“London məhkəməsi Azərbaycanın hansısa təmiz imicə malik insanı barəsində belə bir qərar çıxara bilər?”
Bu fikirləri London məhkəməsinin deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə etməsindən sonra bu çərçivədə proseslərin mümkün inkişafını dəyərləndirən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov deyib.
Onun fikrincə, London məhkəməsinin Cavanşir Feyziyevin ailə üzvlərinə aid iri məbləğdə vəsaiti müsadirə etməsi haqqında çıxardığı qərarı şübhə altına ala biləcək əsas yoxdur: “London məhkəməsinin Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinqin müsadirə olunması qərarından sonra bu işlə bağlı cinayət işi də qaldırıla bilər. Amma o fikirdə deyiləm ki, Azərbaycan tərəfi o cinayət işi ilə əlaqədar deputatın orada mühakimə olunmasına razılıq versin.
Lakin adı bu qədər iri məbləğdə çirkli pulların yuyulmasında hallanan deputat ölkə daxilində cəzasını almalıdır. Bildiyiniz kimi, Avropa qanunlarına görə, 10 min dollardan çox vəsaitin real qazanc mənbəyi göstərilmədikdə, bu, artıq hüquqi məsuliyyəti yaradır.
Ancaq yenə deyirəm, o cinayət işi, deputatın mümkün mühakiməsi necə aparılacaq, bu artıq başqa söhbətdir. Bu, Böyük Britaniya ilə Azərbaycan arasında həll ediləsi bir məsələdir. Ancaq bütün hallarda Cavanşir Feyziyevin belə bir səs-küylü olaydan sonra deputat kimi qalması Azərbaycan dövlətinin imicinə pis təsir göstərəcək.
Təbii ki, London məhkəməsinin Cavanşir Feyziyevin ailə üzvlərinə aid iri məbləğdə vəsaiti müsadirə etməsi haqqında çıxardığı qərarı şübhə altına ala biləcək əsas yoxdur. Əgər o qərarın qəbulunda qeyri-obyektivliyə yol verilsəydi, inanın ki, bunun çox güclü əks-sədası olardı, Britaniya kimi demokratik ölkədə inanılmaz qalmaqal yaranardı.
Özünüz də baxın, London məhkəməsi Azərbaycanın hansısa təmiz imicə malik insanı barəsində belə bir qərar çıxara bilər? Yox! Çünki bunun üçün əsas və sübut lazımdır. O baxımdan, əminliklə demək olar ki, London məhkəməsinin elə bir qərar çıxarması üçün tam əsası olub”.
E.ŞİRİNOV