“Ramil atasının Rasif tərəfindən döyüldüyünü görərək atasının köməyinə cumarkən Samir Dadaşzadə onunla əlbəyaxa olmuş, onu vuraraq yıxmışdır”

...2018-ci ilin sentyabr ayının 4-də Sumqayıt şəhərində Qubadlı rayonundan olan 2 ailə arasında düşmənçiliyə çevrilən belə hadisə baş vermişdir. İsmayılov Əhəd Muxtar oğlunun kiçik oğlu İsmayılov Ramil Əhəd oğlu Sumqayıt şəhərində yaşadıqları evə yaxın yerdə, Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın altında yerləşən “PS-3” oyun zalında gecə saat 21:30 radələrində oynayarkən, oyun zalının işçisindən mobil telefon üçün adapter xahiş etmişdir.

Oyun zalını icarəyə götürmüş Mehmanov Fərid Zahid oğlu Ramilə adapter vermiş, Ramil adapteru şəbəkəyə taxaraq mobil telefonunu yükləməyə qoyaraq pultla ekranda oynamağa başlamışdır. Təxminən 15 dəqiqədən sonra, əslən Qubadlıdan olan idmanla məşğul olan, kifayət qədər fiziki hazırlığı olan Həbibov Rasif Asif oğlu, onun dostları Dadaşzadə Samir Tahir oğlu, Əhmədov Aslan Valeh oğlu, Məmmədov Həsənağa Neyman oğlu oyun zalına daxil olmuşlar. Onlar oyun zalına daxil olub stolda əyləşəndən sonra Rasif zalı işlədən Fəriddən mobil telefonunu yükləmək üçün adaptor istəmiş, Fərid isə bildirmişdir ki, adaptor Ramildədir, telefonunu yükləməyə qoyub. Bu zaman Rasif Həbibov Ramilin oyun stoluna yaxınlaşaraq onun telefonundan adapteru icazəsiz çıxararaq telefonu stolun üstünə atıb çıxıb gedərkən Ramil ona bildirib ki, mənim telefonum yüklənməyib, niyə çıxartdın? Bunun əvəzində Rasif 18 yaşı təzə tamam olmuş Ramilin sifətindən bir neçə sillə vuraraq onu döymüşdür. Onunla gələn dostları Ramili onun əlindən almışlar. Hadisə olduğu kimi zalda quraşdırılmış müşahidə kamerasına düşmüşdür.

 Oxucularıma bildirmək istəyirəm ki, əvvəllər bu iki ailə arasında çox yaxınlıq, mehribançılıq və iş birliyi olmuşdur. Belə ki, Əhədin oğlu Nicat Sumqayıtda maşın ticarəti ilə məşğul olduğundan yerlisi Rasif Həbibovu da öz işinə qoşmuş, onun da çörək qazanmasına şərait yaratmışdır. Rasif bir müddət Nicat və onun ailəsi ilə maşın alveri ilə məşğul olmuş, bu sənətə yiyələndiyi qənaətinə gələrək onlardan ayrılıb sərbəst maşın alveri ilə məşğul olmağa başlamışdır. Fəqət, işini qura bilməmiş, Nicatın yanına qayıtmağı da özünə sığışdırmamışdır. Nəticədə heç nədən sonu belə faciəyg gətirib çıxaran qısqanclıq yaranmışdır. Rasif bəzi hallarda Nicatı və qardaşı Ramili pərt etmək, sındırmaq, aşağılamaq kimi hərəkətlərə yol verdiyindən Əhəd dəfələrlə ondan xahiş etmişdir ki, əgər işləmək üçün Nicatın yanına qayıtmaq istəyirsə qayıtsın, amma uşaqlarla pis rəftar etməsin.

***

Beləliklə, Ramil döyüldüyündən zalda otura bilməmiş, çıxaraq maşınına minib evlərinə gəlmişdir. Atası Əhəd İsmayılov, anası Mətanət xanım görmüşlər ki, Ramil pis vəziyyətdədir, sifəti sillələnib. Nə olduğunu soruşanda atası Əhədə demişdir ki, bəs sən deyirdin ki, Rasifə tapşırmışam bizimlə işi olmasın, yenə də məni camaatın içində sillələdi, məni döydü. Əhəd İsmayılov oğlu Ramilin maşınına oturaraq hadisə baş verən yerə gəlmiş, görmüşdür ki, oğlunu sillələyən Rasif, dostları Samir, Aslan və Həsənağa çöldə çay içirlər. Əhəd maşından düşərək onların yanına gəlmiş, salamlaşandan sonra adamın çox olduğunu görərək Rasifə demişdir ki, otur maşına gedək kənara balaca söhbət edək. Rasif durub maşının arxa oturacağında oturanda, dostu Dadaşzadə Samir də onun yanında oturmuşdur. Ramil maşını sürərək sakit bir yerdə saxlamış və dördü də maşından düşərək söhbətə başlamışlar. Əhəd əsəbi olduğundan görünür Rasiflə yüksəkdən danışıb, ehtimal ki, kobud kəlmələr də işlədib. Onda Rasif ona deyib ki, “sən uje qatıxlayırsan haaa” və qəfildən Əhədin sifətinə kəlləsi ilə zərbə vurur.  Zərbənin gücündən Əhəd yerə çökür. Əhədin sifəti partlamış, burnu sınmışdır. Rasif onu çömbəldiyi vəziyyətdə təpiklə başından döyməyə başlayır. Əhəd Rasifə “Rasif bəsdir, Rasif bəsdir” deməsinə baxmayaraq onu təpikləməkdə davam etmişdir.

***

...Cinayət işinin I cildinin 240-241-ci səhifəsindəki 05.09.2018-ci il tarixli 1099 nömrəli məhkəmə-tibbi ekspertin rəyiylə təsdiq olunur ki, Rasif Əhədin sifətinə kəllə ilə vuraraq aşağıdakı xəsarətləri yetirmişdir: Sol gicgah-təpə nahiyyəsinin hemotoması, sol bazunun, sol saidin, hər iki baldırın qançıları, sağ yanağın, üst dodağın, burunun qançırları, burun sümüyünün sınığı.

Ramil atasının Rasif tərəfindən döyüldüyünü görərək atasının köməyinə cumarkən Samir Dadaşzadə onunla əlbəyaxa olmuş, onu vuraraq yıxmışdır. Ramil qalxaraq fiziki cəhətdən atasından və ondan güclü olan Rasifə və Samirə gücləri çatmadığını görüb avtomaşına tərəf qaçaraq avtomaşında saxladığı mətbəx bıçağını götürüb atasını yerdə təpikləyən Rasifə cumarkən Samir yenə onunla əlbəyaxa olmuşdur.

Bu zaman Ramil əlindəki bıçaqla Samirə 2 zərbə endirmiş, Samir hadisə yerindən qaçmış, Ramil atasını təpikləyən Rasifə də 3-4 bıçaq zərbəsi endirmiş, Rasif də atası Əhəddən əl çəkərək hadisə yerindən qaçmışdır (“3-4 bıçaq zərbəsi” sözünü yadda saxlayın). Rasif və Samir Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gəlmişlər. Rasifin aldığı bıçaq xəsarətləri ağır olduğundan cərrahi əməliyyat olunmuş, qohumları onu xəstəxanadan çıxararaq Bakı şəhərinə “EGE” hospitalına köçürmüşlər. Göstərilən tibbi yardımlara baxmayaraq hadisədən 4 gün sonra, 08.09.2018-ci il tarixdə saat 18:50-də Rasif hospitalda vəfat etmişdir.

Əhəd İsmayılovun oğlu Ramil atasını Rasifin əlindən alandan sonra ata-bala döyülmüş vəziyyətdə maşına oturub evə gələrkən Ramil Rasifi və Samiri bıçaqla vurduğunu atasına demişdir. Atasını yaşadıqları binanın qarşısında salaraq evə polis gələcəyindən ehtiyatlanaraq və Rasifin və Samirin necə hərəkət edəcəklərini gözləyərək dəniz kənarına gedərək bıçağı dənizə atmış, sonra dostu Məmmədəliyev Nicat Rasim oğlugilə gələrək onu oyadıb hadisəni ona bildirmiş, Samir və Rasifi bıçaqladığını demişdir. Nicat Ramilin əynində köynək olmadığını görərək ona evdən qolsuz köynək gətirib vermişdir. Əhəd 06.09.2018-də səhər Ramili Sumqayıt Şəhər Polis İdarəsinə təhvil vermişdir. Mərhum Rasif Həbibov aldığı bıçaq xəsarətlərindən sonra özünü xəstəxanaya çatdırsa da, həkimlərin sorğusuna baxmayaraq hadisənin harada, necə, baş verməsini kim tərəfindən bıçaqlanmasını deməkdən qəti imtina etmiş, Ramili satmamışdır.

Beləliklə, hadisənin 3 şahidi qalmışdır. Əhəd, oğlu Ramil və bıçaqlanan Dadaşzadə Samir. Təbii ki, istintaq orqanı istintaqın gedişini bu 3 nəfərin ifadəsi və müxtəlif ekspertiza müayinələri ilə qurmalı idi.

Əhəd İsmayılov və oğlu Ramil İsmayılov istintaq zamanı ifadələrini şərh etdiyimiz qaydada vermişlər. Ramil etiraf etmişdir ki, həm Samir Dadaşzadəni, həm də Rasifi bıçaqla o vurmuşdur. Samirə 2 bıçaq zərbəsi vurandan sonra Samir qaçmış, Rasif atası Əhədi döyməkdə davam etdiyi üçün ona da bıçaqla 3-4 zərbə vurandan sonra o da atasından əl çəkərək qaçmışdır.

Hadisə ilə bağlı 05.09.2018-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Ramil barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa ağır zərər vurmağa görə cinayət işi başlanmışdır. Prosessual qanunvericiliyin tələbinə görə həmin cinayətin ibtidai araşdırılması polis orqanına aiddir. Ona görə də polisin istintaq şöbəsində 07.09.2018-ci il tarixdə Ramilə AR CM-nin 126.1-ci maddəsi ilə ittiham verilmiş, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ondan bir gün sonra, yəni 08 sentyabrda Rasif “EGE” hospitalında vəfat etdiyindən, 10.09.2018-də Ramilin cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 126.3-cü maddəsinə, yəni Rasifə Ramil tərəfindən ağır xəsarət yetirilməsi nəticəsində Rasif 4 gündən sonra öldüyündən, Ramilin əməli həmin maddəyə tövsif edilmiş və 126.3-cü maddədə nəzərdə tutulan cinayətin ibtidai araşdırılması Prokurorluq orqanlarına aid olduğu üçün cinayət işi Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir.

***

Fikrimcə hadisənin necə baş verməsini izah edə bildim. İndi Əhəd İsmayılovun başına gətirilən faciənin, onun yalandan, saxtakarlıqla, prokurorluq və məhkəmə tərəfindən necə 9 il azadlqdan məhrum edilməsinin detallarını Sizə şərh edirəm. Diqqətlə oxuyun.

Bildirdim ki, Ramil hadisədən sonra hər iki zərərçəkən, yəni Samirə və Rasifə xəsarət yetirdiyi mətbəx bıçağını dənizə atmışdır. Hara atdığını istintaq orqanına göstərmişdir. Həmin yerə baxış keçirilmiş, bıçaq dənizdə tapılmamışdır. Yəni bıçaq maddi sübut kimi ortada yoxdur.

Göstərdiyimiz kimi, meydanda 3 şahid var ki, hadisənin necə baş verməsini onlar danışa bilər. Ramil təsdiq edir ki, həm Samiri, həm də Rasifi mən vurmuşam, onlara xəsarət yetirdiyim bıçağı da Xəzər dənizinə atmışam. Bıçaq da tapılmamışdır.

Əhəd İsmayılov deyir ki, oğlum Ramil döyülmüş vəziyyətdə gəldiyindən mən durub gəldim Rasifgilin yanına ki, Rasifə deyim ki, bəs səndən xahiş etdim ki, mənim uşaqlarımı aşağılama, təhqir etmə, onlarla işin olmasın. Mən bıçaq götürüb Rasifi öldürməyə gəlməmişdim, oğlum Ramildə də bıçaq olduğundan xəbərim olmayıb, onları vurduğundan da xəbərim olmayıb, mən öz başımın hayında idim, məni Rasif kəlləsi ilə vurub burnumu sındırmışdır, çökmüşdüm, mənim başıma, kürəyimə təpiklər vururdu.

Deməli, şahidlərdən ən mühümü, vacibi Samir Dadaşzadə və onun ifadəsidir. Samir Dadaşzadənin ilk ifadəsi cinayət işinin I cildinin 76-80-cı səhifəsindədir. 11 sentyabr 2018-ci il tarixdə Sumqayıt Prokurorluğunun böyük müstəntiqi Faiq Nadirov tərəfindən alınıb. Samir Dadaşzadə həmin ifadəsində təsdiq edir ki, biz maşından düşdüyümüz yer “qluxoy” yer idi. Əhəd Rasifə qarşı nalayiq sözlər işlətdi, Rasif dedi ki, “sən uje qatıxlayırsan, bu saat səni vuracam”. Onda mən gördüm ki, Əhəd Rasifin qarnına əliylə bir yumruq vurdu. Ondan sonra Rasif kəllə ilə Əhədin sifətindən vurdu. Əhəd dizi üstə çökdü və s.  Müstəntiqin “Əhədin əlində bıçaq vardımı?” sualına Samir cavab verib ki, “göstərirəm ki, mən nə hadisənin əvvəlində, nə də ki, sonunda Əhədin əlində bıçaq görməmişəm”.

(Davamı var)

İkram İnad, vəkil-publisist  

Hazırladı: A.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN