“Beynəlxalq Prokurorlar Assosiasiyasında korrupsiya ilə mübarizə və çirkli pulların yuyulmasına qarşı şəbəkə var. Gələcəkdə bu şəbəkənin fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq”.
Bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev bildirib.
K.Əliyev deyib ki, indiyə qədər Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı treninqlər keçirilib: “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən ölkələrin prokurorluq orqanları bu qarşılıqlı əməkdaşlıqdan faydalanır”.
Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında zamana uyğun islahatlar həyata keçirilir: “Cinayət təqibindən kənar icraatlar idarəsini bu aspektdə qeyd etmək istəyirəm. Bunu başqa cür ictimai maraqların qorunması üzrə idarə kimi də qeyd etmək olar. Məsələn, cəmiyyətdə azyaşlıların hüquqlarının qorunmasına, ekoloji cinayətlər və s. mübarizə aparmağa ehtiyac var. Bu sahədə inzibati yolla mübarizə daha effektiv olur. Ahıl şəxslərin hüquqlarının müdafiəsi ilə də bu idarə məşğul olur”.
K.Əliyev nəzərə çatdırıb ki, dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı da xüsusi idarə yaradılıb: “Xidməti Araşdırmalar İdarəsi də yaradılıb. Bu, sırf prokurorluq orqanlarının inzibati xətalarının, etik davranış qaydalarının pozulmasının araşdırılması ilə bağlıdır”.
E.ŞİRİNOV