Liviyanın paytaxtı Tripolidən 40 kilometr qərbdə yerləşən Zaviyə şəhərində Daxili İşlər və Müdafiə nazirliklərinin silahlı bölmələri arasında döyüşlər gedir.
“Əl Əhram” qəzeti xəbər verir ki, döyüşlərdə ağır silahlardan istifadə edilir. Son məlumatlara görə, şəhərdəki küçə döyüşlərində 5 mülki şəxs, o cümlədən 10 yaşlı qız həlak olub, 16 sakin yaralanıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.
Liviya mətbuatının yazdığına görə, insident Liviyanın Tunislə sərhədində yanacaq qaçaqmalçıları arasında atışmalardan sonra başlayıb. Bundan sonra müvəqqəti hökumətin başçısı Əbdülhəmid Dbeybəhi müdafiə edən ordu bölmələri və parlamentin təyin etdiyi Baş nazir Fəthi Başaqaya sadiq olan Daxili İşlər Nazirliyinin silahlıları arasında döyüşlər qızışıb.
Avqustun sonunda bu iki qüvvələr arasında Tripolidə gedən döyüşlərdə 32 nəfər həlak olmuşdu.