ATİAHİ Şəki rayon komitəsi və Şəki rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibəti ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında “Qayıdan torpaqlar, qayıtmayan oğullar” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Şəhər 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanova IV yeri tutub.
Həmin müsabiqə yazısını təqdim edirik:
QAYIDAN TORPAQLAR, QAYITMAYAN OĞULLAR
Vətən müqəddəsdir, əzizdir. Vətən bir millətin yaşadığı torpaq parçasına verilən addır. Ancaq vətənin sadəcə bir torpaq parçası olduğunu söyləmək kifayət etməzdi. Çünki vətən bir millətin insanlarını qucaqlayan ana qucağına, şəfqətli qollarına bənzəyir. Şairin dediyi kimi:
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Azərbaycan xalqı 30 ildir düşmənin məkrli siyasəti, hiyləsi, xəyanəti ilə işğal etdiyi torpaqlarımıza bir daha qovuşmaq arzusu ilə yaşayırdı. Bu, hamımızın ən ümdə və ürəyimizdə nisgil ilə böyüyən, həsrət ilə qovrulan arzumuz idi.
Nəhayət ki, bir igidin ömründən də çox zaman keçdi, səbrimiz bitdi, amma ümidimiz itmədi ki, torpaqlarımız bir daha qayıtmayacaq.
Əsir torpaqlarımızın 30 il düşmən tapdağı altında inləməsi bütün xalqı narahat etdiyi kimi, vətən qeyrəti çəkən igid oğullarımızın da yuxusnu ərşə çəkmşdi.
Ali Baş Komandanın əmrini gözləyərək, müqəddəs borclarını yerinə yetirmək üçün məqam gözləyirdilər.
Otuz il işgalda dərd oldun bizə,
Ürək istəyirdi tablaşıb dözə,
Elə dərd oldun ki, sığmadın sözə,
Qayıdan torpaqlar, talan torpaqlar.
2020–ci il sentyabrin 27-si… Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərə aparan əmrini səbirsizliklə gözləyən igid oğullarımız torpaq harayına can ataraq silaha sarıldılar, ölümün gözünə dik baxdılar.
Cəbrayılın işğaldan azad olması ilə başlanan zəfərimiz 44 günlük müharibə zamanı hər gün davam etdi.
Qayıtdı o əsir düşən, mənfur düşmənin pəncələri altında sıxılan, sızlayan, haray çəkən, öz sahiblərini çağıran, fəryad edən doğma Azərbaycanın əzəli və əbədi torpaqları.
44 günlük müharibədə xalqımız həm qürur, həm kədər hissi ilə yaşadı. Hər kəsin üzündə kədər, gözündə yaş, hər gün bir şəhid xəbəri eşidən milləti sarsıtmadı, əksinə, güclü və məglubedilməz etdi. Hər gün bir ünvana bir oğulun üçrəngli bayrağa bükülmüş nəşi gəlirdi. Anaların sinəsinə bala dağı çəkilirdi. Amma bu vətənin torpağının sinəsinə çəkilən dağa son qoyurdu. Millətimiz hər gün müharibənin dəhşətini yaşasa da, bu əbədi müstəqilliyimizə və torpaqlarımızın geri qayıdacağından xəbər verirdi. Ona görə də xalqımız bir tərəfdən kədərlənsə də, bir tərəfdən də sevinirdi.
Həyat harmoniyadır. Hər şey qarşılıqlıdır və qarşılıqlı dəyərlər sistemində həyatın dayanıqlığı özü belə qarşılıqlı cəzbetmə, qarşılıqlı itələmənin fonundadır. Yəni torpaqlarımız müqəddəs olduğu qədər oğullarımız da müqəddəsdir. Əlbəttə, müqəddəs torpaqları elə müqəddəs oğullarımız xilas etməli idi. Sadəcə, bizə zaman lazım idi ki, ordumuz formalaşın.
Çox şükür! Şad oldu şəhid ruhları,
Yerdə qalmadı anaların ahları.
Unutmaq olarmı mərd oğulları?
Allahverdi, Mübarizdir, Mehmandır,
Qarabağ, Qarabağ Azərbaycandır!
Minlərlə cəngavərimiz torpaqların azad olması uğrunda şəhidlik zirvəsini fəth etdilər. Şəhidlik isə adi ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu gün hər bir vətəndaş bu borcun nə demək olduğunu yaxşı anlayır və bir an olsun belə bu yolu getməkdən çəkinmir. "Bu vətən bizimdir!”, - deyib canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var və sabah da olacaq.
Məhz şir ürəkli oğullarımız sayəsinə torpaqlarımız geri qayıtdı, amma bu zəfər qanlar, itkilər bahasına oldu. Azərbaycan xalqının oğulları torpaq, vətən uğrunda yola çıxdılar, bir daha geri qayıtmadılar. Qəhrəmanların ölümü ölüm deyil, ölümün qəhrəmanlığıdır. Onlar bu torpağı necə sevməyi bizə öyrətdilər .
Ana oğul böyüdür.
Eli qorumaq üçün.
Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün.
Oğullarımız düşmənə xalqımızın bu 30 ildə onlara necə nifrət bəslədiyini göstərdi. Bu nifrət olmasaydı, onlar döyüşdən-döyüşə gedə bilməz, düşmənin mundar ayaqlarını torpağımızdan kəsə bilməzdilər. Xocalı faciəsinin qisasını ala bilməzdilər. Əlbəttə, vətənə məhəbbət, düşmənə nifrət mərd oğulları şəhidliyə qədər apardı.
Onlar şəhid oldular, biz o torpaqlara qayıtdıq, torpaqlar həsrətlə öz sakinlərini qarşıladı. Amma oğullar bir daha qayıtmadılar. Özləri vətən oldular. Onların nəsibi qayıdan torpaqlardan qayıtmamaq oldu.
Düşmənin nizamlı səfin pozdular,
Düşmənə bir yolluq məzar qazdılar,
Qan ilə yudular, tarix yazdılar,
Geri qayıtmayan şəhid oğullar.
Milli birlik, milli həmrəylik, prezidentlə ordunun həmrəyliyi böyük zəfəri bizə bəxş etdi. Yəni xalq, ordu, Ali Baş komandan! – Dəmir yumruq altında, eyni amal uğrunda birləşərək böyük zəfərə imza atdılar. Bu birlik bizlərə möhtəşəm zəfəri - 8 Noyabrı bəxş etdi. Bu baxımdan, yenilənən tarıxdə Ali Baş Komandanın rolu böyük və danılmazdır. Hər il 8 Noyabrı böyük qürurla, sevinclə bayram edirik. Bu qürur hisslərini bizlərə bəxş etdikləri üçün bütün şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzu edərək minnətdarlığımızı bildiririk. Ali Baş Komandan İlham Əliyevin dəstəkləyərək ürəkdən minnətdarlığımızı bildiririk.
QARABAĞ AZƏRBAYCANDIR!
Silindi torpaqdan, yağı izləri,
Bükülməz əsgərin bilək, dizləri.
Qələbəylə sevindirir bizləri.
Zəfər atəşiylə ağaran dandır,
Qarabağ, Qarabağ Azərbaycandır!
Torpaqlar sulanır al-qızıl qanla,
Əsgərlər vuruşur ruh ilə, canla,
Hey irəli! Üçrəngli bayrağınla!
Canımızda can, damarımızda qandır,
Qarabağ, Qarabağ Azərbaycandır!
Yaxşı dərs verildi yağı düşmənə,
Yaddan çıxmayacaq keçsə min sənə.
Vurğunam dağlarda dumana, çənə,
Sanki bir Cənnətdi, ürəkdi, candır,
Qarabağ, Qarabağ Azərbaycandır!
Ordumuz şərəfli bir tarix yazdı,
Xocalı qatilin asmaq da azdı!
Düşmən öz əlilə məzarın qazdı,
Zəfər Haqq zəfəri – Haqqa əyandır!
Qarabağ, Qarabağ Azərbaycandır!