Prezident Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, Türkiyə və Rusiya ehtiyacı olan ölkələrə pulsuz ərzaq tədarük etmək barədə razılığa gəliblər.
"Rusiya prezidenti Vladimir Putinlə danışıqlarımız zamanı ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərmək barədə razılığa gəldik. Biz Putinlə razıyıq ki, Afrika Qara dəniz taxıl dəhlizindən faydalanmalıdır. Hazırda ağır ərzaq böhranı və aclıqdan əziyyət çəkir. ”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, o, bunu BMT-nin baş katibi Antonio Quterreşlə də müzakirə edib. Bundan əlavə, prezident Balidə keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini gündəmə gətirmək niyyətində olduğunu açıqlayıb.
Ərdoğan bildirib ki, Qərb ölkələrinin Afrikadakı insanların əzab-əziyyətinə məhəl qoymadan insanlıq dərsi vermək cəhdləri utancvericidir.
"Milyonlarla insanın iztirablarına məhəl qoyulmur. Afrikada, xüsusilə Somalidə bir tikə çörəyə çata bilməyən hər bir günahsız insanın acısı ürəyimizi parçalayır. Təəssüf ki, milyonlarla insanın başına gələn bu faciələrə son qoyulması üçün heç bir səy göstərilmir. Bütün dünyaya insanlıq dərsi verən Qərb ölkələrinin bu faciəyə biganə qalması utancvericidir”, - Türkiyə lideri bildirib.
E.ŞİRİNOV