İranda dörd nəfər İsrail xarici kəşfiyyat xidmətlərinə casusluq ittihamı ilə edam edilib.
Mehr xəbər agentliyi İslam Respublikası Ali Məhkəməsinin hökmünə istinadən hökmün icrası ilə bağlı məlumat yayıb.
Sənədin mətninə əsasən, “sionist rejimin [İsrail] kəşfiyyatı ilə əməkdaşlıq etməkdə və adam oğurluğunda ittiham olunan dörd nəfər bazar günü səhər tezdən edam edilib”. Daha 3 nəfər isə “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, adam oğurluğunda şərik olmaq və silah saxlamaqda” ittiham edilərək 5 ildən 10 ilədək azadlıqdan məhrum edilib.
Noyabrın 30-da agentlik İranın Ali Məhkəməsinin İsrailin xeyrinə casusluq və adam oğurluğu ittihamı ilə 4 nəfəri edam cəzasına məhkum etdiyini bildirib. Onun sözlərinə görə, bu ilin iyun ayında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərinin İsraillə əlaqəsi olduğu iddia edilən cinayətkar qrupun həbs edildiyini açıqlayıb. İran tərəfinin məlumatına görə, onlar şəxsi və ictimai əmlakı dağıdıb, insanları oğurlayıb və başqa cinayətlər törədiblər. İlkin hökmlər çıxarıldıqdan sonra iş 7 müttəhim barəsində yekun hökm çıxaran Ali Məhkəməyə gedib. Dörd nəfərə ölüm, üç nəfərə həbs cəzası verilib.
E.ŞİRİNOV