HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.
Tezadlar.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Bundan əlavə, Ayxan Hacızadə bildirib ki, HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb:
"Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər", deyə o bildirib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli şəxs yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.
Rəsmi məlumatlara görə, HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 7-yə çatıb.
HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail oktyabrın 11-də cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.
Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS hücumunun başlamasından bir neçə saat sonra ilk zərbələrini həyata keçirməsindən bəri, çərşənbə günü Qəzzada ölənlərin sayının 1055 nəfərə yüksəldiyini, 5000-dən çox insanın yaralandığını bildirib.