Moskvada Yartsevskaya küçəsində 42 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova məlumat verib.
Onun sözlərinə görə, 34 yaşlı saxlanılan şəxs barəsində cinayət işi açılıb.
"O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsində (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümlə nəticələnən) cinayət törətməkdə ittiham olunur", - İvanova bildirib.
Xatırladaq ki, noyabrın 20-nə keçən gecə Moskvanın qərbində çoxlu hematoma olan 42 yaşlı Nataliya P.-nin meyiti tapılıb.
REN TV-nin məlumatına görə, o, yoldaşı tərəfindən öldürülüb. Onu şiddətlə döyüb, nəticədə, qadın dünyasını dəyişib.
Şübhəli şəxs artıq etiraf edib. Onun sözlərinə görə, cinayəti törədən zaman çox sərxoş olub.
"Yaxın vaxtlarda istintaq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verməyi planlaşdırır", - İvanova bildirib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
E.ŞİRİNOV