“Son üç ilin qürurverici hadisələrindən biri dövlət başçısı İlham Əliyevin tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməsidir. 27 may tarixində Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyev 28 May-Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə qeyd etdi.
Dövlət başçısı bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış Böyük Qayıdış proqramının uğurlu icrasından və hədəflərə nail olmaq üçün bütün imkanların mövcudluğundan xəbər verir. Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevriləcəyini bildirmişdi. Artıq tarixi Zəfərimizdən bizləri ayıran 3 ilə yaxın qısa zaman kəsiyində görülən işlərin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür.
Nəhəng bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verərək sentyabr ayında bu rayona səfər edib Azərbaycan Bayrağını mərkəzdə ucaltdıqdan sonra start verdiyi bərpa-quruculuq işlərinin genişliyi laçınlıların qısa müddətdə, 8 ayda doğma yurd-yuvalarına qayıdışına gətirib çıxardı. Bu ilin hədəfləri açıqlanarkən laçınlıların ilin sonunda Laçın şəhərinə qayıdacaqları bildirilmişdi. Lakin bu ilin aprel ayında dövlət başçısı İlham Əliyev bu qayıdışın yay aylarında olacağı müjdəsini verdi və bu vədini də artıq reallığa çevirdi. Çünki görülən işlərin miqyasının ölçüyəgəlməzliyi belə bir tarixi addımın atılmasını şərtləndirdi.
Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, Zallar, Yanşaq kəndlərinin təməlini qoydu. Hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Bərpa-quruculuq işlərinin həyata keçirilməsində yol xəritəsi kimi dəyərləndirilən şəhərin Baş planı möhtərəm Prezidentimizə təqdim olundu. Cənab İlham Əliyev Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının açılışında iştirak etdi. Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirildi. Məhz görülən və görülməsi nəzərdə tutulan işlərin fonunda dövlət başçısı İlham Əliyev bildirdi ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, 1992-ci ilin may ayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı: “Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. “Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1992-ci ilin may ayında Laçın işğal altına düşdü, 31 il sonra may ayında laçınlılar Laçına qayıtdı. Aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzü tam bərpa etdik”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 30 il davam edən işğal dövrünün reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi qeyd edilir: “Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistanla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsinə baxmayaraq, biz 30 ildə yaşadığımız faciələri unutmur, erməni vandalizminin iç üzünü daim beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəal çalışırıq. Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Hadisələrin gedişi bu reallığı təsdiqlədi ki, Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyil. Sadəcə olaraq görüntü naminə, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bir daha həmin məqamlara diqqəti yönəldərək vurğuladı ki, biz heç vaxt bununla razılaşa bilməzdik. Amalımız ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində buna nail olduq”.
V.Rəhimzadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin, həmçinin hər bir çıxışının Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olduğunu da xüsusi qeyd edib. Bildirib ki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır: “Ermənistanın bu istiqamətdə konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsinin imzalanmasına mane olan hansısa bir məqam yoxdur, yenə də gözləmə mövqeyində dayanmaqda davam edir. Görünən odur ki, Ermənistan havadarlarından cavab gözləyir. Amma unudur ki, artıq Azərbaycan 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün reallıqları diktə edən qalib Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur: “Bütün planlar ardıcıllıqla həyata keçirilir. Dövlət başçısı bir daha bu əminliyi ifadə etdi ki, planlarımızın son addımlığındayıq, o addım da atılacaq”.