“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”.

Bunu mətbuata açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.

K.Şükürov deyib ki, Azərbaycan Elmlər Akademiyasının inkişafında, yeni elmi çağırışlara vaxtında cavab verməsində və elmi tədqiqatların yüksək səviyyədə təşkilində akademiya prezidentlərinin xüsusi rolu olub: “Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983) və digərləri Azərbaycan elm tarixində özünəməxsus iz qoyub. Akademiyanın İstiqlaliyyət küçəsində yerləşən Rəyasət Heyəti yaxınlığında Yusif Məmmədəliyevə qoyulan heykəl elmə sədaqətlə xidmətin simvolu kimi hörmətlə yad edilir. Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoydu. Ölkə rəhbərliyinin etimadı və dövlət idarə sistemində müəyyən təcrübəyə malik olan Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, bu təcrübədən istifadə edərək Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edildi. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı. Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.

K.Şükürov qeyd edib ki, Akademiya həyatının əsas sənədi olan, Nizamnamə də dünya elminin inkişafının müasir tələblərindən geri qalır: “Akademiya üçün xarakterik olan demokratik idarə üsulu yaradılmasının əksinə olaraq, onun prezidentinin səlahiyyətlərinin daha da artırılmasının təsdiqinə xidmət edir. Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı. AMEA sisteminə daxil olan institutların rolu demək olar ki, heçə endirildi. Azərbaycan elminin uzun müddət ərzində formalaşmış elmi potensialına da ciddi zərbə vuruldu. Perspektivli alimlərin bir hissəsi akademiyanı tərk etdi. İşini davam etdirən elm fədailəri isə normal elmi tədqiqat imkanlarından məhrum edildi. Beləliklə, akademiya dövlətin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə nail ola bilmir. Akademiyanın fəaliyyətinin əsas istiqaməti kimi elmi tədqiqatların prioritetləri bir tərəfə atıldı, nəticədə elə bir dözülməz vəziyyət formalaşdı ki, akademiya müasir elmi çağırışlardan kənarda qaldı. Pandemiya Azərbaycanın müvafiq elm sahəsini də sınağa çəkdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu sahədə akademiya ciddi bir addım ata bilmədi”.

Tarix İnstitutunun baş direktorunun sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır: “AMEA rəhbərliyi tərəfindən əməkdaşların əmək haqqının artırılması, sosial müdafiəsinin yüksəldilməsi istiqamətində də real bir iş görülmür. AMEA daha çox məhkəmə qalmaqalları ilə gündəmə gəlir. Bu da ictimaiyyət arasında akademiyanın işgüzar nüfuzuna ağır zərbə vurur. Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN