Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzində Ermənistan hökumət binası yaxınlığında Tiqran Mets prospektini bağlayıblar.
Yayım 24News portalı tərəfindən həyata keçirilib.
Etirazçılar Paşinyanı “Dağlıq Qarabağı Azərbaycana təslim etməkdə” ittiham ediblər.
Hökumət binası polis tərəfindən mühasirəyə alınıb.
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror tədbirlərinə başlandığını elan edib. Tədbirin məqsədinin “genişmiqyaslı təxribatların” qarşısının alınması, o cümlədən Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olduğu bildirilib.
Həmin gün İrəvanda Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyaları başlayıb. İnsanlar polis kordonunu yarmağa çalışıblar.
Toplananlar Dağlıq Qarabağda baş verənlərə görə Nikol Paşinyanın istefasını, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqdan imtina etməyi tələb ediblər.
E.ŞİRİNOV