"Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri məni qorxudaraq, bir zərərçəkmiş kimi dövlətimizin mənə ayırdığı maddi vəsaitdən imtina etməyə məcbur edirlər"
"Təzadlar"a Şamaxı rayonunun Qızmeydan kənd sakini Ukleina Anna Vasilyevnanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlı müraciətinin surəti daxil olub.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Bildirirəm ki, 2019- cu ilin fevral ayında Şamaxıda baş vermiş təbii fəlakət nəticəsində yaşadığım evin yararsız hala düşməsi və olduqca təhlükəli vəziyyətdə olması barədə 04.12.2020-ci il, 28.06.2021-ci il tarixlərində sizə ərizə ilə rəsmi şəkildə müraciət etmişəm və orada qarşılaşdığım problemlərə geniş şəkildə toxunmuşam.
Bir daha qeyd etmək istəyirəm ki, məlum zəlzələdən sonra mövcud problemin yaranma səbəbləri və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan süni maneələr haqqında 21.09.2020-ci il və 04.12.2020-ci il tarixlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edərək, bəzi qanunsuz əməllər haqqında məlumat vermişəm və eyni zamanda, həmin ərizələrin surətlərini Respublika Prokurorluğuna göndərmişəm. Bundan əlavə, yaranmış problemin ədalətli şəkildə həll olunması və hüquqlarımın qorunması istiqamətində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Boçarnikova rəsmi müraciət edərək, mənə lazımi köməklik göstərilməsini xahiş etmişəm. Səfir öz növbəsində, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini məlumatlandırmış və məsələnin yenidən araşdırılmasını tövsiyə etmişdir. Bütün bu müraciətlərdən sonra zərərçəkmiş kimi hüquqlarımın qorunması istiqamətində müəyyən addımlar atılmış və Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış komissiya üzvləri yaşadığım evə yenidən baxış keçirərək, müvafiq sənədləşmə işləri aparmışlar. Bundan bir müddət sonra Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdiri və baş memarı Xəlil İsgəndərov tərtib edilən müayinə aktına əsasən, evimin təmirinə sərf olunacaq vəsaitin - 35000 manatın ayrılması istiqamətində bütün işlərin başa çatdığını və yaxın günlərdə məlum təbii fəlakət nəticəsində təhlükəli vəziyyətə düşən evimin tikinti işlərinə başlanılacağı barədə mənə məlumat verilmişdir. Verilən vədlərdən sonra görüləcək işlərin yubanması səbəbindən dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətində olsam da, bununla yanaşı, aidiyyəti üzrə qurumun əməkdaşları ilə dəfələrlə telefon danışığımız olsa da, yenə də məni aldatmağa davam edən icra hakimiyyətinin məsul şəxsləri bütün bunlar azmış kimi, indi də məni qorxudaraq, bir zərərçəkmiş kimi dövlətimizin mənə ayırdığı maddi vəsaitdən imtina etməyə məcbur edirlər. Hansı ki, bir il əvvəl, 2021-ci ilin ortalarında həmin icra hakimiyyətində olan rəsmi şəxslər mənə bildirirdilər ki, “cənab Prezident İlham Əliyevə bir daha ərizə yazmayın, sizin probleminiz rayon rəhbəri Tahir Məmmədovun şəxsi nəzarətindədir və yaxın bir ay ərzində probleminiz tam olaraq öz həllini tapacaqdır”.
Hörmətli cənab Prezident!
Baş verənlərə münasibətdə göstərəcəyim vətəndaş mövqeyimə görə bəri başdan sizdən üzr istəyirəm, ancaq məcbur qalaraq bunları diqqətinizə çatdırmalıyam. Ümüd edirəm ki, məni səmimi qəbul edəcəksiniz və əsas diqqəti problemin mahiyyəti üzrə araşdırılmasına yönəldəcəksiniz.
Sizin uğurlu dövlət siyasətinizə kölgə salan və xalqla siyasi hakimiyyət arasında olan sarsılmaz birliyə zərbə vuran hal-hazırda Şamaxı Rayon İcra Hakimiyyətində məsul şəxs sayılan Ceyhun Əbülhəsənov deyir ki, “get, hara istəyirsən şikayət elə”.
Hesab edirəm ki, illərdir davam edən bu davranışları və hüquqazidd əməlləri indi də həmin şöbənin yeni müdiri, baş memarı Əbülhəsənov Ceyhun Mənsur oğlunun davam etdirməsinin məsuliyyəti rayonun rəhbəri Tahir Məmmədovun üzərinə düşür və qeyd etmək istəyirəm ki, onların bu kimi hüquqdan kənar addımlarını qətiyyətlə qınayıram. Adıçəkilən məmurların dövlətin əmlakını sanki öz əmlakları hesab etməsi və mənimlə bazar qaydaları ilə davranmaları başqa bir müzakirənin mövzusudur və qeyd etmək istəyirəm ki, hüquq-mühafizə orqanları ayrıca olaraq bu məqamlara aydınlıq gətirməyə borcludurlar. Bu məsələ ilə əlaqədar yaranacaq ilkin ibtidai istintaqa kömək məqsədilə buradan çatdırıram ki, üç ay bundan əvvəl evimin tikinti işlərinə ayrılan və aidiyyəti qurumlar tərəfindən təsdiqlənmiş 35000 manatdan son məlumata görə, mənə 28000 manat ödəniləcəyini söyləyən baş memar ortada olan 7 min manat fərqin izahını verməlidir.
Hörmətli cənab Prezident!
Bu rəsmi müraciət vasitəsilə həm də Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm ki, məsələyə ciddi şəkildə münasibət bildirsin və mənə evimin yenidən tikilməsi üçün ölkə Prezidentinin tapşırıqlarına əsasən ayrılan vəsaitin kimlər tərəfindən mənimsənildiyi araşdırılaraq, məsələyə hüquqi qiymətin verilməsi istiqamətində öz müvafiq tapşırıqlarını versin.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm ki, hər addımda haqsız olaraq məni qorxutmağa çalışan baş memar Ceyhun Əbülhəsənov və RİH başçısı Tahir Məmmədov haqqında hüquqi ölçü götürülməsi istiqamətində Baş Prokurorluğa öz tapşırıqlarınızı verəsiniz və yaşlı, köməksiz qadın olduğumu nəzərə alıb müvafiq sərəncamınıza uyğun olaraq, evimin tikintisi üçün ayrılan 35000 manat vəsaitin mənə çatmasında köməkliyinizi əsirgəməyəsiniz.
Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm".
E.ŞİRİNOV