...Tanınmış rejissor, "Fəryad" filminin baş qəhrəmanı Ceyhun Mirzəyevin qızı Rusiyada atılmış vəziyyətdədir, küçələrdə qalıb. Niyə?
Hollandiyada yaşayan dəyərli ziyalımız, “Azərbaycanın Dostları Cəmiyyətinin sədri” Elman Mustafazadənin təsisçisi, eyni zamanda baş redaktoru oldugu və Avropada nəşr olunan “Xudafərin” jurnalının eyni adlı saytında bu yaxınlarda məşhur rejissor, aktyor, “Ögey ana” filmindən hamımıza yaxşı tanış olan, baş rolda çəkildiyi “Fəryad” filmi ilə qəlbləri riqqətə gətirən Ceyhun Mirzəyevin ailəsi barədə çox maraqlı, maraqlı olduğu qədər də ürək parçalayan yazı dərc olunub. Yazıda C. Mirzəyevin Rusiyanın Krosnadar vilayətində küçələrdə qalmış yeganə övladı olan qızına sahib olmağımız istənilir. E.Mustafazadənin müəllifi olduğu həmin yazını Azərbaycan oxucularının da diqqətinə çatdırırıq ki, bəlkə milyonların sevimlisi olan aktyor və rejissor Ceyhun Mirzəyevin yeganə yadigarına sahib çıxan tapıldı.
***
Biz niyə bir-birimizə sahib çıxmağı öyrənmədik?
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?
M.Ə. Sabir
Əziz oxucular, sizlərə Sovətlər Birliyi adlanan böyük bir ölkədə milyonlarin kumiri olmuş Ceyhun Cəmil oğlu Mirzəyev-Saricalinskinin aci taleyindən qısa məlumat verəcəyəm. Bəlkə vicdan əzabı çəkdik, bilmirəm… C.Mirzəyev 1946- cı ildə, ötən il işğaldan azad olunmus Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Ceyhun dünyaya gələndə onun atası Cəmil Mirzəyevin artıq 50 yaşı var idi. Anası isə Qarabağın məşhur Sarıcalı soyundan olub. Ceyhunun atası Azərbaycan Xalq Cümhurriyyətinin zabiti olmus Cəmil Mirzəyev rəhmətə gedəndə Ceyhunun 4 yaşı olub. Atası rəhmətə gedəndən sonra, həmin illərdə Respublika Prokrorunun muavini olan əmisinin və anasının himayəsində böyüyən Ceyhun, 5 yaşında “Görüs” filmində çəkilir. 11 yaşında isə, “Ögey Ana” filmində İsmayıl obrazını yaradaraq milyonların sevimlisinə çevrilir.
Ceyhunun xalası və xalasının həyat yoldaşı, hər ikisi— doktor Cəfərbəyov və Sara Xanım Sarcalinskaya Ağcabədi rayonunun Hindarx kəndində həkim işləyirdilər. Onların yeganə oğulları, Ceyhun Mirzəyevin xalası oğlu Nahidlə Bakıda çox yaxın dost olmuşuq. Məndən yaşca böyük olan Nahid həmişə mənə böyük qardaş əvəzi olub. Məhz Nahidin vasitəsi ilə Ceyhungili yaxından tanıdım… Ceyhun hüquq mühafizə orqanlarında işləyən sevdiyi tatar qızı ilə ailə həyatı qurur və bu evlilikdən onların gözəl bir qızları dünyaya gəlir…
Qarabağın işğalını özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət içkiyə qurşanır… Axır ki, düsmənə nifrət yaradan və premyerasını görmədiyi “Fəryad” filmini çəkir və elə həmin il, 1993-cü ildə, 46 yaşında infarktdan dünyasını dəyişir… Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı Ilə birlikdə Krasnodara köçür və ev alıb orada yaşayırlar. Bir necə il bundan öncə Rusiyada Azərbaycan Diasporunun tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni çox axtarsam da tapa bilmədim. Dedilər harasa, səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı. Ceyhunun həyat yoldaşı rəhmətə gedib. Bundan sonra C.Mirzəyevin gözəl- göyçək nakam qızına bir alçaq evlənməyə söz verir və ona öz evini satdırır. Bir muddət birgə yaşadığı oğlan zavallı qızı narkotikə alışdırıb və onu atıb gedir… Bu xəbəri eşidən kimi, həmin vilayətdə Azərbaycan Diasporunun dəyərli oğlu Təhmasib Zeynalova zəng edib, qıza sahib çıxmalarını xahiş elədim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəsə də, təəssuflər olsun ki, mümkün olmayıb…
İndi bağrım partlayır, içim yanır… Milyonlarin kumiri Ceyhun Mirzəyevin yeganə qızı evsiz-eşiksiz kücələrdə, yol kənarındakı körpülərin altında yaşayır… Allahım, biz niyə bir-birimizə sahib şıxmağı öyrənmədik? Daş qəlbli insanları neylərdin, ilahi?!…
P.S. Ürəyim sakit, əlim də dinc durmadı, yazdım…
Elman Mustafazadə
(Xudaferin.eu)
İnanırıq ki, bu yazıdan sonra, Azərbaycan kinosunda öz dəst-xətti ilə silinməz izlər qoyan aktyor və rejissor Ceyhun Mirzəyevin aman-zaman bir qız övladına sahib çıxan tapılacaq və onu Krasnodardan öz yurduna gətirərək, müalicəsi ilə məşğul olub, normal həyata qovuşmasına yardımçı olacaqlar.
Hazırladı və təqdim etdi:
ElçinMƏMMƏDLİ