Ukrayna hərbçiləri Baxmut istiqamətində müxtəlif mövqelərdə irəliləyiblər.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində bildirib. Onun sözlərinə görə, bəzi yerlərdə 1 600 metrə qədər ərazi rusiyalı hərbçilərdən geri alınıb. O, qeyd edib ki, bu günlərdə ukraynalı döyüşçülər Baxmut istiqamətində uğurlar əldə ediblər. A.Malyar bildirib ki, Ukraynanın “Xortitsa” Operativ Strateji Qüvvələr Qrupunun qoşunları şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir. Bundan başqa Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb. Məlumatda bildirilir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib. Rusiyanın digər döyüş itkiləri 3 860 tank, 7543 zirehli maşın, 3212 operativ-taktiki PUA, 3603 artilleriya sistemi, 351 hava hücumundan müdafiə sistemi, 590 reaktiv yaylım atəş sistemi, 313 təyyarə, 298 helikopter, 6332 avtomobil və tanker, 18 gəmi, 1171 qanadlı raket, 489 xüsusi texnikadan ibarətdir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb. Müharibə hələ də davam edir. Hər iki tərəfdən çoxsaylı hərbçi tələfatı var...
RAMİZ ƏHMƏDOĞLU