası Nəriman Həmidova təqdim edilib. O, şagirdlərə Şükür Həmidovun xatirələrindən, onun şərəfli həyat yolundan, xalqına olan məhəbbətindən, vətənpərvər zabit kimi vətənə xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlarından böyük fəxarət hissi ilə danışıb, Milli Qəhrəman haqqında şualları cavablandırıb. Şəhid atası övladının xatirəsini əziz tutduqlarına görə Ağdam rayon 32 nömrəli tam orta məktəbin rəhbərliyinə, görüşün təşkilatçısına və şagirdlərə dərin minnətdarlığını bildirib.
Ziyarətçilər də öz növbəsində Nəriman Həmidova və Şərqiyyə Həmidovaya Şükür Həmidov kimi igid və vətənə sadiq övlad yetişdirdiklərinə görə təşəkkürlərini bildirib, Həmidovlar ailəsinə başsağlığı veriblər.
***
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhadətindən bir il ötür.
Xatırladaq ki, o, 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) daxil olub.
1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə sığınıb və əvvəlcə birotaqlı mənzildə, 2 ay sonra isə yataqxanada yaşamağa başlayıblar.
1995-ci ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.
1995-ci il iyunun 7-dən 1999-cu il iyunun 22-nə qədər Culfa şəhərində "N" saylı hərbi hissədə motoatıcı tağımın komandiri vəzifəsində xidmət edib.
Daha sonra Ş.Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini təyin edilib.
O, Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin azad olunması zamanı fərqlənib, buna görə də Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Ş.Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.
Ş.Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də şəhid olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, 2 övladı yadigar qalıb.
E.ŞİRİNOV