Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də ölkənin müstəqilliyinin 32-ci ildönümü münasibətilə ölkə vətəndaşlarına müraciət edib, amma Dağlıq Qarabağdakı vəziyyətə birbaşa toxunmayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə tert.am məlumat yayıb.
“Müstəqillik istənilən xalqın özünüifadəsinin ən yüksək formasıdır və bu, çox vaxt bir çox sınaqlar və iztirablar bahasına əldə edilir. Bu, bizim vəziyyətimizdə də belədir. 1991-ci il sentyabrın 21-də keçirilən referendumda Ermənistan Respublikasının xalqı müstəqilliyə “hə” dedi”, - Paşinyan çıxışına belə başlayıb.
O vurğulayıb ki, erməni xalqının son illərdə çəkdiyi iztirablar və sınaqlar “müstəqillik və suverenlik uğrunda mübarizənin tərkib hissəsidir”.
Baş nazirin sözlərinə görə, son vaxtlar o, xarici və regional siyasətdə 1991-ci ilin dekabrında qəbul edilmiş Alma-Ata Bəyannaməsinə (MDB-nin yaradılması və SSRİ-nin dağılmasına) əsaslandığına görə tez-tez tənqid olunur. Bununla belə, Alma-Ata Bəyannaməsindən imtinaya çağırışlar Ermənistanın müstəqilliyindən və ərazi bütövlüyündən imtinaya çağırışdır, - deyə o vurğulayıb.
“Bu gün biz çətin dövrlərdə yaşayırıq, izah edilməmiş fiziki və psixoloji iztirablar yaşayırıq. Ancaq niyə bu sınaq yoluna getməli olduğumuzu başa düşmək vacibdir. Bunun müstəqillik adına olduğunu söyləmək, həqiqətin böyük, lakin ən vacib hissəsini demək deyil. Müstəqillik ali məqsədə, gələcək nəsillərimizin xoşbəxtliyinə nail olmaq vasitəsidir”, - Paşinyan bildirib.
Sonda o vurğulayıb ki, gələcək nəsillərin xoşbəxtliyi üçün sülh və “münaqişəsiz mühit” lazımdır.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda “antiterror tədbirləri”nə başladığını elan edib. Bakı erməni hərbçilərinin Qarabağdan tamamilə çıxarılmasını və “rejimin dağıdılmasını” tələb edib, İrəvan isə bu ərazidə erməni qüvvələrinin olmadığını bəyan edib.
Rusiyanın vasitəçiliyi ilə sentyabrın 20-də saat 13:00-dan etibarən atəşkəs barədə razılıq əldə olunub. Şərtlər arasında Ermənistan Silahlı Qüvvələrinin qalan hissələrinin tamamilə çıxarılması, Dağlıq Qarabağ hərbçilərinin buraxılması və tamamilə tərksilah edilməsi də var.
İrəvanda isə aksiya iştirakçıları hökuməti Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Paşinyanın istefasını tələb edən Ermənistanda etirazlar keçirilir.
E.ŞİRİNOV