İndoneziyada 2024-cü ildə keçiriləcəyi planlaşdırılan prezident seçkilərinə hazırlıq işlərinə başlanılıb.
Bu barədə İndoneziya Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, iyunun 14-də dünyanın ən çoxsaylı əhaliyə malik ölkələrindən birində yeni prezidentin seçkiləri ilə bağlı rəsmi səsvermə prosesinin başladığı elan edilib. Eyni zamanda, İndoneziyanın daxili işlər naziri Tito Karnavian bəyan edib ki, Prezident Coko Vidodo Seçki Komissiyasını seçki sistemini təkmilləşdirməyə çağırıb.
Qeyd edək ki, İndoneziya əhalisi əvvəlki prezident seçkilərində olduğu kimi bu dəfə də seçkilərə böyük maraq göstərir. Bununla yanaşı, bu ölkədə seçkilər zamanı rüşvət verilməsi və səslərin alınmasına qarşı, həmçinin ədalətli və şəffaf seçkilər uğrunda mübarizə aparıldığı bildirilir.
İndoneziya Konstitusiyasına əsasən, hakimiyyətdə olan Coko Vidodonun ikinci prezidentlik dövrü artıq başa çatır. Hələlik onu kimin əvəz edəcəyi aydın deyil, lakin bir sıra nazirlərin və qubernatorların dövlət başçısı vəzifəsini tutmaq üçün maraqlı olduğu qeyd edilir.
Xatırladaq ki, cari ilin aprelində bir sıra nazirlərin seçkilərin təxirə salınması barədə təklifi xalqın narazılığı ilə qarşılanmışdı. Bu təklifin qəbul olunacağı təqdirdə, C.Vidodonun hakimiyyət müddəti uzana bilərdi.
Bundan sonra Prezident C.Vidodo səsvermənin plana uyğun şəkildə təşkil olunacağını və özünün hakimiyyət müddətini uzatmaq fikrində olmadığını bəyan edib.