Birləşmiş Millətlər Təşkilatı (BMT) Nyu-Yorkda Türk Evinə edilən hücumu qınayıb.
Bu barədə BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq açıqlama verib.
"Bütün diplomatik nümayəndəliklərə edilən hücumları qınayırıq və Nyu Yorkdakı müvafiq orqanların hadisəni hərtərəfli araşdırmasını gözləyirik", - deyə o bildirib.
Xatırladaq ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə hücum edilib. Hücum zamanı naməlum şəxs əlindəki dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.
Nyu York polisi hücumla bağlı araşdırmalara başlayıb.
Baş verənlərlə bağlı Türkiyənin Nyu Yorkdakı baş konsulu Reyhan Özgür bildirib ki, Türk Evinə edilən hücum nəticəsində xəsarət alan olmayıb.
''Hücumla bağlı Nyu York polisinə məlumat verilib. Yerli hakimiyyət orqanlarına təcavüzkarın müəyyən edilərək saxlanmasını gözlədiyimizi çatdırdıq'',-deyə Reyhan Özgür bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Nyu-Yorkdakı Türk Evinə edilən hücumla bağlı ''Twitter'' səhifəsində paylaşım edib..
Paylaşımda ''ABŞ-dan hücumun səbəbkarlarını tez bir zamanda müəyyənləşdirməsini və ev sahibi olan ölkə kimi diplomatik nümayəndəliklərin lazımi mühafizə ilə təmin edilməsini gözləyirik'', - deyə bəyan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulda "Böyük Rumeli" görüşündə bu vandalizmin törədilməsinə sərt təpki göstərib və ABŞ rəsmilərinə səslənərək terrorçunun tez bir zamanda tapılmasını tələb edib.
“Təəssüf ki, bunlar (Qərb ölkələri) qatillərin yolunu açaraq onlara kömək etdilər. Müsəlmanların və türklərin həyatına gəlincə, zülmün qarşısını almaq əvəzinə, həmişə üç meymunu oynadılar. Avropada işlərin getdikcə pisləşdiyini görən PKK seçicilərə hücum etməyə başladı. Yetərli olmadı, ABŞ-da Birləşmiş Millətlər Təşkilatının qarşısında yerləşən Türk Evinə hücum etdilər, şüşələrini sındırdılar”, -deyə Prezident diqqətə çatdırıb.
Y.MƏMMƏDLİ