Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park" yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədilə 194 saylı marşrut avtobus xətti fəaliyyət göstərir.
Həmin marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi "20 Yanvar" metrostansiyasının yaxınlığındakı dayanacaq olmaqla, "Qobu Park" yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirir. Ancaq necə?
Redaksiyamıza daxil olan müraciətlərdə sərnişinlər 194 saylı marşrut üzrə hərəkət edən avtobuslardan şikayətçidirlər.
Şikayətlər əsasən sözügedən marşrut xəttindəki avtobusların köhnə, istismara yararsız olması, sürücülərin davranışı, yolboyu telefonla danışmaları, çay içmələri, sərxoş olmaları ilə bağlıdır. Şikayətçilər bu problemlərlə bağlı 141 çağrı mərkəzinə dəfələrə müraciət etdiklərini bildirirlər. Lakin problem aradan qaldırılmır, vətəndaşların şikayətləri şikayət olaraq qalır.
Bildirilir ki, vaxtilə 194 saylı xətt üzrə hərəkət marşrut avtobusu sürücünün səhlənkarlığı üzündən yoldan çıxaraq, səkiyə çırpılmış, daha sonra avtobus 4-5 minik avtomobilini əzmişdir. Nəticədə, avtobusda və minik maşınlarının birində yanğın baş vermiş, qəza nəticəsində bir nəfər ölmüş, çoxlu sayda xəsarət alan olmuşdur.
Şikayətçilərin sözlərinə görə, oktyabrın 18-də isə, axşam saatlarında "obu Park" yaşayış kompleksindən "20 Yanvar" metrostansiyası istiqamətində hərəkət edən 194 saylı marşrut avtobusunun sürücüsü "Meyvəli bazarı"nın yaxınlığında təhlükəli qəza vəziyyəti yaradıb.
Səbəb isə sürücünün avtobusu sərxoş vəziyyətdə idarə etməsi olub. Belə ki, sərnişinlər sürücünün təhlükəli manevrlər etdiyini görərək, çətinliklə də olsa, avtobusu dayandırıblar. Sürücü ilə söhbət zamanı həqiqətən onun sərxoş vəziyyətdə olduğu məlum olub. Marşrutun məxsus olduğu şirkətin səlahiyyətli nümayəndəsi hadisə yerinə gələndən sonra sürücü dərhal avtobusdan kənarlaşdırılıb və tibbi müayinəyə aparılıb.
"Dispeçer" sürücünün sərxoş olduğunu etiraf edib
Şikayətçilər xüsusi olaraq onu da bildirirlər ki, hadisənin səhərisi gün sərnişinlərdən biri 194 saylı marşrutun başlanğıc nöqtəsi olan "20 Yanvar" metrostansiyasının yaxınlığındakı dayanacaqda avtobusların hərəkət qrafikinə nəzarət edən şəxsdən (Söhbət bizə təqdim edilən fotoların birində dayanacaqda dayanan cavan şəxsdən gedir) məsələnin təfərrüatını öyrənib. Avtobusların hərəkət qrafikinə nəzarət edən şəxs bildirib ki, "Düzünü bilmək istəyirsinizsə, "Qobu Park" yaşayış kompleksindəki marektlərdən birinin satıcısı mənə zəng edərək sürücülərimizdən birinin onlardan araq aldığını dedi. Çünki ərazidəki bütün market satıcılırına tapşırmışıq ki, nə vaxt sürücülərimizdən kimsə onlardan araq alsa, dərhal bizə zəng edib desinlər. Ona görə də mənə zəng gələn kimi bu barədə şirkətə xəbər verdim. Həmin sürücünün "Meyvəli bazarı"nın yaxınlığında olduğu müəyyən edilib və şirkətin işçilərindən biri oraya göndərilib. İşçimiz hadisə yerinə çatanacan hətta sərnişinlərdən biri içkinin təsirindən ayaq üstə dayana bilməyən sürücümüzə bir-iki yumruq da ilişdirib".
Mexanik isə təkzib etdi
Biz də mətbuat olaraq məsələ ilə bağlı qarşı tərəfin möqeyini öyrənmək məqsədilə 194 saylı maşrut xətti üzrə sərnişin daşınmasını həyata keçirən şirkətin istismar rəisi Ağa Nağıyevlə əlaqə saxlamaq istəsək də, cəhdimiz alınmadı. Növbəti zəngimizdə özünü mexanik kimi təqdim edən Elşən Kərimov soğumuza cavab olaraq avtobusu sərxoş halda idarə etdiyi bildirilən sürücü Kamran Balaməmmədovun içkili olmadığını söylədi. E.Kərimovun sözlərinə görə, sürücü, sadəcə, özünü pis hiss etdiyi üçün avtobusu saxlayıb: "Təzyiqi qalxdığı üçün avtobusu idarə edə bilməyib. Kişi artıq bizdə işləmir. Onu işdən çıxartmışıq. Hal-hazırda xəsətəxanadadır. Müayindən sonra məlum olub ki, ürəyində problem var, artıq işləməyəcək".
Gördüyünüz kimi, məsələyə şirkətin iki əməkdaşı bir-birini təkzib edən ziddiyyətli fikirlər səsləndirirlər. Ancaq nəzərə alsaq ki, söhbət insan taleyindən gedir, deməli, məsələ çox ciddidir. Yəqin ki, olayla bağlı Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qısa zamanda müvafiq tədbir görəcəklər.
Bəs son 9 ay ərzində ölkədə 500-dən çox vətəndaşımızın ölümünə səbəb nədir?
Qeyd edək ki, 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.
Bu barədə mətbuata açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O bildirib ki, ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artmış, ölənlərin sayı isə (504) sabit qalıb: "Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş vermişdir. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.
Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir".
Bundan başqa, yol-nəqliyyat hadisələrinin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.
Xatırladaq ki, yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.
Məncə, əlavə şərhə ehtiyac yoxdur.
E.ŞİRİNOV