...Mən milliliyi və türkçülüyü babam Şahlar Həsənoğlundan öyrənmişəm. Mənə kim olduğumu, soyumu, kökümü, tariximi tanıtdı. Ancaq Şahlar Həsənoğlu elə bir insan idi ki, o, sadəcə, mənə yox, bütün türk gənclərinə kim olduqlarını heç vaxt unutdurmadı.

Hətta bununla bağlı mənə danışdığı bir əhvalat da var. O vaxtlar babam Milli Zabitlər Akademiyasında işləyərkən Türkiyədən gələn Zabitlər-Hərbi müəllimlər akademiyanı hələ yenicə himayəyə götürmüşdülər. Tarix kitablarına baxarkən türk müəllimlərdən biri  türklər haqqında, xüsusilə də Səlcuqlar-Azərbaycan xalqının formalaşması və s. barədə olan məlumatları bəyənməyiblər. Daha çox imperialistlərin təsiri ilə yazıldığını deyiblər. Buna görə də kafedra müdirinə (təəssüf ki, adını xatırlamıram) tapşırıblar ki, bu dövrdə olan tarixi məhz o özü yazsın, burada düzgün olmayan məsələlər var. Ancaq özü bunun öhdəsindən gələ bilmədiyi üçün bui şi babama tapşırır. Və deyir ki, həm türklərin xoşuna gəlsin, həm də bizim senzuradan keçsin. Beləliklə, babam Səlcuqlar dövründən Xanlıqlar dövrünə qədər olan tarixi yazmağa başlayır. Yazarkən isə çoxlu tarixçi və salnaməçilərin əsərlərindən istifadə etmiş, Türkiyədən kitablar gətirtmiş, rus-ərəb dilində kitablardan faktlar toplamışdı ki, türk olduğumuzu, milli kimliyimizi faktlarla göstərsin.

O, kitabı bitirdikdən sonra türklərə təqdim edir və qəbul olunur. Mən bir dəfə soruşdum ki, baba, bəs sənin adın qeyd olunacaq? Babam mənə heç vaxt unutmayacağım bir cavab verdi: “Bilmirəm, ancaq mənə maraqlı deyil ki, orada mənim adım olacaq, yoxsa bir başqasının. Mənim çox böyük arzum olub ki, bu tarixi mən özüm, öz bildiyim faktlar əsasında, tarixi mənbələrə istinadla dəqiq yazım. Düzdür, yazsalar pis olmaz, ancaq mənə önəmli olan odur ki, mən zabitlərimə tarixlərini izah etdim, onlara təmiz türk olduqlarını, genimizin qarışmadığını faktlarla göstərdim...”.

Babam həmişə deyirdi ki, orta məktəb Azərbaycan tarixi kitablarında Azərbaycan türklərinin Türkiyə türkləri və digər millətlərlə qarışığından formalaşdığı qeyd olunur. Hər şeyin köhnə Marksist-leninçi, imperiyaya xidmət edən kölə bir mütəxəssis tərəfindən yazıldığı ap-aydın görünməkdədir.

Ancaq babam isə genimizin 70-80 faizini Oğuz-Səlcuq türklərindən, 20-30 faizini isə digər türklərdən olduğunu faktlarla anlatmışdı. Biz imperialistlərin dediyi kimi heç də başqa millətlərlə qarışıq deyilik. “Azərbaycan indi altı türk dövlətindən biridir. Yaxın gələcəkdə türk dövlətlərinin sayı daha da arta bilər. XX yüzilliyin 90-cı illərinin reallığı belədir və biz yeni  “Azərbaycan tarixi” kursunu hazırlayarkən bu reallıqdan çıxış etməliyik. Yəni, biz bunu əsas götürməliyik ki, bu tarix dünyanın çox kiçicik bir hissəsini qapsayan, tarixi gedişatdan və ümumtürk yürüşündən ayrılıqda götürülən qurama, bəsit bir tarix olmayacaqdır. Bir türk dövlətinin tarixi olmaqla o təkcə Azərbaycan ərazisi ilə məhdudlaşdırıla bilməz. Bu tarixin çıxış nöqtəsi Azərbaycan adlanan ərazinin belə adlandırılmasından min illər əvvələ addadılmalıdır. Türk tarixən heç bir kiçik ərazi ilə özünü qısıtlamamış, zaman-zaman yer üzünün çox böyük ərazilərə sahib olmuş, hətta bütöv yüzillərcə bütün dünyaya hökm etmişdir. Cılız erməni iddialarına cavab vermək bayrağı altında biz özümüzü bu nəhəngdən ayırıb təkcə Azərbaycan adlandırdığımız kiçicik bir ərazi içində çırpındıra bilmərik. Buna görə də biz tarixçilərimizin etdikləri kimi Manna, Midiya və Atropatenadan deyil, ümumtürk yürüşünün başlanğıcından başlamalıyıq.” -Şahlar Həsənoğlu, Tariximizin çıxış nöqtəsi.

Bütün bunlar mənim diqqətimi çəkdi və mən özüm bununla bağlı bir neçə araşdırma apardım. Gördüm ki, həqiqətən də imperialistlərin tariximizə təsiri hələ də mövcuddur. “Bildiyimiz kimi, orta əsrlər dövründə də Azərbaycana türk axınları davam etmişdir. Gələn türklərlə yerli türklər birgə yaşayırdılar. Həmçinin hər iki imperiyanın köçürmə siyasəti nəticəsində Azərbaycanda farslar və ərəblər məskunlaşdırıldı. Yerli əhali ilə qaynayıb-qarışdıqdan sonra onlar öz dillərini itirirdilər. Beləliklə, ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi başa çatdı.”-(Bax:7-ci sinif Azərbaycan Tarixi, Xalqımızın formalaşmasının başa çatması,səh.60)

Bəs onda biz kimik?! Babam deyirdi ki, türklərin ən humanist qolu Oğuz-Səlcuq türkləri olmuşdu. Onların hakimiyyəti dövründə türklərlə yanaşı Azərbaycan ərazisində başqa millətlər də yaşayırdı. Səlcuqlar türkləri qoruduqları kimi digər millətləri də qoruyurdular. Səlcuq İmperiyasının hakimiyyəti zamanı digər xalqlar əsarət altında deyil, azad şəkildə yaşayırdılar. Bəs o zaman niyə ərəb, fars kimi köklü millətlər 100 il ərzində türklərlə qarışmalı idi?! Halbuki min ildir ki, ünsiyyət dili türk dili olsa da, inqloy, talış, ləzgi, avar kimi xırda millətlər türklərlə qarışmayıb? Bəs niyə tarix kitablarında ərəb və fars kimi köklü millətlərin türklərlə qarışdığı yazılır? Çünki bu imperialistlərin qismən də olsa, bizi türklərdən ayırmaq üçün işlətdiyi bir siyasət idi. Bunun üçün başqa xalqların Azərbaycanda yerləşməsi ilə bağlı faktları əllərində bayraq edirdilər. “Azərbaycan tarixçiləri silkinib ayılmalı, buyruq qulu olmaq hipnozluğundan çıxmalı və belə bir sadə həqiqəti anlamalıdırlar ki, Azərbaycan tarixi Azərbaycan ərazisinin deyil, Azərbaycan xalqının, azəri türklüyünün tarixidir.” -Şahlar Həsənoğlu, “Bir tarix dərsliyi haqqında”.

Babam deyirdi ki, türklər nə qədər humanist olsalar da, bir o qədər də qəddar olublar. Mete xan, Çingiz xan, Topal Teymur kimi qəddar türklər tarixçilərə məlumdur. Atabəylər-Səlcuq hakimiyyətindən sonra Azərbaycana Çingiz xan-Monqol türklərinin yürüşü olur. Və Monqol türkləri Azərbaycanda “örüş siyasəti” aparırlar. Siyasətin məqsədi iri şəhərləri dağıdıb öz mal-qaraları üçün otlaq sahəsi yaratmaq idi; Qoca, cavan, qadın, uşaq demədən hərkəsi qılıncdan keçirirdilər. Daha doğrusu, biz belə düşünürdük. Ancaq əsas məqsəd heçdə belə deyil.

Babam, o dövrdə yaşamış bir salnaməçinin (təəssüf ki, adını yenə xatırlamıram) yazdıqlarını mənə danışırdı. Salnaməçi yazırdı ki, Monqol türkləri Beyləqanı yerlə-yeksan etdilər. Daha sonra Gəncəyə doğru, oranı dağıtmaq üçün yürüş etdilər. Salnaməçi qeyd edir ki, Beyləqandan Gəncəyə qədər meyitlər düzülmüşdü. Onlar meyitlərin üzəri ilə gedirdilər. Gəncə şəhərini mühasirəyə aldıqdan sonra Gəncə əhalisi Monqol türkləri ilə danışığa ağ bayraqlı türk elçilər göndərmişdilər və Gəncənin tamamən türklərdən ibarət olduqlarını demişdilər. Halbuki, Gəncə hakimi özü türk deyildi. Onlar Monqol türklərini Gəncə əhalisinin türk olduğuna inandırdıqdan sonra xərac vermək qarşılığında Gəncəni dağılmaqdan xilas edirlər. Beyləqan, Şamaxı və bir çox başqa şəhərləri yerlə-yeksan etdilər. Canlarını qurtaran az miqdarda əhali isə dağlarda gizləndilər. Gəncə, Təbriz və başqa şəhərləri isə xərac qarşılığında dağıtmaq fikrindən daşınırlar.

***

Babam danışarkən deyirdi ki, niyə bu kimi şəhərlərdən xərac alıb buraxırdılar, ancaq digər şəhərləri isə darmadağın ediblər? Nəyə görə? Dağıdılan şəhərlər xərac verib canını qurtara bilməzdilər? Buna imkanları yox idi?

Həmin o salnaməçinin yazdıqlarından görünür ki, Monqol türkləri türk şəhərlərini dağıtmır, qeyri-türk olan şəhərləri isə viran edirdilər. Yəni, əslində, “örüş siyasəti” təkcə otlaq sahəsi yaratmaq üçün deyil, qeyri-türk millətlərini təmizləmək məqsədi daşıyırmış. Bütün bunları imperialistlər çox gözıl bilirdilər.

Artıq Azərbaycanda qeyri-türk millətləri hədsiz dərəcədə az idi. Əhalinin 95%-i türklərdən ibarət idi. Geriyə qalan 5% qeyri-türk millətlər isə qaçıb canlarını qurtarmaq üçün dağlarda məskunlaşmışdılar. İndiki Azərbaycan xəritəsinə nəzər yetirsək görərik ki, həmin o xırda millətlər Şamaxı, Talış, Quba, Qusar, Zaqatala, Xızı dağlarında yerləşmiş, həmin torpaqlarda məskunlaşmışlar. Hülakü dövrü hakimiyyətinin əvvəlləri zamanı Azərbaycan şəhərləri tənəzzülə uğrayır. Daha sonra Qazan xanın hakimiyyəti zamanı, onun keçirdiyi islahatlar sayəsində həmin şəhərlər yenidən dirçəlir. Və burada tamamən türklər məskunlaşır. Çünki artıq Azərbaycandakı qeyri millətlər çox az sayda qalmışdı. Babam deyirdi ki, biz Monqol türklərinin qəddarlığına təşəkkür etməliyik! Çünki bu sayədə türk genimiz digər millətlərlə qarışmamışdır!

Zaman-zaman imperialistlər bizi türklükdən ayıran tarixi faktları qabartmış və tarix kitablarında mübaliğəli şəkildə qeyd etmişlər. Bizim əsl türk olduğumuzu göstərən faktları gizlətmişlər. Öz tarixçilərimizin isə imperialistlərin hipnozu altinda olduqlarına görə gözlərindən yayınmışdı.

Mən çox istəyərəm ki, babamın da dediyi kimi artıq imperialistlərin hipnozu altında deyil,gerçək faktlarla yazılmalıdır tariximiz!

Hunel Aydan Əhmədqızı 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN