Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti təlimini keçirməkdən imtina edib.
İnterfaks xəbər verir ki, rəsminin sözlərinə görə, o, bunu yersiz hesab edir.
"Ermənistanın müdafiə naziri KTMT-nin Birgə Qərargahına məlumat verib ki, indiki vəziyyətdə biz Ermənistan ərazisində KTMT təlimlərinin keçirilməsini yersiz hesab edirik. Ən azı bu il Ermənistanda belə təlimlər keçirilməyəcək”, - Paşinyan ölkənin mövqeyini izah edib.
Qeyd edək ki, 2023-cü il yanvarın 1-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz qardaşlıq-2023” birgə təlimlərinin keçirilməsi planını açıqlayıb. Tədbirdə Rusiya Quru Qoşunları iştirak etməli idi.
Lakin bu dəfə Kreml rəhbərinin siyasi tərəfdaşı bu təşəbbüsdən imtina edərək bildirib ki, ölkənin Müdafiə Nazirliyi artıq KTMT-dən olan həmkarlarına fikir ayrılığı barədə məlumat verib.
Yada salaq ki, demokratik dünyanın böyük əksəriyyəti Moskva ilə iqtisadi, siyasi və hərbi sahədə tərəfdaşlığı dayandırsa da, Ermənistan belə bir addım atmadı. Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Paşinyan 4 dəfə Rusiya Federasiyasına səfər edib, 5 dəfə Kreml diktatoru ilə görüşüb, 15 dəfə onunla telefonla danışıb.
Bu arada Vladimir Putinin özü də MDB ölkələri ilə hazırkı münasibətlərindən o qədər də razı deyil. O, aralarında “bəzi fikir ayrılıqlarının” olduğunu bildirib.
Əvvəl yazdığımız kimi, 2023-cü il Yeni il öncəsi Putin tərəfdaşlarını “rahatlamağa” çalışdı. Müstəqil Dövlətlər Birliyi ölkələrinin qeyri-rəsmi sammiti zamanı o, iştirakçılara MDB-nin rəmzləri və təbrik yazısı və “Rusiya” sözü olan səkkiz üzük hədiyyə edib, birini isə özü üçün saxlayıb.
E.ŞİRİNOV