Xəbər verildiyi kimi, deputat Qüdrət Həsənquliyevin Rauf Arifoğlunun "Dərin təhlil" siyasi debatında "Lazım gələrsə, Mehrini Xankəndinə dəyişə bilərik" kimi təkliflər səsləndirməsi
ciddi ictimai müzakirələrə səbəb olub. Hətta Xalq şairi Vahid Əziz Prezidentə və Spikerə ünvanlı sərt müraciətini "Təzadlar"a göndərib, şəxsən mənimlə əlaqə saxlayaraq dərcini israrla xahiş etdi... Lakin müraciətə səbəb olmuş ifadələrin harada səsləndirilməsinə və həqiqətənmi deputat Q.Həsənquliyev tərəfindən deyilib-deyilməməsinə aydınlıq gətirilməsi lazım idi... Əməkdaşlarımız Qüdrət bəyə dəfələrlə zəng vurdu, telefonu bağlı oldu...
Bəs Qüdrət Həsənquliyev belə bir qalmaqallı ifadə işlədibmi? Məcbur olub mənbə axtarışı mənasında özümün fb səhifəmdə paylaşım etdim... Artıq yetərincə ciddi müzakirələr aparılıb və vacib statuslar vardır. Ən vacibi, millət vəkili Qüdrət Həsənquliyevin “Lazım gələrsə, biz Mehrini Xankəndi ilə dəyişə də bilərik” kimi ifadəni işlətməsi təsdiqi tapdı. Məlum oldu ki, o, Rauf Arifoğlunun “Sülh sazişi: masada və Moskvada bizi nələr gözləyir? 3 məhşur deputat “Dərin təhlil”də” debatında bu barədə söyləyib. Debatda isə millət vəkilləri- Qüdrət Həsənquliyev, Zahid Oruc və Fazil Qəzənfəroğlu iştirak ediblər...
Xalq şairi Vahid Əzizdən sərt ifadələr: “Sən kimsən ki...”
Beləliklə, Xalq şairi Vahid Əziz deputat Qüdrət Həsənquliyevin "Lazım gələrsə Mehrini Xankəndinə dəyişə bilərik" kimi sözlərinə əsəbləşərək Prezident İlham Əliyevə və Spiker Sahibə Qafarovaya ünvanlı müraciətini "Təzadlar"a göndərib, israrla dərcini istəyir.
Aşağıda müraciəti ixtisarla təqdim edirik:
“Hörmətli “Təzadlar” qəzetinin rəhbərliyi! Mənim müraciətim möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovayadır!
Cənab Prezident! Dünən facebook-da deputat Qüdrət Həsənquliyev deyir ki, “Lazım gələrsə, Mehrini Xankəndiyə dəyişə bilərik”. Mən başa düşmürəm, Milli Məclisə daimi qeydiyyata düşmüş Qüdrət Həsənquliyevə kim səlahiyyət verib ki, bu cür sərsəm bəyanat versin? O, parlamentin deputatıdır və statusu var, onun dedikləri düşmən qüvvələrə yeni bir siyasi oyunbazlıq şansı vermirmi???
Qüdrət Həsənquliyev, sən kimsən ki, 3 min şəhid verilmiş, 7 minə yaxın igid oğulları yaralanıb yarımcan olmuş Azərbaycanın adından danışıb torpaq mübadiləsi edirsən??? Sən kimin vəkilisən, hansı düşmənin dəyirmanına su tökdüyünü bilirsənmi???
Ali Baş Komandan İlham Əliyev hər çıxışında Azərbaycanın bir qarış torpağının düşmənə güzəştə gedilməyəcəyini dediyi halda, Azərbaycanı Zəngilandan, Naxçıvandan keçərək Türkiyəni birləşdirən Zəngəzur dəhlizindən danışarkən sən torpaq mübadiləsindən danışırsan. Heç deputat və vətəndaş olaraq siyasi məsuliyyətini dərk edirsənmi? Yetər bu xalqın, bu dövlətin heysiyyatı, strateji maraqları ilə oynadınız.
İnanıram ki, ciddi ictimai narazılıq yaradan bu cür sərsəm bəyanatına görə, cənab Prezident Qüdrət Həsənquliyevin barəsində ciddi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəcək, Parlamentin intizam komissiyası onun bu qeyri-milli çıxışına cavab olaraq cəzalandırılmasını təmin edəcək.
Hörmətlə:
Vahid Əziz, Xalq şairi
Bakı şəhəri, 31 oktyabr, 2021-ci il”
Bəs Qüdrət Həsənquliyevin məlum bəyanatına ictimai narazılıq necə ifadə edilir?
Beləliklə, ciddi narazılıqla qarşılanan bəlli bəyanata kimi inana bilmədiyini, kimi də bunun deyilmədiyini söyləsə də, sonradan məlum oldu ki, deputat Qüdrət Həsənquliyev belə bir yanlış ifadələri deputatlar-Zahid Oruc və Fazil Qəzənfəroğlu ilə Qarabağ debatında söyləyib.
Şair Maşallah Məftun yazır:
-Od olmayan yerdən tüstü çıxmaz. Məncə, hörmətli deputat Qüdrət Həsənquliyev yaxşı bilir ki, Mehri, İrəvan, Göycə, Zəngəzur Azərbaycanın əzəli torpaqlarıdır. Axı bizim bu ağır zamanımızda bilmirik bu vəziyyətdən necə çıxaq və torpaqlarımız əlimizdən getməsin, Ərdoğanı bir də Türkiyə yetişdirməyəcək, belə məqamda müsbət fikir söyləyə bilir söyləsin, söyləyə bilmir otursun yumşaq kreslosunda. İncimək lazım deyil...
Hazırda Ərəb körfəzində gəmi kapitanı olan Ramiz Huseynov:
-Qüdrət bəyin nə deyib, ya demədiyini özü bilər. Amma bir şey aydındır ki, deputat olmaq siyasətçi olmaq demək deyil...
Mubariz Bayramov:
-Qüdrət bəyin həmin bəyanatı “Musavat tv”nin canlı debatında səsləndirilib…
Araşdırmaçı jurnalist Mahir Süleymanov:
-Əgər belə fikir irəli sürübsə, Nəriman Nərimanovun Əliheydər Qarayevə dediyi sözləri yadıma düşdü... Qüdrət Həsənquliyev özü bu xəbərə operativ reaksiya verməlidir. Susduqca ictimai fikir daha sərt olacaq. Xankəndini Mehriyə dəyişmək Laçının da taleyini ermənilərə tapşırmaq anlamına gəlir. Ümumiyyətlə, bu ideya yersiz və yanlışdır. Prezident kapitulyasiyadan danışır, kimsə ərazi mübadiləsindən. Məntiq yoxdur. Azərbaycan bütün ərazisinə nəzarəti bərpa etməlidir! Vəssalam! Başqa variant yoxdur, varsa da qəbuledilməzdir! Heç ermənilər də buna razı olmazlar. İranla birbaşa əlaqədən məhrum olmaq onlar üçün ölümə bərabərdir...
Shaban Nesirov:
-Qüdrət Həsənquliyev Rauf Arifoğlunun "Dərin Təhlil”ində söyləyib... Utanmasan oynamağa nə var ki! Bunlar ictimayyət qarşısında ağzından çıxanı belə rahatlıqla danırlarsa, hər şey gözləyin bunlardan. Hələ onun debatdakı bu sözlərinə Zahid Oruc "Qüdrət müəllim, siz dəhliz kimi nəzərdə tutursuz yəqin...” deyiminə Qüdrət müəllim rahatca “Yox, ərazi mübadiləsini nəzərdə tuturam” dedi. Yəni, Zahid müəllim çalışdı don geydirsin, zərbədən onu qorusun,amma rus sevgisi nə qədər böyükdürsə Qüdrət qüdrətini göstərdi...
Nizami Tahmazov:
-Ürəyində vətən, torpaq, millət sevgisi olan bir şəxs belə sözlər deyərkən bir az düşünməli, dediklərinin fərqində olmalıdır. Hamı yaxşı yaşamaq istəyir, amma belə yarınmağın hesabına yaşamaq düzgün deyil...
***
Təkcə mənim fb statusumdakı bu mövzulu cümləyə çoxsaylı şərhlər vardır, lakin onların bir çoxu sərt ifadə və qeyri-etik ifadəli olduğundan səhifədən silindi, bəzilərini də burada təqdim edə bilmədik...
Beləliklə, deyəcəyimiz budur ki, statusundan asılı olmayaraq kimsə torpaqdan danışanda mütləq qaydada Qarabağda şəhid olmuş qəhrəmanlarımız unutmasın! Çünki o torpaqlar şəhid qanı ilə suvarılıb...
Asif Mərzili
P.S.Millət vəkili Qüdrət Həsənquliyevin də mövqeyini təqdim etməyə hazırıq...