Operativ Qərargahın şənbə günü yenidən toplaşacağı ilə bağlı xəbərlər yayılıb. Məlumatlara görə, yoluxma sayının artması ilə əlaqədar hətta sərt qərarların qəbulu gözlənilir.

Toplantıda açıq havada maskasız gəzməyin ləğvi, toy məclislərinin keçirilməsinə məhdudiyyətlər, hətta təhsil müəssisələrinin qapadılması ilə bağlı məsələ də müzakirə oluna bilər.

Görəsənr, bu xəbərlər nə dərəcə doğrudur? Azərbaycanda koronavirus qadağaları yenidən bərpa oluna bilərmi?

Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında hazırda vəziyyətin kritik həddə olmadığını bildirib: “İnsanların böyük əksəriyyəti düşünürdü ki, bu problem arxada qaldı. Artıq pandemiya dövrü qurtarır, postpandemiya mərhələsinə keçirik. Lakin bu gün Rusiyada, Gürcüstanda vəziyyət bir qədər gərgindir. Proseslərin gedişi onu göstərir ki, bir sıra ölkələrdə yoluxma sayında artım var. Həm də söhbət çox ciddi artımdan gedir.

Azərbaycana gəldikdə isə, bizdə vaksinasiya proses sürətlə getdi, müəyyən qaydalar tətbiq olundu. Biz hazırda acınacaqlı vəziyyətdə deyilik. Amma prosesin təhlili onu göstəriri ki, qabaqlayıcı tədbirlər görülməsə, bizdə də sürətli artım müşahidə oluna bilər”.

Deputatın fikrincə, məktəblərin bağlanmasına hələ ki zərurət yoxdur: “Qərarları Operativ Qərargah qəbul edir. Hələ ki orta və ali məktəblərin hamısının bağlanmasına ehtiyac yoxdur. Azərbaycanda yoluxma o həddə deyil ki, bütün orta və ali məktəblər qapansın. Hansısa məktəbdə kütləvi hal olarsa, o zaman bu məsələyə baxılacaq və müvafiq qərar qəbul olunacaq.

Maska məsələsi müzakirə olunanda mən hətta açıq havada da məcburi olmaması barədə qərarın qəbul edilməsinin əleyhinə idim. Mən o vaxtda müsahibə verəndə bu məsələni vurğuladım ki, tələsməyək. Hələ də müəyyən mənada ehtiyatlı olmalıyıq. Proseslərin hansı məcrada inkişaf edəcəyi vəziyyətdən asılıdır”.

C.Məmmədov qeyd edib ki, yoluxma artarsa, kəskin qərarlar qəbul edilə bilər: “Mənim qənaətimcə, bizdə hazırda vəziyyət ağır deyil. Lakin bir müddətdən sonra ola bilər ki, ağırlaşma olsun. Və ona uyğun da qərarlar qəbul edilsin. Hesab edirəm ki, dövlətlə yanaşı, ən çox məsuliyyət vətəndaşların üzərinə düşür. Metroda, avtobusda, ictimai yerlərdə, bəzi toplantılarda insanlarımız bu norma və qaydaları qorumalıdırlar. Arxayınlaşmaq olmaz ki, yoluxma arxada qaldı. Görünən odur ki, arxada qalmayıb. Bizim hələ də müəyyən problemlərimiz var. Ehtiyatı əldən verməməliyik.

Əgər gələcəkdə yoluxma həddindən artıq çox olarsa, onda kəskin qərarların qəbul edilməsi məsələsinə baxıla bilər. Bu gün qarşımızda duran əsas məsələ prosesi idarə etməkdir. Nəqliyyatı, iş yerlərini qapatmaq olmaz. Bunun iqtisadi tərəfləri də var. Şirkətlər üçün müəyyən problemlər yaradır. Ağırlaşmadan aslı olaraq məsələyə baxıla və qərarlar qəbul edilə bilər. Ona görə də vətəndaşlarımız çox diqqətli olmalıdırlar ki, yoluxma artmasın”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN