"Uzun illər öncə ölkənin hasilat sənayesində "Xəzərdənizneftqazsənaye" İB, 1980-ci ildən 90-cı illərin əvvəlinədək isə "Xəzərdənizneft" İB fəaliyyət göstərirdi. Və həmin birliklərin baş direktoru Qurban Abbasov olub..."
Bu sətirləri Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün feyzbuk səhifəsində "Qara maskalıları "Xəzəriaşə"də görmək arzusu ilə" başlığı altında yazıb.
Hüquq müdafiəçisi daha sonra yazır: "Neftçi Qurban... Nəfsi özündə, harama əl atmayan... O zaman da dəniz neftçilərinə iaşə xidmətini Fəhlə Təchizatı İdarəsi (ORS), indiki "Xəzəriaşə" MMC göstərirdi. Sahə üçün ayrılan vəsaitlə, alınan ərzaq, menyü düz gəlirdi. Ona görə ki, nə Neftçi Qurban, nə də ki, onun müavinlərinin nəfsi, gözü ac olmayıb. Onlar ağır dəniz şəraitində çalışan neftçi yeməyindən oğurlanan ərzağa ortaq deyildilər. Məhz buna görə ORS yanında dilləri qısa da deyildi. İndi də dəniz neftçilərinə "Xəzəriaşə" MMC (SOCAR Birgə müəssisə), qılafını dəyişmiş həmin ORS xidmət edir. O cümlədən müqavilə bağladığı qurumun da adı dəyişib SOCAR olub və bu halda rəhbərlik, siyasət və nəfs də fərqli oldu..."
M.Qəhrəmanlı ona edilən müraciətlərə də toxunub: "Bəzən mənə yazırlar ki, "Xəzəriaşə"nin yiyəsi "siyasi nüfuz sahibi "olan bir şəxsdir. Ona görə də bu qurumda ciddi yoxlamalar aparılmır (köçürülən pulla alınan ərzağın tutuşdurulması, yemək hazırlanarkən istifadə olunan qatqıların, ətin mənşəyi, keyfiyyəti və s.)...
Əgər adıçəkilən "yiyə" düzdürsə, bu halda, "nə gündəsən, Ağabala"... Əgər yalandırsa, qulağına çatsa, dədənizi yandıracaq...".
İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...
E.ŞİRİNOV