“Cənubi Qafqazda bir azərbaycanlıya 1 kub metr, gürcüyə 13 kub metr, erməniyə 2,2 kub metr su düşür. Həmçinin Azərbaycanda su ehtiyatının 70%-i trans-sərhəd çayları vasitəsi ilə xaricdən formalaşır. Qlobal quraqlıq güclənsə, biz bu 70%-dən də məhrum olacağıq. Bizim su ehtiyatımız isə ölkənin tələblərinə çatmayacaq. Əhali içməli sudan əziyyət çəkəcək, aqrar sektorun böyük bir hissəsi məhv olacaq”.

Bunu iqtisadçı-ekspert Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, su ehtiyatı cəhətdən Azərbaycan heç də yaxşı vəziyyətdə deyil.

Ekspert bildirib ki, artıq bəzi ölkələr bununla bağlı preventiv layihələrə başlayıb. Azərbaycan isə gözləmə mövqeyini tutub: “2030-a qədər kəskin səhralaşma gözlənilir, müvafiq qurumlar heç bir işə əl atmır. Biz yaşıllıqları qorumaqla həm ekoloji mühiti təmin etməliyik, həm də su ehtiyatlarını artırmalıyıq. Çoxlu sayda kiçik su anbarları tikilməlidir, artizan quyuları qazılmalıdır, yeraltı su mənbələri tapılmalıdır.

Bundan əlavə bir təklifimiz də odur ki, dəniz sahili ərazilərdə su şirinləşdirici zavodlar tikilsin, heç olmasa sənayedə, yaşıllıqların suvarılmasında, moykada bu kimi texniki sulardan istifadə olunsun. Nəticədə, içməli suya təzyiq azalsın.

Biz Oğuz-Qəbələ su kəmərindən götürdüyümüz su regionda ekoloji fəlakətə səbəb olur. Şəki-Oğuz-Qəbələ rayonlarında ətraf ərazilərdə meşələr qurumağa başladı. Dəmiyə torpaqlar sıradan çıxdı, indi o ərazilərdə məhsuldarlıq kəskin aşağı düşüb”.

E.Bayramlının fikrincə, hazırda dünyada su itkisi 30-40%-dir və bu kifayət qədər çoxdur: “Bunun yarısı torpaq kanalları ilə suyun daşınması zamanı baş verir ki, kanalın dibindən su çökür, buxarlanır, yarıdan çoxu təyinat yerinə gedib çatmır. Müəyyən mənada bu obyektiv itkidir. Ona görə də beton kanallardan istifadə etmək lazımdır. Digər israf olunan suyun yarısı məmurlardan asılıdır. Onlar suyu satır və itki kimi qeydiyyata saldırır. Bu korrupsiya faktıdır.

Artezian qazılması üçün ən azı 15-20 min rüşvət istənilir, halbuki şərait yaradılmalı, kredit verilməlidir ki, əkinçilər və sahibkarlar birləşib artezian qazıb əkini suvarsınlar. Bu olmayanda bizim ərzaq qıtlığımız da yaranır. Yəni vəziyyət çox kritikdir. Beynəlxalq ekologiya mərkəzi həyəcan təbili çalır ki, yaxın dövrdə su mənbələri azalacaq, quraqlıq olacaq”.

Ekspertin fikrincə, bu vəziyyət Azərbaycana ço pis təsir edəcək, ölkəmiz risqli ərazilər siyahısındadır: “Su müharibələri başlayacaq. Türkiyə, Suriya və İraq Dəclə və Fərat çaylarından istifadəyə görə müharibədədir. Afrikanın şimalında da vəziyyət eynidir, Efiopiya, Misir, Sudan Nil çayı üstündə davalar edir”.

Ona görə də ekspert qeyd edib ki, tullantı sularının təmizlənib yenidən dövrəyə buraxılmalı, yağış sularından istifadə texnologiyası qurulmalı, yeraltı su hövzəsi, dənizdən səmərəli istifadə olunmalıdır: “Azad olunmuş bölgələrdə su ehtiyatları Azərbaycanın ümumi su ehtiyanın 30%-ini təşkil edir. Bolsulu çaylar, Araz çayı üstündəki “Xudafərin”, “Qız Qalası” su anbarları, habelə “Sərsəng- Su-Qovuşan” su anbarları bizim şansımızdır. Düzgün plan qurub, layihə icra olunsa, nəinki Qarabağ və Zəngəzur, həmçinin ətraf rayonların su ehtiyatını qarşılamaq mümkün olacaq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN