Bolqarıstanlı kənd təsərrüfatı istehsalçıları Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına etiraz olaraq ölkə yollarına traktor və kombaynlar gətirib, nəqliyyatın hərəkətini bağlayıb.

Bu barədə TASS yazır.

Nəşrin məlumatına görə, bolqar fermerlər ölkənin müxtəlif bölgələrində, o cümlədən bir neçə sərhəd keçid məntəqəsində 47 məntəqədə ən azı bir saat yol hərəkətini bağlayıblar.

Bolqarıstan Fermerlər Birliyinin sədri Georgi Stoyanov deyib: “Vətəndaşlardan üzr istəyirik və onları sentyabrın 18-i və 19-da səfərlərini təxirə salmalarını xahiş edirik, çünki ölkə boyu əsas yollar bağlanacaq”.

Bolqarıstanlı fermerlər Ukraynadan ölkəyə ucuz kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını istəyir və tələbləri yerinə yetirilənə qədər etiraz aksiyaları keçirmək niyyətindədirlər. Ümumilikdə, irimiqyaslı mitinqlərdə 26 ictimai təşkilatın nümayəndəsi iştirak edir.

“Euraktiv” yazır ki, Bolqarıstan hökuməti hələlik fermerlərin tələblərinə qarşıdır və sektor üçün maliyyə kompensasiyası ilə bağlı danışıqlara başlamağı təklif edir.

Baş nazir Nikolay Denkov daha əvvəl taxıl istehsalçılarını Avro-Atlantik hökuməti sabitliyi pozmağa çalışmaqda ittiham edərək, "Mən terrorçularla danışıqlar aparmıram" deyib.

Əvvəllər Ukraynadan ucuz ərzaq axınına görə Polşa və Macarıstan yerli istehsalçıların etirazı ilə üzləşmişdi. Bundan sonra ölkələr Ukraynadan ümumavropa bazarına daxil olan kənd təsərrüfatı məhsullarına embarqo tətbiq etmək qərarına gəliblər. Daha sonra Slovakiya da Ukrayna məhsullarının idxalını dayandırdığını açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN