İran hakimiyyəti "əxlaq polisi"nin geri qayıtdığını elan edib.
Ölkədə aylarla davam edən genişmiqyaslı etiraz aksiyalarından sonra yoxa çıxan “əxlaq polisi”yenidən İran küçələrinə qayıdıb. Piyada və avtomobil patrulları hicabın məcburi taxılmasını təmin edəcək.
***
Əl-Cəzirə xəbər verir ki, İranın "əxlaq polisi" ölkədə hicabın məcburi taxılmasına riayət olunmasına nəzarət etmək üçün iyulun 16-da piyada və avtomobil patrullarını bərpa edib.
Polis əvvəlcə geyim qaydalarına əməl etməyən qadınlara hicabın düzgün geyinilməsi və ya paltarını “daha boş və uyğun bir şeyə” dəyişməsi kimi xəbərdarlıqlar edəcək. “Bu normaları pozmaqda israrlı” olanlar həbs olunaraq polisin nəzdindəki “yenidən tərbiyə mərkəzləri”nə aparıla bilər.
Xatırladaq ki, ötən ilin sonunda İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri açıqlamışdı ki, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
Aksiyalara səbəb isə 22 yaşlı Məhsa Əminin baş örtüsü ilə bağlı əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra polis bölməsində həyatını itirməsi idi.
Etirazçılar gender bərabərliyi, köklü islahatlar və rejim dəyişikliyi tələb ediblər. Qadınlar etiraz olaraq hicablarını yandırıb, saçlarını kəsiblər.
BMT-nin məlumatına görə, İran hakimiyyəti etirazları qəddarcasına yatırmış və aksiyalarda iştirak etdiklərinə görə 20 minə qədər insanı həbs edib. Onların arasında minlərlə uşaq da var. 2022-ci ildə ölkədə edamların sayı 2021-ci illə müqayisədə 75% artıb - ümumilikdə 582 nəfər edam edilib.
Onlardan ən azı 44 uşaq, o cümlədən 10 qız təhlükəsizlik qüvvələri tərəfindən odlu silahla qətlə yetirilib…
Y.MƏMMƏDLİ