Xarici Dillər Universitetinin sabiq kafedra müdiri, professor Müzahirə Paşayevanın əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq
Azərbaycan elminə ağır itki vermişdir. 93 il şərəfli ömür yaşayan dəyərli bir ziyalı, Azərbaycan elminə sanballı töhfələr vermiş və nurlu üzündən yüzlərlə insanın ömür yoluna işıq salmış bir alim, noyabrın 16-da bu işıqlı dünyaya gözlərini əbədi yumdu...
Müzahirə Məcidağa qızı Paşayeva 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. Müzahirə Paşayevanın atası Məcidağa Əhmədağa oğlu bəy nəslindən olduğu üçün 1931-ci ildə represiyaya məruz qalmış və sürgündə vəfat etmişdir. Ölümündən bir neçə il sonra isə, bəraət almışdır. Atasını itirəndən sonra əmisinin himayəsində böyüyüb boya-başa çatan Müzahirə Paşayeva 1946-cı ildə Bakıdakı 176 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, elə orada müəllim vəzifəsində saxlanılmışdır. 1955-ci ildə aspiranturaya daxil olması münasibətilə Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutuna keçir. Aspiranturanı bitirərək, Azərbaycan SSR EA müxbir üzvü Ə.Ə.Orucovun rəhbərliyi altında lüğətçiliklə bağlı namizədlik dissertasiyasını müdafiə edəndən sonra kiçik elmi işçi vəzifəsində işləmişdir. Bu müddət ərzində bir sıra elmi məqalələrlə yanaşı Azərbaycan dilinin izahlı lüğətində gedən “R”, “M”, “X” hərflərinin ilkin tərtibçisi olmuşdur. 1967-ci ildə M.F.Axundov adına İnstitutda konkursdan müvəffəqiyyətlə keçdiyinə görə, əvvəlcə ingilis dili üzrə baş müəllim, 1968-ci ildən etibarən isə 2 saylı ingilis dili kafedrasının müdiri vəzifəsində işləmişdir. 13 il bu vəzifədə çalışan Müzahirə Paşayeva 1973-cü ildən yeni institutun yaranması ilə əlaqədar olaraq , Xarici Dillər İnstitutuna keçir və orada da növbəti dəfə kafedra müdiri vəzifəsinə seçilir. Elə həmin ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ingilis dili üzrə dosent elmi adına layiq görülmüşdür. Daha sonra Universitetin leksikologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Müzahirə Paşayevanın pedaqoji fəaliyyətilə yanaşı, elmi-tədqiqat və 40-a yaxın elmi işləri vardır. Bir qismi ikidilli lüğətçiliyin nəzəri məsələləri ilə əlaqədar olan bu elmi işlər, dilçiliyin müxtəlif sahələrini əhatə edir. Bunlardan “İkidilli lüğətlərdə frazeoloji vahidlərin tərcümə prinsipləri, “İngiliscə-Azərbaycanca lüğətin tərtibi prinsipləri”, “Rusca-Azərbaycanca lüğətlərdə frazeoloji vahidlərin yerləşdirilməsi prinsipləri”, “İngiliscə-Azərbaycanca lüğətdə ingilis dili leksik-qrammatik kateqoriyalarının verilməsi məsələsi” haqqında və s. misal gətirmək olar. Digər bir qismi leksikologiya məsələlərinə həsr edilmişdir. Məsələn, “Orta və yeni ingilis dilində affiksal sözdüzəltmə”, “Ekstralingvistik amillərin təsiri nəticəsində ingilis dilində baş verən dəyişikliklər”, İngilis və Azərbaycan dillərində qan qohumluğu terminlərinin müqayisəli tədqiqi”, İngilis dilində işlənən sayların leksik-semantik xüsusiyyətləri haqqında bəzi qeydlər” və s. Üçüncü hissə dil tarixi məsələlərinə aid “İngilis dilinin tarixinin qədim dövrü”, “Orta və yeni ingilis dili dövrü”, “Milli ədəbi ingilis dilinin təşəkkülü haqqında”, “Bəzi ingilis dili coğrafi adlarının yaranması tarixi”ndən və s. bəhs edən kitabların müəllifidir. Şifahi nitq üzrə 219 səhifəlik “Oral Practice Manual (for advand students), 370 səhifəlik “İctimai-siyasi səhifələrə həsr edilmiş “Focus on Newspaper” kitablarının, “İngilis-Azərbaycan Dictionary” lüğətində 1000 səhifəni əhatə edən 4 hərfin və orta məktəb üçün nəzərdə tutulmuş “İngiliscə-Azərbaycanca lüğət”in tərtibçilərindən və 374 səhifəlik yuxarı kurs tələbələri üçün “Practical Course of English” dərs kitabının, şifahi və yazılı nitq praktikası fənni üzrə proqramın müəlliflərindən biridir. Bunlardan əlavə, bir sıra kitabların redaktorudur. Bir çox Respublika elmi konfranslarında elmi məruzələrlə çıxışlar etmişdir. 1985-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ingilis dili üzrə professor adı verilmişdir. Professor Müzahirə Paşayeva çoxsaylı layiqli elmi kadrlar yetişdirmişdir. Onların sıralarında elmlər doktorları, elmlər namizədləri, ali və orta məktəb müəllimləri, hətta səfirlər və nazirlər də vardır. Müzahirə Paşayevanın rəhbərliyi altında bir çox bakalavr və magistr işləri yerinə yetirilib. 2 dəfə medalla təltif olunaraq, bir ziyalı kimi 2001-ci ildə çıxan “Azərbaycanlı Qadınlar” adlı kitaba daxil edilmişdir. 2004-cü ildə Dillər Universitetində təntənəli şəkildə qeyd edilmiş 75 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin və Universitetin fəxri fərmanları ilə təltif edilmişdir.
Müzahirə Paşayevanın iki qızı, üç nəvəsi və iki nətəcəsi var. Böyük qızı Təranə xanım ali təhsillidir və ailəsi ilə birgə 23 ildir ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayır və işləyir. Həyat yoldaşı, dünya şöhrətli alim Xudu Məmmədovun tələbəsi olmuş Faiq Musayev Virciniya Universitetinin kimyaçı professorudur. İndiyə qədər 12 adda dərman kəşf edib. Necə deyərlər, Azərbaycanın fəxridir, qürur mənbəyimizdir. Riçmond Universitetinin kompüter mühəndisliyi üzrə bitirən böyük nəvəsi Sani Vaşinqton şəhərində yaşayır və işləyir. Ailəlidir, bir oğlu, bir qızı var. Kiçik oğlu Emil Riçmond Universitetinin əczaçılıq fakültəsini yüksək dərəcə ilə bitirib və hazırda aptek müdirinin köməkçisi kimi işləyir. Mühazirə Paşayevanın kiçik qızı İradə xanım BDU-da kiçik elmi işçi kimi fəaliyyət göstərir. İradə xanımın qızı Ləman Bakıda ali məktəbi bitirib və öz ixtisası üzrə isləyir.
Göründüyü kimi, professor Müzahirə Paşayeva özündən sonra çoxsaylı elmi kitablar, məqalələr, tərcümə işləri, lüğətlər və tədqiqatlarla yanaşı. vətənə layiqli övladlar, nəvələr də bəxş edib.
2022-ci ilin noyabrın 16-da Təzəpir məscidində bu ziyalı xanım Müzahirə Paşayeva ilə vida mərasimi keçirildi... Mərasimdə geniş ictimaiyyətin nümayəndələri, Xarici Dillər Universitetinin pedaqoji kollektivi, Müzahirə Paşayevanın müxtəlif vəzifələrdə işləyən çoxsaylı tələbələri, qohumları, qonşuları, dostları, övladları və nəvələri iştirak edirdi. Ən təsirli məqam isə odur ki, ABŞ-da yaşayan qızı Təranə Musayeva Müzahirə Paşayevanın son nəfəsinə çataraq, 10 dəqiqə də olsa, anası ilə canlı ünsiyyətdə ola bilib. Təranə Musayevanın həyat yoldaşı, Virciniya universitetini professoru Faiq Musayev isə texniki səbəblərdən 3 mərasiminə gəlib çatmışdı....
Elə həmin gün Müzahirə Paşayeva Yasamal qəbiristanlığında torpağa tapşırıldı. Allah rəhmət eləsin, yeri cənnət olsun!
93 illik ömrü şərəflə yaşayan Müzahirə Paşayevanın əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Elçin MƏMMƏDLİ
P.S. Avropada yşayan dəyərli ziyalı Elman Mustafazədənin 5 ildir yaratdığı, “Ya Qarabağ, ya ölüm” Vatsap qrupunun 100-dən yuxarı olan və vətənini, dövlətini sevən bütün ziyalı üzvləri, öz qrupdaşları Təranə Musayevaya anası Müzahirə Paşayevanın vəfatı ilə əlaqədar kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!