...Qızlar və qadınlar planetdə yaşayan əhalinin yarıdan çoxunu təşkil edirlər. Bu həm də bəşəriyyətin insan kapitalının yarısıdır,-deyərdim. Gender bərabərliyinin təmin edilməsi insan hüquqlarının ən mühüm nəcib və zərif tərkib hissəsinin, həssas təbəqələrə malik insan potensialının realizə olunmasıdır.
Qadınlarsız ictimai həyatda inkişafın, iqtisadiyyatda faydalı iş əmsalının yüksəldilməsinin mümkün olmadığı artıq sübuta yetirilib. Amma təəssüflə qeyd etmək istərdim ki, kişi ilə qadın arasında ayrı-seçkilik hallarının qarşısının alınması üçün bəşəriyyətin hələ də uzun yol gedəcəyinə ehtiyac var.
Müasir dövrdə gender bərabərliyinin həm siyasi, iqtisadi, həm də sosial yönümlü sahələrdə tam həllini tapmaması zorakılıq hallarının artımla müşahidə olunmasına təsir edir. Məişət zorakılıqlarına daha çox məruz qalan əsas qrup isə qadınlardır. Qəbul edilən beynəlxalq normalar və ölkədaxili aktlar, həyata keçirilən maarıfləndirmə tədbirləri məsələnin yumşalmasına təsir etmək gücündə deyil. Ona görə də, gələcək onilliklərdə razılaşdırılmış birgə fəaliyyət həyata keçirilməzsə böyük sayda zərif cinsdən olanları itirə bilərik və yaxud şərait onları özünü dəyişməyə məruz qoyacaq, selektiv abortlara geniş dəhliz açılacaq.
Gender zorakılıqlarına son qoymaq, qadın və qızların, kişi və oğlanların təhsildə, səhiyyədə, iqtisadi resurslarda bərabər hüquqla məşğulluğun təmini, siyasi həyatda bərabər imkanların olması son dərəcə vacib məsələdir. Bu imkanlar vəzifə kredosunun və kadr komplektləşməsinin bütün sahələri üzrə nəzərə alınmalıdır.
"Qadınların hüquq və imkanlarının genişləndirilməsi, gender bərabərliyinə nail olmaq bizim dövrün bitməyən və tamamlanmayan vəzifəsi, müasir dünyanın insan hüquqları sahəsində dövlətlərin başa çatmayan böyük problemidir", - deyə BMT-nin Baş katibi Antoniu Quterriş vurğulayıb.
BMT- Nizamnaməsinin qüvvədə olduğu gündən başlayaraq qadın hüquqlarına hörmət və dəstəyə önəm verilib. Nizamnamənin 1-ci maddəsində qeyd edildiyi kimi, BMT-nin ali məqsədi -irginə, cinsinə, dilinə və dininə heç bir fərq qoymadan, insani dəyərlərə-əsas insan hüquq və azadlıqlarına ehtiramla yanaşmasından ibarətdir .
BMT-nin yarandığı ilk illərdə bu qurumun İqtisadi və Sosial Şurası qadınların vəziyyətinə dair yeni bir komissiya da yaratmışdır.
Qadın və insan hüquqları...
BMT-nin 10 dekabr 1948-ci ildə qəbul etdiyi "Ümumdünya İnsan Hüquqlar Bəyannaməsi"nə uyğun olaraq gender bərabərliyi insan hüquqları sahəsində Beynəlxalq hüququn ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu sənəd insan hüquqları tarixində "bütün insanlar bərabər və azad doğulurlar", "heç bir fərq qoymadan, hər kəs bu bəyannamədə əxz olunan hüquq və azadlıqlara bərabər hüquqla yiyələnə bilər", -müddəası ilə tamamlanır.
Başqa önəmli sayılan sənədlər də var.
1970-ci ildə təsis edilmiş Beynəlxalq Qadın - Feminist hərəkatı fəallaşmağa başladı. Qadınların sosial, iqtisadi həyatına diqqətin artırılması, habelə siyasi hüquqların əhəmiyyət kəsb etməsi BMT-nin Baş Assambleyası tərəfindən 1975-ci ilin- Beynəlxalq Qadın ilinin elan edilməsini zəruriləşdirdi. Davamı olaraq Mexikoda qadınların vəziyyəti barədə ilk ümumdünya konfransına başlanıldı. Konfransın zəmanəti əsasında 1976-1985-ci illər-BMT "Qadınların on illiyi" və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün könüllü ödəmə Fondu təsis edildi. Səlnamədə həmişə xatırlanacaq başqa hüquqi-siyasi və iqtisadi islhatlar haqda da sənədlər müzakirə predmetinə çevrildi.
Belə ki, BMT 1979-cu ildə qadınlara qarşı bütün ayrı-seçkilik hallarını ləğv etmək haqqında konvensiya qəbul etdi. Bu Konvensiya "Qadınların hüquqları haqqında bil" toplusu kimi tarixə daxil oldu.30 maddədən ibarət olan Konvensiyada ayrı-seçkilik hallarına aid dəqiq anlayış verilir, belə hallara milli səviyyədə son qoyulması dövlətlər qarşısında bir vəzifə olaraq qoyulur.
Mexiko konfransından 5 il sonra qadınların vəziyyətinə dair ikinci Ümumdünya Konfransı öz işinə başladı. Nəticədə, bir mühüm proqram da qəbul olundu və qadın hüquqlarının, onların daha çox əmlakları üzərində müstəqil sərəncam verə bilmək hüquqlarının pozulması hallarına qarşı ciddi tədbir görülməsi dövlətlərə tapşırılır. Görülən sərt tədbirlərə baxmayaraq, dünya ölkələrinin əksəriyyəti qlobal feminizmə "hamilə"oldu. Buna tarixi zərurət var idi.
Qlobal Feminizmin dünyaya gəlməsi...
1985-ci ildə BMT qadınlarının on illiyi ərəfəsində əldə olunan nailiyyətləri geniş təhlil etmək məqsədilə Nayrobidə toplanan Ümumdünya Konfrans özünün növbəti işinə başladı. Bərabərlik, inkişaf və sülhün müdafiəsi üçün əlverişli şərait yaranmışdı. Bu, gecikən beynəlxalq addım sayılsa da, təqdir olunurdu. Gender bərabərliyindən ötrü başlanan hərəkat sözün həqiqi mənasında qlobal miqyas almışdı, məsələnin müzakirəsi üçün konfransın çağırılması vacib idi. Həmin ərəfədə QHT nümayəndələri də paralel olaraq Forumda iştirak edirdilər. Şəraitin bu cür davam etməsi "Qlobal feminizmin dünyaya gəlməsi" kimi xarakterizə olunurdu. Mexiko konfransının əhəmiyyətindən və onun müddəalarının yerinə yetirilməsindən fərqli olaraq, Nayrobidə 157 nümayəndənin iştirak etdiyi konfransda 2000-ci ilə qədər qadınların vəziyyətinin yaxşılaşdırılması strategiyası bəyənilib qəbul edildi, genderə aid aspektlər yeni mərhələyə qədəm qoydu, qadınlara aid dəyərlərin diqqətdə saxlanılması iştirakçı dövlətlərə tövsiyə olundu. Məsələnin həlli üçün müzakirələrin davam etməsinə dair rəy verildi.
Pekin Konfransı...
Gender bərabərliyinnin qorunması, qadınlara ailədə və cəmiyyətdə sayğının aşılanması məqsədilə yeni konfransın çağrılmasına zərurət yaranmışdı. Bu niyyətlə, 1995-ci ildə sayca 4-cü Ümumdünya Konfransı Pekində öz işinə başladı. Nayrobi Konfransının davamı olaraq 4-cü Konfrans irəliyə doğru atılan bir addım sayılırdı. Qəbul edilən Pekin bəyannaməsi qadınların hüquqlarının təmin edilməsi üzrə konkret fəaliyyətə başlamasının təzahürü idi. Davamı olaraq qadınların vəziyyətini özündə ehtiva edən yeni bir komissiyanın da işə başlamasına imkan verdi.
Qadınların vəziyyətinə dair komissiya
Komissiya qlobal səviyyədə hökumətlərarası əsas orqan sayılan qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsinə zəmanət verdi. Komissiya həm də, qadın hüquqlarına aid işlərdə fərqlənənlərin mükafatlandırılmasını həyata keçirməkdə mühüm rol oynadı.
2010-cu ildə BMT Baş Assambleyasının nümayəndələri Gender bərabərliyinin təmini, qadın hüquqlarının tərəqqisi və müəyyən məqsədləri özündə ehtiva edən vahid bir strukturun - beynəlxalq qurumun yaradılmasına da yekdilliklə səs verdilər. Gender bərabərliyi, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi niyyətilə yaradılan komissiya yeni strukturun fəaliyyət istiqamətlərinin əsasını təşkil edirdi.
Bu, "BMT qadınları" adı altında Ümumdünya təşkilatların 4 müxtəlif sahəsini;
-Qadın maraqlarının inkişafı üçün BMT Fondunu;
-Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə şöbəni;
-Qadınların vəziyyətinin yaxşılaşdırılması və gender bərabərliyi məsələləri üzrə xüsusi müşavirin dəftərxanasını;
-Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq Elmi Tədqiqat və Tədris (təhsil) İnstitutunu birləşdirə bildi.
Bərabər hüquq və imkanlar
Hazırda BMT-nin bütün gücü qarşıya qoyulan məqsəd və vəzifələrin həllinə nail olmağa və onun davamlı inkişafına yönəldilib. Dünyada qadınların hüquqlarının təmini üçün milli qanunvericilikdə müvafiq dəyişikliklərin olunması təklif edilib. 2014-cü ilin nəticələrinə görə kişilərlə qadınlar arasında bərabərlik hüququnun təmini-143 ölkədə konstitusion müddəaları əks etdirən zəmanətlə baş tutub. Bu, əlbəttə yüksək rəqəmdir. Amma təəssüf ki, 52 dövlət hələ də yubanır, bu addımı atmayıb.
Yuxarıda qeyd etdiyim kimi, Gender bərabərliyi həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıdığından qorunur. Əvvəlki illərdə olduğu kimi əmək bazarında qadınların kişilərə nisbətən sayı orta hesabla 24% təşkil edir (azdırlar). 2015-ci ilin avqust ayının məlumatına görə qadınların milli parlamentlərdə təmsil olunması 25% təşkil edir. 1995-ci ildən 11,3%-lə başlayan bu rəqəm parlamentariyalarda az artımla (25%) müşahidə edilir. Hazırda vəziyyət faiz etibarı ilə pozitiv istiqamətə doğru inkişaf edir.
Qadınlara qarşı zorakılığın ləğvi
BMT əvvəlki vəzifə-missiyalarına sadiq qalaraq fəaliyyət istiqamətlərində qadınlara qarşı hər cürə zorakılığın aradan qaldırılmasını diqqətdə saxlayır. BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi sənəd də qadınlara qarşı zorakılığın bütün formalarını rədd edir, doğuran səbəb və şəraitin aradan qaldırılmasına önəm verir. Hər il dünyada, noyabr ayının 25-ci günü qadınlara qarşı zorakılığın ləğvi günü kimi qeyd edilir. Avropa İttifaqının təşəbbüsü ilə "işığın şəfəqləri"nə- qadın və qızlara qarşı zorakılıqların ləğvi, bərabər hüquq və imkanların genişləndirilməsini zəruri hal kimi dəyərləndirilir. Tarixdə qadınlarla bağlı rəsmi günlər çoxdur: 8 mart beynəlxalq qadınlar günü, 11 fevral - elmdə qadınlar və qızlar günü, boşanmışlar günü - 23 iyun, beynəlxalq qızlar günü -11 oktyabr, kənd qadınları günü 15 oktyabr və s.
Mövcud problemlər və aradan qaldırılması
Avropada və Mərkəzi Asiyada bərabərlik hüququnun təhlükədə olmasının əsas səbəblərindən biri görünməyən, az sezilən gender bərabərliyinə biganəliyin olması, ailədaxili münaqişələrə yanlış spesfik məsələ fonunda "şəxsiyyətin toxunulmazlığını" müdafiə etməmək, bir az da obrazlı ifadə etsəm münaqişəli ailələrin öyrənilməməsi, orderlərin aidiyyəti olmayan qurumlar tərəfindən verilməsi, mühafizə üçün real olmayan müddətin təyini və s. ciddi faktorlardır. Arzulamadığımız nəticə daha çox uşaqları - müdafiəyə ehtiyacı olan həssas qrupu çıxılmaz duruma məruz qoyur.
Erkən yaşda uşaqların gender ayrı-seçkiliyinə məruz qaldığını duyduqda vəziyyət bir az da gözləmədiyimiz həddə olur. Dünyanın bəzi regionlarında valideynlər (analar) qızdan çox oğlan övladlarının olmasını arzulayırlar. Bu "itirilmiş qızlar" fenomenini yaradır. Cinsi əlamətinə görə selektiv abortların sayı artmaqda davam edir.
Maraq üçün qeyd edirəm ki, təkcə Çin Xalq Respublikası selektiv aborta görə dünya ölkələrini irəliləyir. Qafqaz və Balkan ölkələrində vəziyyət oxşardır. Belə qənaət hasil olur ki, qadın cinsindən olan insanlara qarşı müşayət olunan zorakılıqlar, cinsi təcavüz və digər işgəncələr zərif cinsdən olanların (artmasını) dünyaya gəlişini əngəlləyir.
Gender bərabərliyi təhsildə də özünü göstərir. Təhsilin aşağı pillələrində - orta məktəblərdə qızlarla oğlanların tədrisdə bir yerdə olmasına maneə olmasa da, yuxarı pillələrdə "perekoslar-maneələr" mövcud olur. Ümumilikdə qızların tam orta təhsildən yayınması artımla qeyd olunur.
İqtisadi inkişafın səviyyəsi baxımından yeniyetmə qızların vəziyyəti düşündüyümizdən aşağıdır.
Cinsi əlamətinə görə kök salmış ayrı-seçkilik halları,qadınların məşğulluq imkanları,yeniyetmə qızların isə təhsil alması oğlanlardan fərqli olaraq aşağıdır. Məktəbə getməyən qızlarla erkən nigaha daxil olan qızlar arasında sıx qarşılıqlı əlaqə var. 18 yaşa qədər ərə gedən qızların bəziləri həmyaşıdlarından fərqli olaraq tam orta təhsilini başa vura bilirlər. Amma məktəbi buraxmış qızların sırasında nigahda olanların sayı çoxdur. Qaçqın qızların-Qafqazın bəzi rayonlarında yaşayan qızların, Mərkəzi Asiya və Türkiyədə erkən nigahdan sonra təhsilləri də erkən başa çatır, dayandırılır.
Yeniyetmə oğlanların da öz problemi olur. Bu yaşda olan oğlanlara işləyib pul qazanmaq və dilənçiliklə məşğul olmaq üçün təsirlər edilir. Belə davranma miqrasiyanın artımına səbəb olur və stress yaşanır.
Regionlarda yeniyetmə oğlanlar arasında intihar halları çoxluq təşkil edir. Yeniyetmələri narkotik maddələrin qəbulu və onun qanunsuz dövriyyəsi ilə məşğul olmağa sövq etmək və seksual əlaqəyə təhrik etmək asan olduğundan, QİÇS-in yayılmasına dəhliz açılır.
Hesab edirik ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə Məişət zorakılığına aid yeni bir fəsil əlavə olunmalı, məişət zorakılığı sahəsində hansı əməlin cinayət məsuliyyəti yaradacağı barədə müvafiq maddələr əksini tapmalıdır. Bu ona görə vacibdir ki, bəzən ntihara aparan belə əməllərin təhqiqatı və istintaqı ilə məşğul olan prosesual şəxslər cinayət məsuliyyətinin həlli zamanı çətinlik çəkməsinlər.
Gender bərabərliyinin təmin olunması sahəsində milli dövlət proqramlarının qəbul olunmasına da böyük ehtiyac var.Proqramlarda erkən yaşlarında təhsilin dəvamiyyətinə təsir edəcək halların və erkən nigahların qarşısı alınmalı-uşaq icdivaclarına son qoyulmalıdır! Bu sahədə Nazirlər Kabinetinə daxil olan Mərkəzi İcra Hakimiyyəti orqanları birgə əməkdaşlıq və fəaliyyət göstərsələr nəticəsi olacaq.
Şəmsəddin Mənsuroğlu,
hüquqşünas