Azərbaycan Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənan (Qasımlı) “Təzadlar”a yazır ki...

Aşağıda Aslan Kənanın Bakı şəhəri, Nəsimi rayon  Mənzil İstismar İdarəsinin rəisi Nizami Mayılova yazdığı məktubunu təqdim edirik. Oxumağa dəyər:

- Cənab Mayılov! Bu yaxınlarda saytların birində “Bakıda ağacın yerində park yeri yaradılmasına İcra Hakimiyyətindən cavab: “İcazə verməmişik”” başlıqlı yazı ilə tanış olanda istər-istəməz Nəsimi rayon İcra Hakimiyyətinin məmurlarına qarşı məndə ikrah hissi yarandı. Burada özlərini xalqa “cani-dildən” “fəda” edən bu məmurlara leksikonumuzda işlədilən-işlədilməyən sözləri onların ünvanına “yapışdırmaq” yenə də azdır. Soruşan gərək, ay binəvalar, necə olur ki, rayonunuzun o biri başında “qanunsuz” çəkic vuran kimi tez xəbər tutursunuz, lakin burnunuzun altında o boyda işlər görülür, amma sizin xəbəriniz yoxdur. Görünür gələcəkdə özləri üçün gəlir mənbəyi yeri hazırlayan şəxslər haqq-hesabı sizinlə bölmədiyi üçün bütün olub-keçənləri qarşı tərəfin üzərinə atmaqda pərgarsınız. Nə isə. 

Mənim yaşadığım 5-ci mikrorayonda ucdantutma binaların birinci mərtəbəsində yaşayan sakinlərin demək olar ki, 90 faizi mənzilinin zirzəmisini açır, bayırdan qapı qoyur ki, müxtəlif əşyalarını orada yerləşdirsin, bu da bir növ ev sakininin az da olsa ehtiyacını ödəyir. Mən də öz növbəmdə qanuni yolla (kaş ki, qanunsuzluq edib, necə deyərlər, “kəndxudanı gör, kəndi çap” məsəlinə riayət edib işimi görəydim) icazə almaq istədim, görün başıma nə oyun açıldı.

Cənab Mayılov!

Nəzərinizə çatdırım ki, mən beş nəfərdən ibarət olan ailəmlə Nəsimi rayon 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 48, mənzil 46-da yaşayıram. Qeyd edim ki, yaşadığım mənzilin zirzəmisi var. Biz həmin zirzəmiyə pillələrlə düşüb-çıxırıq. Ailəmizdə körpə nəvələr böyüyür. Səhhətimlə əlaqədar olaraq düşüb-çıxmaq mənə günü-gündən çətin gəlir. Bir dəfə zirzəmidən istifadə edərkən nəvələrimdən biri ora yıxılmış, lakin mən yaxınlıqda olduğumdan çətinliklə də olsa uşağı xəsarət almaqdan qurtara bilmişəm. Yaşım artıq 70-i keçib. İki dəfə ürək əməliyyatı keçirmişəm. Bunu və səhhətimi nəzərə alıb yaşadığım mənzilin zirzəmisindən qapı açılmasına icazə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş idarəsinə, müraciət etdim. Mənə bildirdilər ki, bu məsələyə rayon İcra Hakimiyyəti baxır. Sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısına məktubla müraciət etdim. Rayon İcra Hakimiyyəti məktubu Mənzil İstismar İdarəsinə ünvanladı. Sizin əməkdaşlar məktubu alandan sonra operativ şəkildə “əməliyyata” başladılar. Müraciətimə cavab vermək əvəzinə məni öz “iqamətgahlarına” dəfələrlə dəvət etsələr də bir nəticə hasil olmadı. Mən sizinlə və müavininiz Nəsib Orucovla əlaqə saxlamaq istəsəm də hər dəfə katibənizdən eyni sözü : “ərazidədirlər”. Bir sözlə, sizinlə görüşmək “Kərbala müsibəti”imiş. 

Bu zaman Ümummilli liderimiz, (Allah ona qəni-qəni rəhmət eləsin!) Heydər Əliyevin 70-ci illərdə çıxışlarının birində dediyi ifadəni xatırladım. Bilirsiniz nə demişdi? Haradan biləsiniz. O zaman bir çox “JEK” müdirləri kimi, sizin də “fundamentiniz” hələ qoyulmamışdı... O zaman Heydər Əliyev xalqı incitdiklərini, onları get-gələ saldıqlarını eşidib, mənzil-istismar sahəsinin müdirlərini kəskin şəkildə tənqid edərək demişdi: “Bu “JEK” müdirləri nə böyük şəxsdir ki, onun qəbuluna düşmək müşkül məsələ olub”.

Diqqət edirsiniz, mərhum Heydər Əliyevin əlli il bundan qabaq dediyi söz indi yerini alır. Diqqət edirsinizmi, sizin bir “baş JEK” müdiri kimi nəinki qəbulunuza, hətta izinizə düşə bilmirik. Yanınıza da bir katibə əyləşdirmisiniz, o da tutuquşu kimi eyni sözü təkrar edir: “Ərazidədir”.  Görünür işə qəbul edəndə bu kəlməni dəfələrlə ona təkrarlatdırmısınız.

 Siz və həm də müavininiz Nəsib Orucov da sözünə bütöv deyilsiniz. Verdiyiniz vədin altından ustalıqla çıxmağı bacarırsınız. Sizin tapşırığınızla Orucov zirzəmi qapısı açmağın “yollarını” mənə izah etdi və dedi ki, işini görəndən sonra gəlib sənədlərini apararsan. Hələ mənim yerimə sənədləri hazırlatdırıb, imza etdirdi. Həm də deyirsiniz ki, zirzəmiyə qapı açdırmağa icazə mənim səlahiyyətimdə deyil.

Bəs necə olur ki, istirahət və bayram günlərində “əsabələrinizi” qapı-qapı gəzdirib kimin nə ilə məşğul olduğunun hesabını soruşursunuz??? Əgər doğrudan da bu işlər sizin səlahiyyətinizdə deyilsə, o zaman nəyə görə mənim zirzəmiyə qapı açmağımın qarşısını almağa bu qədər can-fəşanlıq edirsiniz.

Cənab Mayılov!

Siz mənim kiçik zirzəmimə qapı açmağımın qarşısına Çin səddi çəkirsiniz, lakin 3-cü mikrorayonun Əhməd Cavad və  başqa küçəsində ucalan 5 mərtəbəli binaların zirzəmilərinə göz yumursunuz. Sizin orada görünür umacağınız var. Olmasaydı həmin zirzəmilərin hər birindən 50-60 “Kamaz” maşınla torpaq daşınmazdı. Belə “düz işləyən” rəissinizsə o zaman niyə səsiniz çıxmadı. “Əsabələriniz” niyə hay-küy salmadı? Bundan  əlavə, insanların gedişinə maneçilik törədilən, yolun düz ortasında müxtəlif satış yeri açan küçə alverçilərinə nə sözünüz?! Onları da görmürsünüz? Siz yalnız 15-20 kvadrat metrdən ibarət olan yaşadığım mənzilin zirzəmisini görə bilərsiniz. Çünki mən sizin əsabənizin istədiyini verməmişəm, verməyəcəyəm də.

Daha sözüm yoxdur, Allah sizin və sizin kimilərin gözünü doydursun!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN