Ramiz MÖVSÜM

(Satirik hekayə)

Mirxalidin üçüydü. Qoca bir kişi üzləri tüklü iki cavanla üzbəsurət əyləşmişdi. Ağsaqqal nəzərlərini gənclərin sifətlərində gəzdirərək, onlardan soruşdu: - Siz hər ikiniz mərhumun doğmalarısınız, eləmi?

Oğlanlardan biri dilləndi: - Xeyir!..

Qoca dedi: - Bağışlayın, üzünüzü tüklü gördüm, ona görə soruşdum.

Həmən dilavər oğlan dedi: - Əmican, indi dəb belədir!..

Qoca çaydan bir qurtum içib, dedi: - Uşaqlar, bu dəb deyil, farmazonluqdur!.. Gözəl bir el məsəli var: “Üz ürəyin güzgüsüdür!..” Üzünüzü örtən nazik tük  qatı, o güzgünün önünə çəkilmiş qara pərdədən savayı, heç nə deyil. Ta bineyi-qədimdən bəri qara rəng hüzn rəmzidir, qara rəng zülmətin meyarıdır...

Oğlanlardan biri qocanın söhbətini saymazyana şəkildə yarıda kəsib, üzünü dostuna tutaraq soruşdu: - Ay Səttar, haçandır ki, səndən bir səs-soraq yoxdur, niyə görünmürsən?

Səttar cavab verdi: - Qədir, borc-xərc edib,  şəlpəqulaq cins bir tula almışam. Adı da Milanadır. Ancaq biz ona “Mila”- deyə müraciət edirik. Anamın müalicə üçün yığdığı pensiya pulundan götürüb, itimə bahalı bir xalta da alacağam. Mənim Miliçkam, qurban olum ona!.. Bütün günümü onunla keçirirəm.

Səttar söhbətinə bir az ara verib, Qədirdən soruşdu: - Yaxşı, bəs sən nə işlə məşğulsan?

Qədir dedi: - Heç soruşma, ay Səttar, mən də kompüter xəstəliyinə tutulmuşam... Gecə-gündüz onun qarşısındayam. Oyunlar məni gic eləyib; evdə qab-qacaq qalmayıb, hamısını vurub sındırmışam!..

... Molla məclis boyu Qurandan hədislər söyləyirdi, ayətlər danışırdı. Amma Səttarla Qədirin başları söhbətə elə qarışmışdı ki, yanlarında top da atılsaydı, eşitməzdilər.

Səttar ani olaraq fikrə getdi. Yadına nə düşdüsə, Qədirdən soruşdu: - Dostum, bəs yayda mən tulanı hara qoyacağam? Axı mən o vaxtlar anamı Yesentukiyə müalicəyə aparıram...

Qədir sevincək dedi: - Səttar, onun çarəsi məndə!.. Bakıda itlər üçün möhtəşəm bir pansionat tikilib. Orada itlərə kamfort şəraitdə qulluq edirlər. Vaxtlı -vaxtında  onları ətirli sabunlarla, şampunlarla çimizdirirlər. Saçları daranıb, son  dəblə düzümlənir. Pansionatda itlərin zəngin  mətbəxi var, onlara  gündə üç öynə dadlı yeməklər verirlər...

Söhbətin bu yerində Səttar dedi: - Ə, dadlı yeməkdən söz açdın, ağzımın suyu axdı!..

Qədir söhbətini davam etdirdi: - Hə, qardaş, canım sənə desin, pansionatda itlərin dəst-dəst geyimləri var, birini çıxardıb, birini geyindirirlər. Nə başını ağrıdım, hələ onların kraxmallı, ütülü yataq dəstlərini görsən, hayıl-mayıl olarsan! Amma bizim evimizdə paltaryuyan maşınımız xarab olub, pul yoxdur ki, onu düzəltdirək... Qardaş, məni qınama, çox şeyi götür -qoy edəndə, o itlərə paxıllığım tutur!.. Görürsənmi, itcə də olmadıq ey!..

Bu yerdə Səttar onun sözünü kəsdi: - Əlqərəz!.. Çox dərinə getmə... Qədir, məsləhətinə görə, sağ ol! Tulamın işi düzəldi. Yoxsa, mamaşanı yayda müalicəyə apara bilməyəcəkdim...

Bu arada molla elan elədi ki, mərhumun məzarını ziyarət etmək vaxtı çatıb. Hamı iki-bir, üç-bir qalxıb həyətə çıxdı. Onlar maşina əyləşib, qəbiristanlığa yollandılar. Mərhumun qəbri üstə molla “Yasin” surəsini oxudu. Ziyarət başa çatdıqdan sonra, adamlar maşınlara əyləşib, geri döndülər. Molla camaatı mağara dəvət elədi. Qoca kişi keçib öz yerində əyləşdi. Səttarla  Qədirin isə başları söbətə qarışdığından, adamların nə vaxt qəbr üstünə gedib-gəlmələrindən  heç  xəbərləri də olmamışdı. Çənələri elə qızışmışdı ki, yenə nə haqdasa ağızları köpüklənə-köpüklənə danışırdılar. Birdən Səttar sanki yuxudan ayılan adam kimi qocadan soruşdu: - Ağsaqqal, sən bilmirsən, qəbir üstə nə vaxt gedəcəklər?

Qoca hövsələdən çıxdı: - A bala, qanacağın, mərifətin olsun!.. Əvvəla, “sən” yox, “siz”! İkinci də qəbr üstə çoxdan gedib, gəlmişik. Molla elan edəndə, siz fil qulağında yatmışdınız? Siz gələndən, hüzr məclisinə dəxli olmayan, həlləm -qəlləm söhbətlər edirsiniz. Dərd-səriniz bura qalıb?! Hüzr məclisi  mırt vurmaq yeri deyil!.. Gərək siz də camaata qoşulub, gedib mərhumun məzarını ziyarət edəydiniz. Diriyə hörmət etmirsiniz, heç olmasa, ölüyə hörmət edin...

Dostlar suçlu olduqlarından, başlarını aşağı dikərək, qocanın qarşısında kirpi kimi büzüşüb oturmuşdular. Bu əsnada süfrəyə ehsan aşı gəldi. Bu gənclərin bayaqdan bəri  büzüşmüş vücudları yay kimi açılmağa başladı. Əlləri qeyri -adi cəldliklə süfrəyə doğru uzandı. Onlar buludlarda buğlana-buğlana gələn plovdan boşqablarına silələmə çəkib, üstünə də aş qarasından bol-bol  yığıb, iştahla həzm-rabedən keçirdilər. Hərəsi iki boşqab “Xan düyüsü”nün aşından yeyib, üstündən də ağzıbağlı kağız stəkanlardakı  dovğaların ikisini- üçünü içəndən sonra, vazalardakı meyvələrə cumdular. Boş tuluqlarını bəsdi deyincə, doldurdular. Hələ ortalıqdan ehsan süfrəsi yığışılmamış, molla da “Fatihə” surəsini oxumamış, o iki cavan ayağa qalxıb gedərkən, qoca onların arxasınca kinayəli tərzdə deyindi: - Qarınqulular!..

Qocanın sonuncu sözü deyəsən, bu dəfə onları iti tolamazda tutan kimi tutdu!..   

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN