Bu gündən etibarən qonşu Gürcüstan 18-55 yaş arası rusiyalı kişilər üçün
sərhədlərini bağlaya bilər.
Gürcüstan KİV-nin məlumatına görə, bu barədə Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili bildirib.
Onun sözlərinə görə, son günlər Gürcüstana gələn Rusiya Federasiyası vətəndaşlarının axını böyük olaraq qalır.
Mamulaşvili bəyan edib ki, Gürcüstan hakimiyyəti bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağa söz verib.
Qeyd edək ki, iki gün öncə Gürcüstan sərhədində rusiyalıların 15 kilometrlik avtomobil karvanının düzüldüyü bildirilmişdi.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu günlərdə qismən səfərbərlik elan edib. Və bu səbəbdən ölkəni tərk etmək istəyənlərin sayı artıb. Beləki, Türkiyəyə, Azərbaycana, Gürcüstana, Ermənistana satılan aviabiletlər kəskin şəkildə bahalaşıb, alıcılar çoxalıb... Hazırda rusiyalıların bir çoxu Qazaxıstana, Monqolustana, Qırğızıstana, Finlandiyaya və digər ölkələrə axışır.
Artıq Rusiyanın hava limanları, o cümlədən Moskvanın sərhəd keçid məntəqələri səfərbər ediləcək şəxslərin siyahısını alıb.
Rusiyanın “The Bell” nəşri aviasiya sənayesindəki mənbələrə istinadən yazır ki, artıq bəzi kişilərə Rusiyanı tərk etmək icazəsi verilmir.
Mövcud məlumata görə, yalnız çağırış vərəqəsi və ya səfərbərlik əmri almış şəxslər sərhəddən buraxılmır. Onlar haqqında məlumat "MİR" sərhəd nəzarətinin ümumi məlumat sisteminə daxil olur.
JASMİN