ABŞ və İsrail rəsmiləri Qəzza zolağının HƏMAS-ın olmadığı bir gələcəyi nəzərdə tuturlar və artıq regionda gələcək siyasi nizamı, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) və ərəb hökumətlərinin dəstəyi ilə müvəqqəti hökumətin formalaşdırılması imkanını müzakirə etməyə başlayıblar.
Bu barədə oktyabrın 21-də ABŞ hökumətindəki məlumatlı mənbələr Bloomberg-ə bildiriblər.
Onların fikrincə, bu məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir və regionda sonrakı proseslərdən asılıdır. Bunların əsasını İDF-nin hücumunun uğuru təşkil etməlidir. Bundan əlavə, bu təşəbbüs bölgədəki ərəb ölkələrinin dəstəyini tələb edəcək, bu isə birmənalı deyil, - onlar qeyd ediblər.
Agentlik qeyd edir ki, İsrail rəhbərliyinin rəsmiləri dəfələrlə Qəzzanı işğal etmək niyyətində olmadıqlarını, lakin 7 oktyabr hücumundan sonra anklavda HƏMAS hakimiyyətinin davam etdirilməsinə dözməyəcəklərini bildiriblər.
Onların sözlərinə görə, hər iki məqsədə nail olacağına inamın olmaması Vaşinqtonun İsrailin quru əməliyyatından sonra növbəti addımları kifayət qədər düşünmədiyinə dair narahatlığını artırıb. Bundan əlavə, Birləşmiş Ştatlar HƏMAS-ın devrilməsindən başqa heç bir məqsədlə Qəzza zolağına müdaxilənin Yaxın Şərq münaqişəsinin genişlənməsinə səbəb ola biləcəyindən narahatdır.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələr keçiriləcək. O əlavə edib ki, yaxın günlərdə Yaxın Şərqlə bağlı daha bir tədbirin keçirilməsi planlaşdırılır: söhbət BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyasından gedir.
E.ŞİRİNOV