...Gözəl, əsrarəngiz Gədəbəyin Söyüdlü kəndində etirazçılarla polis arasındakı qarşıdurmanı, sosial şəbəkələrdə sürətlə tirajlanan foto və videomaterialları ürəkağrısı ilə seyr edir, yazılan şərhləri böyük üzüntüylə oxuyuram.
Etiraza qalxan kənd sakinləri, o yaşlı və qəzəbli analar da bizimdir, o etirazın qarşısını almağa göndərilən polislər də. O anaları da biz qızışdırıb arxalarında gizlənmişik, o anasının gözünə “bibər qazı” sıxan oğulu da biz tərbiyə edib, əyninə həvəslə polis mundiri geyindirib ana önünə çıxarmışıq...
Başqa ölkədən Gədəbəy dağlarına nə etirazçı gətirilib, nə polis... Bizik... Özümüzük... Təqsirkar da hamımızıq!
Ancaq sosial şəbəkələrdə bu hadisə üzərindəki yanaşmalar, baxışlar, təhrikedici və qızışdırıcı fikirlərsə, inanın, özümüzün deyil, özgəninkidir, bizi beləcə bir-birimizin qanını içməyə hazır təbəqələrə bölməyə və bu düşüncə üzərində cəbhələşmə yaratmağa çalışan düşmənindir!
Soyuqqanlı olmaq, dəyişmək, düzəlmək və düşmənlərimizi də məyus etmək istəyiriksə, öncə düşüncələrimizi, baxışlarımızı dəyişməliyik. Çünki doğru düşünməyi bacarmayan, düşüncələrində ədalətli olmayan kəs əməlində də heç vaxt düzələ və ədalətli ola bilməz!
Gədəbəydə yaşanan hadisələrin qiymətləndirilməsində də indi bu ölkəni düşünən hər kəs sosial şəbəkələr üzərindən bizə kəsik-kəsik sırınan və kütləvi qəzəb, nifrət ovqatı yaratmağa hesablanmış fikirləri tirajlamaq yox, ədalətli olanı tələb etmək mövqeyi tutmalıdır!
Ənənəvi qaydada bir faktı götürüb ümumiləşdirmə aparmaq, bütövlükdə Azərbaycan Polisinin üzərinə hücum çəkmək, onu aşağılamaq, təhqir etmək lüzum olmadığı təqdirdə o yaşlı qadının sifətinə gözyaşardıcı qaz sıxan polis əməkdaşının etdiyi qədər alçaq əməldir, naqislikdir, əxlqasızlıqdır!
Üstəlik, problemin gerçək yaradıcısı başqa dövlət qurumları və şəxslər olduğu halda, onları gizləmək, ictimai diqqəti onlardan yayındırmaq məqsədiylə bütün təqsiri Azərbaycan Polisinin üzərinə yıxmaq həm də fitnəkarlıq və ölkənin əsas güc strukturunu etibarsızlaşdırmaq cəhdidir!
Unutmayaq ki, Polis dövlətin qoruyucu zireh qatıdır – o dəlindisə, bütün dövlət, deməli, hamının canı təhlükədə olacaq!
Şübhəsiz ki, dövlətin əsas dayağı, sütunu, ayaqda saxlayanı da ədalət olmalıdır!
Söyüdlü olayında dövlət öz ədalətli simasını mütləq göstərməli, vətəndaşların etirazına biganə yanaşaraq məsələnin bu həddədək şişməsinə baiskar olmuş hər kəs layiqli cəzasını almalıdır.
Mən əminəm ki, son 4 ildə Azərbaycan Polisini yaxşıya doğru dəyişmək, xalqın və dövətin ən etibarlı qoruyucusuna, xidmətçisinə və sevimlisinə çevirmək istəyən, bu istiqamətdə gecə-gündüz çalışan və misilsiz nəticələr əldə etmiş Daxili İşlər Nazirliyinin rəhbərliyi də Söyüdlüdəki etirazların yatırılması zamanı indiyədək görülən işlərə öz yarıtmaz əməlləriylə kölgə salan, polis adına yaraşmayan davranışlara yol vermiş əməkdaşlar barəsində ən sərt tədbirlərini görəcək.
Əmir Teymur necə də gözəl demiş: "Məmləkətlər qılıncla alınar, ancaq ədalətlə mühafizə olunar".
Elxan ŞÜKÜRLÜ,
Politoloq